Səməd Vurğunun eyni mövzuda iki şeiri

Səməd Vurğun – 100

Dillərdə əzbər olan, “Şair, nə tez qocaldın sən?!” şeiri niyə eyni adla, eyni mövzuda ikidir? Oxucu elə fikirləşməsin ki, şair özü-özünü təkrar edib. Yox, elə deyil, hər iki şeirin yaranma tarixi var. Güclü ov həvəskarı olan Səməd Vurğun Azərbaycanın səfalı yerlərini oba-oba, kənd-kənd gəzirdi. Onun məqsədi özü demişkən, çöllər gözəli ceyranı, cüyürü, turacı məhv etmək deyildi. Ağır yaradıcılıqdan sonra təbiətin seyrinə çıxıb təmiz hava almaq ona mənəvi qida verirdi. Ovun ən gözəl ləzzəti bürkülü şəhər havasından sonra təbiətin seyrinə çıxmaq, yorğun bədənə ruhən dinclik verməkdir.

Bütün böyük sənətkarlarda bu həvəs olub. Mehdi Hüseyn, Mikayıl Rzaquluzadə, Lev Tolstoy, İvan Turgenev və başqaları əsrarəngiz təbiətin vurğunu idilər. Bu ov səfərləri dahilərə həm də yaddaqalan əsərlərin yazılması üçün mövzu verib.

1944-cü il noyabrın 10-da Qarayazı meşəsinə ova gedən şair Ağstafa stansiyasında qatardan düşür. Təsadüfən uzaq qohumu Qara Nabat deyilən arvadla rastlaşır. Çoxdan şairi görməyən Nabat arvad həsrətlə onun boynunu qucaqlayıb:

– Qabağında ölüm, a çalbaş, nə tez qocaldın? - deyib kövrəlib ağlayır.

Şair bərk tutulur, bilmir nə desin. Təsirlənən Səməd Vurğun dalbadal papiros çəkə-çəkə kədərlə soruşur:

– Sən nə təhərsən, maşallah, yaxşısan. Elə bil illərin qışının, boranını, yayın istisini görməmisən. Kəndimizdə nə var, nə yox?

Bu görüşün şahidi olan mərhum şair Mikayıl Rzaquluzadə deyirdi ki, Qara Nabatın “nə tez qocaldın, a çalbaş” sözlərindən təsirlənən Səmədin nurlu üzü qaralmışdı. Nabat arvad nə danışırdısa hiss edilirdi ki, Səməd qəm dəryasına qərq olub. Söz onu yaman tutmuşdu. Halallaşıb ayrılanda Səməd yenə fikirli idi. Kədərlə mənə baxıb dedi:

– A Mikayıl, doğrudan, deyəsən, yaman qocalmışam axı. Atalar haqlı deyirlər ki, elin gözü tərəzidi. Sonra isə  tüfənginin qundağını geri eləyib: – Ayə, Qara Nabat yaman dedi ha – deyib duruxdu.

Mən təsəlli versəm də gördüm ki, Səməd heç özündə deyil. sən demə misraları qoşurmuş:

 

Kəndə getdim... Bir ağbirçək

Qucaqladı məni görcək.

O ağladı bir ana tək...

Dedi: – kaş ki, öləydim mən,

Şair, nə tez qocaldın sən?!

 

Birbaşa dostu Mirqasım Əfəndiyevin evinə düşdük. Cavan bir oğlanı çağırıb dedi:

– A Nazim, a bala, mənə bir varaq ver. Elə ordaca - 10 noyabr 1944-cü ildə “Şair, nə tez qocaldın sən?!” şeirini yazdı. Xoşbəxtəm ki, şeirin ilk dinləyicisi mən oldum.

 

Viran könlüm varaq-varaq...

Əsdi xəzan, düşdü yarpaq.

Ana vətən, ana torpaq

Bir ah çəkdi sinəsindən:

– Şair, nə tez qocaldın sən?!

 

1953-cü ilin dekabr ayında Səməd Vurğun dahi şair Nizami Gəncəvinin vəfatının 750 illiyində iştirak etmək üçün Gəncəyə gedir. Onun az vaxt içərisində bu qədər qocalması, saçlarının ağarması keçmiş müəllimə yoldaşı Firuzə xanıma həddindən artıq təsir edir. Onlar 1928-1929-cu illərdə Gəncədəki 7 saylı orta məktəbdə müəllim işləmişdilər. Səməd Vurğun Hacızadələr ailəsinin sevimlisi olmuşdu. Şair Firuzə xanımın şeir-sənət vurğunu olan atası İsfəndiyarın və həyat yoldaşı İdrisin xətrini çox istəyirdi.

Firuzə xanım Hacızadə danışırdı ki, Səməd 1928-ci ildə bizdə olanda sadəlikdən söhbət düşdü. Onda mənə bağışladığı şəklin arxasına yazmışdı: “Məğrurluq! Bu müsbət keyfiyyətdir. Belə bir yüksək keyfiyyət, əziz nemət kobudluğa çevriləndə öz mənasını itirir. Sadə və mənalı yaşamaq insanın zinətidir”.

O vaxtdan gözümdə qara qıvrım saçlı, şux yerişli Səmədi 1953-cü ildə görəndə təəccübdən özümü saxlaya bilməyib bacı ərkilə dedim:

– A şair, nə yaman qocalıbsan?

Səməd Vurğun qəfil verilən sualdan bərk tutulur. Amma heç nə demir. Axşam Cəfər Cabbarlı adına teatrda Nizami Gəncəvinin şərəfinə təntənəli yığıncaq başlayır. Rəyasət heyətində əyləşən Səməd Vurğun qabağındakı şagird dəftərinə nəsə yazırdı. Söz şairə veriləndə Nizami haqqında alovlu bir nitq söyləyir. Sonda isə deyir:

– İndi də saat yarım əvvəl mənə “Şair, nə yaman qocalmısan?” sualını verən Gəncədəki keçmiş müəllimə yoldaşım Firuzə xanıma cavab olaraq bir şeir oxuyacam:

 

Nemətsə də gözəl şeir,

Şair olan qəm də yeyir.

Ömür keçir bu adətlə,

Uğurlu bir səadətlə.

Görən məni nədir deyir:

Saçlarına düşən bu dən?

Şair, nə tez qocaldın sən?

 

*   *   *

 

Saç ağardı, ancaq ürək

Alovludur əvvəlki tək.

Saç ağardı, ancaq nə qəm!

Əlimdədir hələ qələm...

Bilirəm ki, deməyəcək

Bir sevgilim, bir də Vətən:

Şair, nə tez qocaldın sən!

 

Təntənəli yığıncaqdan sonra Səməd Vurğun şagird dəftərinə yazdığı “Şair, nə tez qocaldın sən?!” şeirinin əlyazmasını Firuzə xanım Hacızadəyə hədiyyə verdi.

1974-cü ildə görüşdüyüm Firuzə xanım şairin arxası avtoqraflı şəklini və şeiri Səməd Vurğundan əziz yadigar kimi saxlayırdı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında