Görkəmli bəstəkar, Xalq artisti, professor Nəriman Məmmədov həyatı və fəaliyyəti dövründə yaratdığı bənzərsiz, dolğun və orijinal əsərləri ilə xalqımızın zəngin musiqi xəzinəsində özünəməxsus yer tutmuşdur. Uşaq yaşlarından musiqiyə bağlanaraq o, ən yaxşı müəllim və musiqiçilərdən dərs almışdır.
Naxçıvanda uşaq musiqi məktəbinin tar şöbəsini bitirərək, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsilini davam etdirmişdir. Əhməd Bakıxanov, Zülfü Adıgözəlov, Seyid Şuşinski, Adil Gəray kimi müəllimlərin şagirdi olmuşdur. Musiqiyə sonsuz maraqla Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və musiqişünaslıq fakültələrini bitirmişdir. O vaxt Üzeyir Hacıbəyovun təklifi ilə konservatoriyaya Moskvadan gəlmiş Nikolay Çumakovun nəzəriyyə, eləcə də professor Georgi Şaroyevin pianino ixtisası üzrə siniflərini, ikinci dəfə isə Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirmişdir.
Nəriman Məmmədov ilk yaradıcılığa 7 əsas muğamımızın instrumental halda nota köçürülməsi ilə başlamışdır. Bu iş başa çatdıqdan sonra həmin notlar həm Bakıda, həm də Moskvada nəşr edilmişdir. Bu əsərlərə görkəmli bəstəkar Qara Qarayev çox gözəl rəy vermiş və çap olunmuşdu.
AMEA-nın İncəsənət və Memarlıq İnstitutunun hazırladığı 10 cildlik “Muğam antalogoiyası”nda Nəriman Məmmədovun nota köçürdüyü “Rast”, “Şur”, “Çahargah”, “Bayatı-Şiraz”, “Humayun”, “Segah-Zabul”, “Rahab”, “Şahnaz” muğamları da nəşr edilmişdir. Hazırda bu not nəşrləri tədqiqatlarda, bəstəkar praktikasında, musiqi təhsilində tətbiq olunur.
Nəriman Məmmədov həyatının əlli ildən artıq bir dövrünü Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının professoru olaraq, pedoqoji fəaliyyətə, gənc bəstəkar və musiqişünas kadrların yetişməsinə sərf etmişdir. O, zəngin yaradıcılığı ilə xalqımızın musiqi xəzinəsinə dəyərli töhfələrini vermiş, bir çox musiqi janrlarında əsərlər yazıb-yaratmış və bəstəkarlıq sənətinin ən yaxşı keyfiyyətləri bu əsərlərdə yüksək bədii səviyyədə həllini tapmışdır. Onun bəstəkarlıq irsini 2 müzikl, 2 balet, 3 musiqili komediya, 7 simfoniya, 7 instrumental konsert, 3 oratoriya, 3 kantata, simfonik poema və kamera əsərləri, xalq çalğı alətləri orkestri üçün pyeslər, vokal-simfonik, xor, orqan üçün əsərlər, yüzlərlə mahnı və romans, nota köçürdüyü Azərbaycan muğamları, 25-dən artıq dram tamaşasına musiqi və digər musiqi əsərləri zənginləşdirmişdir.
Nəriman Məmmədov yaradıcılıq üslubu, yaratdığı əsərləri ilə musiqisevərlərin qəlbini oxşamışdır. Onun əsərləri Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Televiziya və Radiosunun orkestrləri, bir çox ansambllar tərəfindən səsləndirilmiş, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuşdur. Mahnıları sənət korifeyləri, görkəmli sənətkarlar Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova və onlarca başqalarının ifasında oxunmuşdur.
Nəriman Məmmədov həmkarı və dostu, bəstəkar Tofiq Bakıxanov ilə birgə musiqili komediya əsərləri yazmışlar.Tofiq müəllim Nəriman Məmmədov ilə bağlı xatirələrini söyləyərək dedi:
– Nəriman Məmmədovla 60 ilə yaxın dost olmuşuq. O, Naxçıvandan gəlib Bakı Musiqi Texnikumuna daxil olandan atam Əhməd Bakıxanovun sinfində təhsil alırdı. O vaxtlar Nəriman da çox vaxt bizim evə gəlir, atam ona muğam dərsi keçirdi. İstedadlı tələbə olaraq həm atamla oğul– ata, mənimlə qardaş kimi doğmalaşdı. Bacarığını və qabiliyyətini nəzərə alaraq, atam Nərimanı texnikumu bitirəndən sonra öz ansamblına tarzən götürdü. Çox keçmədi, məhşur müğənni Zülfü Adıgözəlovun konsertmeysteri oldu. Atamın tələbəsi olanda Nəriman Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutuna elmi işçi qəbul edildi. Biz texnikumu və konservatoriyanı bəstəkarlıq üzrə Nərimanla bərabər oxuyub bitirdik. Sonra da birgə yaradıcılıqla “Qız görüşə tələsir”, “Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir” musiqili komediyalarını yazıb tamaşaya qoyduq. Bu tamaşalar çox uğurla keçdi.
Bəstəkarın uzun illər yaşadığı və əsərlərini yaratdığı ünvana — Əhmədbəy Zivərbəyov küçəsi, 17 nömrəli evə kimlər gəlib -getməyib. Məşhur müğənnilər, şairlər, müsiqişünaslar, jurnalistlər, tələbələr... Nəriman müəllim bu otaqda piano arxasında saatlarla oturub əsərlərini yazırdı, mahnılarını müğənnilərə öyrədirdi, tələbələrinə dərs keçirdi, öz əsərləri ilə yanaşı, klassik əsərlərin lent yazılarına, yaxud disklərinə də qulaq asırdı. Bütün günü işləyirdi, yazıb-yaradırdı...
Nəriman müəllim iri həcmli musiqili komediya, balet, simfoniya, oratoriya, kantata, süita və digər janrlarda olan əsərlərini, xüsusilə “Humay” baletindən sonra Hüseyn Cavidin eyni adlı əsəri əsasında “Şeyx Sənan” baletini yazmışdı. Uzun illər arzusunda idi ki, bu əsər tamaşaya qoyulsun.
Bu günlərdə yenə də həmin ünvana, Nəriman müəllimin vəfatından sonra işıq üzü görmüş disklərini almağa getmişdim. Həyat yoldaşı Sevda xanım onun əsərləri və mahnıları yazılmış bir neçə diski mənim üçün ayırmışdı. Nəriman müəllimin iş otağında hər şey yerli-yerində qalmışdı. Təkcə özünün yoxluğu, divardan asılmış foto şəkili, bir də pianonun sükutu otağı səssizliyə qərq eləmişdi. Qızı Aysel atasının bəstəkarlıq irsini davam edirmək arzusu ilə yaşayır, hərdən də piano arxasına keçərək, onun musiqi dünyasına qapılaraq əsərlərini səsləndirir.
Görkəmli bəstəkar, muğam tədqiqatçısı və pedaqoq Nəriman Məmmədovun vəfatından bir il ötdü. Biz – yaxınları, sənət xadimləri, dostları, tələbələri birlikdə bəstəkarın unudulmaz, əziz xatirəsini Fəxri xiyabandakı məzarı başında yad etdik.
Afət SADIQOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.