Bakıda “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisi açılıb

Aprelin 22-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgi aprelin 25–27-də Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə çoxsaylı xarici qonaqların, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, dünya səviyyəsində tanınmış şəxsiyyətlərin gəlişi münasibətilə, təsviri incəsənətimizin təbliği, görkəmli rəssamlarımızın yaratdıqları nadir sənət incilərinin nümayişi məqsədilə təşkil edilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki,  BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi beynəlxalq birliyin Azərbaycana etimadının və ölkəmizdəki multikultural mühitə verdiyi dəyərin göstəricisidir.

Ə.Qarayev deyib ki, Qlobal Forum mədəniyyətlərarası dialoq və anlaşmanın yeni yollarını tədqiq etmək, yeni tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini təşviq etmək istiqamətində mühüm beynəlxalq hadisə olacaq. Tədbir çərçivəsində faydalı əlaqələrin qurulması məqsədilə keçirilən toplantılar forumun məqsədlərini genişləndirmək üçün mövcud və gələcək tərəfdaşlar arasında əməkdaşlıq imkanlarının tədqiqi baxımından da əlavə imkan yaradacaq.

Sərginin əhəmiyyətindən danışan nazir vurğulayıb ki, burada 80 rəssam və heykəltəraşın 150-dək əsəri nümayiş olunur. Sərgi forumun mədəni proqramını açıq elan edir və  bu proqrama aprelin 27-də Heydər Əliyev Sarayında təşkil olunacaq müxtəlif sivilizasiyalara həsr olunmuş konsert proqramı ilə yekun vurulacaq.

Nazir tədbirdə iştirak edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasiri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Nasir Əbdüləziz Əl-Nasir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə mədəniyyətlərarası və dinlərarası dialoqa  ayırdığı diqqətə və töhfələrə görə xüsusi minnətdarlığını bildirib.

O deyib: “Biz alyansda daha irəli addımlar atacağımıza əminik. Bu alyans böyük anlaşma və əlaqə yaratmaq üçün əhəmiyyətli platformadır. Bu, həmçinin sülh və təhlükəsizliyin təbliği üçün yeni perspektivlər vəd edir.  Mədəni müxtəliflik incəsənətin ifadəsi ilə daha geniş yayılır. Bu sərgi çox gözəl nümunədir. BMT dialoqun sülh üçün gözəl vasitə olduğunu göstərmək üçün yaradılıb. Müxtəlifliyi təbliğ etmək, fikir azadlığı, bir-birini yaxından tanıma, tolerantlıq, qarşılıqlı anlaşma, digərinə hörmət bizim BMT-də işimizin əsasını təşkil edir. Muzey Mərkəzinin incəsənət adamlarının fikirlərinin təzahürünü göstərmək üçün beynəlxalq məkana çevrilməsini görmək məni çox sevindirir. İncəsənət sülhün və anlaşmanın çiçəklənməsi üçün vasitədir. Bu sərgi böyük nailiyyətdir”.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi deyib ki, təhsil, gənclər, media və miqrasiya alyansın əsas sütunlarıdır. “Biz təhsil vasitəsilə bir sıra proqramları inkişaf etdirməyə ehtiyac duyuruq. Bunlar hörməti və dini müxtəlifliyi daha da ruhlandırır. Bu, eləcə də ədalətsizlik, ksenofobiya və bir sıra başqa təhdidləri ciddi müzakirə etməklə həlli yollarının araşdırılmasına vasitədir. Onu da qeyd edim ki, mədəniyyət, incəsənət, əyləncə, musiqi, və idman qoruyucu diplomatik vasitələrdir”, - deyə Nasir Əbdüləziz Əl-Nasir vurğulayıb.

Ali nümayəndə sərginin təşkilatçılarına təşəkkür edərək deyib ki, bu gün nümayiş olunacaq gözəl sənət nümunələri Azərbaycan milli incəsənətinin təbliğinə yeni töhfələr verəcəkdir.

Tədbirdə Xalq rəssamları Fərhad Xəlilov və Ömər Eldarov çıxış edərək forum çərçivəsində təşkil olunan Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin böyük əhəmiyyət daşıdığını söyləyiblər.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Aprelin 28-dək davam edəcək sərgidə nümayiş olunan plakat, qrafika, rəngkarlıq, kalliqrafiya, heykəltəraşlıq və video-art sahəsi üzrə olmaqla incəsənətimizin Qobustan qayaüstü təsvirləri, orta əsr miniatürləri, memarlıq və xəttatlıq kimi qədimliyinə əsaslanan, XX əsr rəssamlarının və müasir rəssamların davam və inkişaf etdirdikləri ənənələr üzərində formalaşaraq ərsəyə gətirilmiş nadir sənət inciləri, yüksək bədii dəyərə malik olan əsərlər böyük maraq doğurub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında