“Qürbət eldə can vermərəm ölümə”

Pekin. Xəstəxana. Noyabr ayı,

Əlli beşinci il... yazdı qələmi.

Min qəlbi oyatdı bir qəlb harayı,

Qəmlərdən ağarmış bir şair qəmi!

 

Şikayət elədin vaxtsız əcəldən,

Hələ bir sinənin min sözü vardı.

Şairim, yüz il də yaşasaydın sən

Ölümün yenə də vaxtsız olardı.

 

Nəriman Həsənzadə,
Xalq şairi, “Vaxtsız əcəl” şeiri.

 

1955-ci ilin oktyabrında Vyetnam Demokratik Respublikasına gedən Səməd Vurğun yolüstü Pekində olarkən məşhur Tyananmen meydanına tamaşa etmiş, meydanın tarixi ilə maraqlanmışdır. Pekin darülfünunda olmuş və hərbi akademiyada zabit heyəti qarşısında çıxış etmişdir. Çin yazıçıları və alimləri – məşhur alim və ədib Qo-Mo-Jo, görkəmli şair Siyao ilə görüşmüş, onlara qonaq olmuşdu. Lakin qəflətən xəstələndiyi üçün yolunu davam etdirə bilməmişdi.

Birdən-birə qızdırması qalxdığına görə Səməd Vurğun Pekindəki “Qırmızı xaç” xəstəxanasında üç həftə müalicə olunduqdan sonra geri qayıtmışdı. İlk sovet nümayəndə heyətinin tərkibində Vyetnama getməkdə onun arzusu inqilab hərəkatının başçısı Xo Şi Min və yeni qurduqları dövlət haqqında oçerk yazmaq idi.

Oktyabrın otuz birində Səməd Vurğun Pekin şəhərindən ailəsinə göndərdiyi məktubda yazırdı:

“Əzizim, gözümün işığı Xavər! Oktyabrın 28-də təyyarə ilə Çinin paytaxtı Pekin şəhərinə gəldik. İqlimin kəskin surətdə dəyişməsi nəticəsində mən bir az ağır nəfəs almağa başladım. Vyetnam isə daha cənubda və çox yağarlıq olduğundan həkimlər ora getməyi mənə məsləhət görmədilər.

Odur ki, mən noyabrın 10-na kimi Çində qalıb, sonra qatarla (8 günlük yol) Moskvaya qayıdacağam. Bu gecə pis yuxu gördüm. Gördüm ki, Aybəniz məni xəstə zənn edib bərk-bərk ağlayır, görünür ki, mənim həsrətimi çəkirsiniz. Onu deyim ki, ömrümdə bu qədər sizi xatırlamamışdım... Ürəyinə başqa şey gəlməsin kefim yaxşıdır. Böyük Çin torpağından zəngin xatirələrlə qayıdacağam, yəqin ki, yenə tərlan təbim aşıb-daşacaqdır. Burdan məktub və teleqram göndərmək çox çətindir.

Mehdixanı, uşaqları öpürəm. Məndən hamıya salam de. Sənin Səməd Vurğunun.

Aybəniz! Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm. Vaqif inciməsin deyə onu da bir saat öpəcəyəm. Qurban olum sizə, ananızı incitməyin, dərslərə fikir verin".

Səməd Vurğunu Pekində müşayiət edən Çin-Sovet Dostluğu Cəmiyyətinin əməkdaşı Ka-Man mərhum jurnalistimiz Rza Quliyevlə söhbətində demişdir:

- Səməd Vurğunun ölümü çinli dostlarına çox ağır təsir etmişdi. Qocaman şairimiz, Səməd Vurğunun dostu Ke-Çjun-Pin həmişə onu xatırlayır, əsərlərini dönə-dönə oxuyur.

- Paytaxtınızın daha hansı görməli yerlərilə Səməd Vurğun tanış oldu? - sualına Ka-Man:

- Sun-Yat-Sen parkı ilə, - deyir.

Sun-Yat-Sen parkı sülh uğrunda mübarizə ilə sıx əlaqədardır. Ağ daşdan düzəldilmiş qübbənin üzərində “Sülhü müdafiə edək!” sözləri qızılı hərflərlə yazılmışdır. Ölkə azad edildikdən sonra burada dostluq gecələri, sülhü müdafiə mitinqləri keçirilmiş, müharibə qızışdırmağa çalışan imperialistlərin qəsdlərinə lənətlər yağdıran Çin xalqının gur səsi aləmə yayılmışdır.

Bol və rəngarəng güllər, çiçək ləkləri, şüşə qablarda saxlanan qızıl balıqlar, fanarlar, bəzək ağacları, milli üslubda düzəldilən çardaqlar parkın gözəlliyini daha da artırır.

Uca sərv ağaclı, gül-çiçək xiyabanlı parkı başdan-ayağa gəzən Səməd Vurğun xrozental güllərinin sərgisinə baxmış, onların ətrini duymuşdur.

Qocaman sərv ağacının yanında dayanan Səməd Vurğun Ka-Mana demişdir:

- Bəlkə bu ağacın yanında mənim şəklimi çəkəsən? Deyəsən mən də onun kimi qocayam.

Ka-Man isə cavabında:

- Biz Sizə də qocaman sərv ağacı qədər ömür arzulayırıq.

Xoşbəxt elimizin susmaz nəğməkarı Səməd Vurğun gülümsünüb, şlyapasını çıxarır və “çox sağ ol”, - deyir.

1955-ci ilin oktyabrında Sun-Yat-Sen sülh parkında qocaman sərv ağacı yanında ağ saçlı şairin poeziyası kimi nəsillərdən-nəsillərə yadigar bir şəkli qaldı. Bir də Pekin xəstəxanasında yazdığı:

Vaxtsız əcəl, məndən uzaq dayan, dur,

Qürbət eldə can vermərəm ölümə!

Qılıncını məndən uzaq dolandır.

Onu bil ki, qələm aldım əlimə, -

Qürbət eldə can vermərəm ölümə!..

- beş misralıq ölümə üsyan edən şeir.

İllər keçəndən sonra şairin Cində görüşdüyü məşhur yazıçı-professor Qe Baosoan Səməd Vurğunu unutmamışdır. O, 1987-ci ildə Bakıda olanda Səməd Vurğunun ev muzeyinə getmiş və rəy kitabına unudulmaz şair haqqında ürək sözlərini yazmışdır:

“Əzizim şair Səməd Vurğun! Pekində 1955-ci ilin noyabrında bizim görüşümüzdən sonra səni mən əbədi olaraq öz ürəyimdə saxladım.

Bu gün mən yenidən görüşmək üçün uzaq Pekindən gəldim, gözəl Bakı şəhərinə, Sənin yanına gəlmişəm. Heyif ki...

                                             Professor-yazıçı Qe Baosan,
21 yanvar 1987-ci il”

Şəmistan NƏZİRLİ,
tədqiqatçı jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında