Yaşam formulu

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

“...Ömrüm boyu düşünmüşəm ki, insanın sərvəti cibində deyil, əməllərində olmalıdır. Tanrının rizası ilə sadə bir ömür karvanının yolçusuyam.

Heç vaxt başqasının yerini tutmağa çalışmadım. Çünki dünyamız hamıya çatacaq qədər böyükdür...”

 


 

Mir Yaqub Seyidov 1946-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kəndində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Əmək fəaliyyətinə AMEA-nın Aşqarlar Kimyası İnstitutunda laborant kimi başlayan M.  Seyidov sonralar burada kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb.

O, 1981-ci ildə kimya elmləri namizədi alimlik dərəcəsi alıb. 1990-1993-cü illərdə Y.H.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat bölməsinin rəisi, kimya kafedrasının dosenti vəzifələrində çalışıb. 50-dən çox elmi məqalənin, 6 ixtiranın həmmüəllifidir.

1993-cü ildən, Azərbaycanda patent sisteminin yarandığı vaxtdan bu sahədə əmək fəaliyyətini davam etdirir. Hazırda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktorudur. O, Azərbaycanın patent sistemini Ümumdünya Əqli Mülkiyyət Təşkilatında (WİPO), Avrasiya Patent Təşkilatında (EAPO) və onların müxtəlif beynəlxalq tədbirlərində Azərbaycanın səlahiyyətli nümayəndəsi kimi təmsil edib, ikitərəfli əlaqələrin yaradılmasında, hökumətlərarası sazişlərin hazırlanmasında xüsusi fəallıq göstərib.  Onun təşkilatçılığı ilə patent sisteminin problem məsələləri ilə bağlı ölkəmizdə bir sıra beynəlxalq simpozium, konfrans və seminarlar təşkil ediib.  M.Seyidov patent sistemi ilə əlaqədar olaraq göstərdiyi xidmətlərə görə Avrasiya Patent Təşkilatının qızıl medalına layiq görülüb. Müxtəlif dövrlərdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Avropa Patent İdarəsi Akademiyasının bir sıra sertifikatlarını alan M. Seyidov hazırda Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvüdür.

Kiminsə haqqında danışanda bəzən deyirlər: “Filankəs işdə belədir, həyatda, məişətdə başqa cür...” Mən onu iki ildir tanıyıram. Birlikdə xeyirdə-şərdə də olmuşuq, müxtəlif səviyyəli tədbirlərdə də. Lakin hələ bu vaxtacan mən Mir Yaqub müəllimin ikinci surətini görə bilməmişəm – işdə necədirsə, evdə də elədir, xeyirdə-şərdə də: sadə, səmimi, təvazökar. Açıq danışmağı xoşladığımdan Mir Yaqub müəllimin adi gözlə sezilə bilməyəcək dərəcədə nəzərəçarpan bəzi portret cizgilərinə işıq salmaq istərdim. Qoy, elə bəri başdan özümü də sığortalayım... Böyük Mövlanənin belə bir sözü var: “Yaxşı dostu olanın güzgüyə ehtiyacı olmaz”. Dünya pis insanların şiddətindən deyil, yaxşı insanların etinasızlığından, səssizliyindən əzablar çəkir. Bu mənada onu öz ətrafındakılara sevdirən xüsusiyyətlərindən biri də səmimiyyəti, qayğıkeşliyidir. Lakin o, səmimi olduğu qədər də tələbkardır. Onun düşüncəsinə görə, əsas əmr vermək yox, verilən əmrin icrasını görməkdir. İş prosesində çalışır ki, ən kiçik vəzifəli əməkdaşın da fikirlərini dinləsin və ona tam həssaslıqla yanaşsın (ən azı, müsahibi belə hesab etsin). Dünyagörmüş insanların düşüncəsinə görə, müdrik insan onunla eyni fikirdə olmadıqlarını söyləyənlərdən qorxmamalıdır. Əksinə, səninlə eyni fikirdə olmadıqlarını deməyə cəsarət etməyənlərdən qorxmaq lazımdır.

Belə bir deyim var:

“Əvəzedilməz insan yoxdur.” Bu, yəqin ki, müəyyən bir fəaliyyətlə, vəzifə ilə bağlıdır. Lakin həyatda əvəzsiz insanların varlığı şəksizdir. Onların tutduqları yer birnəfərlikdir. İkinci bir şəxs ora yerləşməz. Bu insanların mənəvi yaşı xalqın, millətin fiziki yaşı qədərdir. Elə insanlar var ki, sağlıqlarında qəbirstanlıqda yer tuturlar, özlərinə mərmərdən heykəl qoydururlar. Lakin elə insanlar da var ki, (onlar çox deyil) onlar xalqın qəlbində, onun şanlı və canlı tarixində hələ sağkən özlərinə yer tuturlar. Çünki belə insanlar öz yerlərindədirlər və heç kəsin yerini tutmayıblar. Onlar sakit, hay-küysüz ömür yaşayır və... heç bir iddiada bulunmurlar – memarlıqda Əliş Ləmbəranski kimi, neftqazçıxarmada Xoşbəxt Yusifzadə kimi və patent sistemində Mir Yaqub Seyidov kimi!   

Dünyada tarixi qədim olsa da Azərbaycanda nisbətən cavan sahələrdən sayılan patent sistemi və onun hüquqi bazasının yaradılması, dünya patent sisteminə inteqrasiyası və inkişafı məhz M. Seyidovun adı ilə bağlıdır.

Həyatda ən qiymətli mülkiyyət əqli mülkiyyətdir. Bütün dahilər kasıb olub. Onlar heç vaxt maddi mülkiyyət arxasınca qaçmayıblar. Qazandıqları əqli mülkiyyət və tarixdəki layiqli yerləri olub. Bəzi insanlar varlı olmaq üçün hər yola gedərlər, hətta saxta pul düzəltməyə belə, lakin dərk etməzlər ki, saxta pullar özləri də onlardan saxta insan düzəltməyə qadirdir. Ağılın gücü ilə qazandığın hər nə varsa, o sənin və bəşəriyyətindir, nəfsin gücü ilə topladığın maddi sərvətlər isə nə sənindir, nə də bəşəriyyətin.

36 milyon 792 min dəqiqəni şərəfli bir ömürə çevirmiş Mir Yaqub müəllim hər dəqiqənin qədrini bilən insandır. Onun məntiqində boş zaman yoxdur, boşa keçən zaman var: “Əgər həyata yenidən başlasaydım, nəinki dəqiqələrin, hətta saniyələrin nəbzini tutardım” - deyir.

Müxtəlif yaş səviyyəsində olan insanlara rəhbərlik etməsinə baxmayaraq, istər təklikdə olsun, istər tədbirlərdə, istər cavan olsun, istər yaşlı—dəyişməz bir tövsiyəsi var: “Daim oxuyun, mütaliə edin, öyrənin, araşdırın, qulaqlarınıza yox, gözlərinizə inanın. Şəxsən mənim bilmədiklərim bildiklərimdən daha çoxdur. İmam Əbu Hənifə demiş, bilmədiklərimi ayağımın altına qoysaydılar, başım göyün yeddinci qatına dəyərdi. Ağıllı adam hər şeyi bilən yox, hər şeyin yerini biləndir.”

Aqillər üçün yaş həddi nisbidir, insan ömrü mərhələlərə bölünməz. 70 yaşında da öz işindən, fəaliyyətindən usanmayan, şövqlə, həvəslə çalışan, əməllərindən zövq alan Mir Yaqub müəllim yaşamağın mənasını, filosof şairimiz Bəxtiyar Vahabzadə demiş, el üçün, elm üçün yanmaqda görür, həyatın şirinliyini ətrafındakılar üçün qətrə-qətrə əriməkdə görür. “Heç vaxt böyük adam olmağa çalışmamışam. Sadəcə, adam olmaq istəmişəm... Allah dedi: İncitdiyin adamın göz yaşlarından qorx, çünki o, kömək üçün mənə müraciət edəcək, mən isə ona kömək edəcəyəm. Bax, bu həqiqət həmişə mənim yaşam formulumun mayasında dayanıb!”

 Mir Yaqub Seyidovla çay süfrəsi arxasındakı söhbətimizi elə bu məqamda yekunlaşdırmaq istəyirəm. Onsuz da o, çoxdanışan adam deyil, bu fikirləri ondan aldımsa, böyük işdir... 

Şərif KƏRİMLİ,
yazıçı-jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında