Özü getdi, sözü- əməli qaldı Həmkarımızın xatirəsi

Amansız ölüm çağdaş jurnalistikamızın daha bir tanınmış nümayəndəsini sıralarımızdan apardı. “Xalq qəzeti”nin keçmiş əməkdaşı Ələsğər Müzəffər oğlu Cabbarov ömrünün 83- cü ilində üzün sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Ələsgər Cabbarov qəzetimizə zəngin istehsalat təcrübəsi və ciddi jurnalistika məktəbi keçəndən sonra gəlmişdi. Ötən əsrin 50-ci illərində Sovet İttifaqının dünyada tanınan ali məktəblərindən sayılan Sənaye  İnstitutunu neft mühəndis ixtisası ilə bitirsə də jurnalistikaya dərin maraq, respublika qəzet- jurnalları və radiosu ilə sıx əməkdaşlıq tezliklə onu yaradıcılıq sferasına gətirmişdi.

Elmlər Akademiyasının populyar nəşri kimi 1961-ci ildə   yaradılan “Elm və həyat” jurnalının redaksiyası formalaşdırılarkən elmi- texniki biliyi mətbu yaradıcılıq təcrübəsi ilə qovuşdurmuş azsaylı ziyalılar çevrəsindən Ələsgər Cabbarov da seçilib işə qəbul olunmuşdu. Bu məxsusi yaradıcılıq sahəsində şöbə müdiri kimi özünü doğruldan Ələsgər  Cabbarov bir neçə il sonra Xalq şairi Rəsul Rzanın rəhbərliyi ilə Azərbaycanda milli ensiklopediya redaksiyası təşkil olunanda böyük etimadla burada texnika redaksiysının müdiri təyin olunmuşdu.

Ələsgər Cabbarov “Xalq qəzeti”nə redaksiyamız üçün ağır bir dövrdə – 1992-ci ilin təlatümlü günlərində gəlmişdi. O vaxt qəzetin üzləşdiyi çətin mənəvi və maliyyə böhranı zamanı bir sıra əməkdaşlar redaksiyanı tərk edəndə təcrübəli həmkarımız 70 il fəaliyyət göstərmiş baş anadilli qəzetimizin öz fəaliyyətini dayandırmaması üçün redaksiyaya gəldi və öz köməyini təklif etdi. Gərəkli fəaliyyəti ilə kollektivə yardımçı olan təcrübəli jurnalist tezliklə işə qəbul olundu, sonrakı illərdə bilik və bacarığını əsirgəmədən çalışdı.

Ümummilli liderimiz Heydər Əliyevin xoş məramı ilə 1995- ci ilin noyabrında “Xalq qəzeti” yeni mötəbər ststusla fəliyyətə başlayanda Ələsgər Cabbarov əvvəl kommersiya direktoru, sonra isə bölgə müxbiri kimi redaksiyanın yeni yolda uğurla irəliləməsinə samballı kömək göstərdi. Ömrünün ahıllıq çağında Ələsgər müəllim  redaksiyanı tərk etsə də, kollektivlə  son günlərinədək sıx əlaqə saxladı.

Dərin elmi biliyi, geniş dünyagörüşü, xalqına və ölkəsinə sonsuz sevgisi ilə seçilən Ələsgər Cabbarovu həyatın çətinlikləri və özünü təsdiqləmək əzmi vaxtından əvvəl yetkinləşdirmişdi. İnsanlarla münasibətdə həddindən artıq səmimi, mehriban və qayğıkeş idi. O çətinlikdən qorxmur, bir qayda olaraq, ağır vəziyyətdən asan çıxış yolu tapırdı. Xeyirxahlığı, sabitqədəmliyi onun ağsaqqallığına xüsusi sambal gətirirdi. Hər yerdə hörmətlə qəbul olunur, hər işdə öz yerini bilirdi.

Ələsgər Cabbarov milli jurnalistikamızın ən yaxşı ənənələrinə bağlı idi və gəncləri də həmişə qələmi ilə xalqa gərəkli olmağa çağırırdı. Ömrünün son illərində yaşadığı Yasamal rayonunun və respublikanın  Ağsaqqallar şuralarının, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin tədbirlərində yaxından iştirak edir, sözünün sambalı, mövqeyinin mötəbərliyi ilə seçilirdi.

Yetkin qələm sahibi, yurdsevər vətəndaş, mehriban həmkar və dost olan Ələsgər Cabbarovun zəngin, mənalı ömür yolu yeni nəsil yazarlar üçün örnək olmağa layiqdir. Özü getsə də ibrətli fəaliyyəti, xeyirxah işləri, duzlu- məzəli söhbətləri, işıqlı xatirəsi Ələsgər müəllimi həmişə onu tanıyanların qəlbində yaşayacaq.

Allah rəhmət eləsin!

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında