“Gəlin gedək Qarabağa”, yaxud ağrılar və ümidlər qərinəsi

Yeni kitablar

Qarabağ müharibəsinin canlı, davamlı və bitkin salnaməsini yaratmış yazıçı-publisist, Əməkdar jurnalist Ziyəddin Sultanovun “Gəlin gedək Qarabağa” cəbhə gündəliyini oxuyandan sonra bu bənzərsiz və gərəkli nəşr barədə düşüncələrimi müəllifin 35 ildən bəri çalışdığı “Xalq qəzeti”nin səhifəsində oxucularla bölüşmək qərarına gəldim.

Əvvəla bildirim ki, kitabı əlimə alan kimi, demək olar ki, hər gün eşitdiyimiz “dava”, “cəng”, “müharibə” sözələrinin tarixi və çağdaş anlamı barədə ani olaraq düşünməli oldum. Bu sözlər qulaqda səslənişi və kağız üstündə gözucu oxunuşu ilə anındaca yer üzünün ali varlığı olan insanı onun öz həmnövünün   kütləvi surətdə və mənasız yerə məhv etdiyi hərb meydanlarını yada salır. Hər dəfə bu acıdan- acı həqiqətlə üz- üzə gəlib  diksinəndə, təbii olaraq,  düşünürsən: bir xəstə, yaxud zədə almış insanın sıradan çıxmış hansısa orqanını salamatı ilə əvəz etmək kimi əsrlər boyu əlçatmaz olan arzuya dünya təbabəti indi- indi eksperimental ölçülərdə çatmaqdadırsa, niyə bu gün də insanları kütləvi surətdə məhv edən münaqişə və müharibələrə birdəfəlik son qoyulmur?  Hələ Dağlıq Qarabağ münaqişəsi başlanmazdan əvvəl respublikamızın baş qəzeti “Kommunist”in bu bölgədə xüsusi müxbiri  (1991- ci ilin avqustundan “Xalq qəzeti”) olan, qanlı müharibənin canlı xronikasını yaradan tanınmış yazıçı- publisist  Ziyəddin Sultanovun bu yaxınlarda işıq üzü görmüş növbəti kitabı olan “Gəlin gedək Qarabağa” cəbhə gündəliyini əlimə alıb ilk səhifəsini açanda, istər- istəməz, fikrimdən yuxarıdakı düşüncələr ötüb- keçdi. Müəllif Qarabağ münaqişəsinin Xankəndində start götürdüyü 13 fevral 1988-ci ildən 1994-cü ilin yayınadək –  düşmənlə təmas xəttində atəşkəsin qüvvəyə minməsi dövrünədək qələmə aldığı cəbhə gündəliyini olduğu kimi çapa hazırlayıb, “Adiloğlu” nəşriyyatında çap etdirib, kitab şəklində oxuculara təqdim edib.

İmperialist güc mərkəzlərinin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” formatında körüklədikləri etnik- separatçı və radikal-dini əsaslı bu davanın başlanmasının bu yaxınlarda üzdəniraq 28- ci ildönümü tamam oldu. Qanlı müharibə yolu ilə həllini tapa bilməyən, dinc yolla həlli isə düyünə salınan bu münaqişənin “saqqalı” uzandıqca onun fitvaverənlərinin də bəd niyyətləri daha aydın görünür. Belə bir vaxtda ötüb- keçənləri təkrar- təkrar nəzərdən keçirmək ehtiyacı yaranır. Dünən baş verən faciə və fəlakətlərə yenidən nəzər salanda, onun icraçılarının arxasında kimlərin və nələrin dayandığı bu gün aşkar görünür.

Cənnət Qarabağda ölkənin baş qəzetinin nüfuzlu təmsilçisi olması, ara- sıra çap olunan hekayə və povestlərinin ədəbi dairələrdə təqdir olunması  ilə münaqişədən əvvəlki illərdə həmkarlarımızın, yaxşı mənada, həsədlə baxdığı Ziyəddin Sultanovun sonrakı taleyi və yaradıcılıq yolu həmin 1988- ci il fevralın 13-də erməni separatçılarının Xankəndində ilk aşkar xəyanətkarlığı bəyan etmələri ilə bir günün içində tamam dəyişdi və qəti müəyyən olundu: düşmən qabağında sonadək vuruşmaq!

Əslində, onun ömür yolunun Dağlıq Qarabağ səmti bir neçə il əvvəldən müəyyən olunmuşdu. Ötən müddətdə Ziyəddin Sultanov ermənilərin açıq çıxışlar üçün məqam axtardıqlarını az-çox təxmin etmişdi. Həm uşaqlıqdan naqisliklərinə bələd olduğuna, həm də bölgə müxbiri olaraq Dağlıq Qarabağın millətçi rəhbərliyinin, gizli pozuculuq işəri aparan erməni ziyalılarının niyyətlərindən kifayət qədər xəbərdar olduğuna görə həmkarımız özünü yaxınlaşmaqda olan döyüşə hər an hazır saxlamışdı.

Hamımıza aydın olduğu kimi, 1982- ci ilin payızında ümummilli lider Heydər Əliyev Kremlə sovet rəhbərliyinə aparılandan sonra respublika rəhbərlərinin Dağlıq Qarabağda vəziyyətə nəzarət edə bilməməsindən, ermənipərəst Mixail Qorbaçovun isə sovet imperiyasının hakimi- mütləqi olmasından sonra muxtar vilayətin birinci şəxsi Boris Gevorkov Bakını saya salmadan birbaşa Moskva ilə əlaqə saxlayır, yerli əhalini hər vasitə ilə aşağılayırdı. Hətta iş o yerə çatmışdı ki, o, respublikanın bir nömrəli partiya- dövlət- hökumət qəzetinin bölgə müxbirini erməni dilini yaxşı bildiyinə, rəsmi məclislərdə, ictimai yerlərdə ermənilərin xəlvəti, üstüörtülü danışıqlarından  xəbərdar olduğuna görə təkidlə vilayətdən uzaqlaşdıranda Azərbaycanın o vaxtkı rəhbərliyi bunu “əhəmiyyətsiz” bir iş kimi qarşılamış, redaksiyanı müdafiə etməmişdi.

O vaxt mən “Azərinform”da çalışdığıma, agentlik “Kommunist” qəzeti  ilə bir binada və sıx əlaqədə fəaliyyət göstərdiyinə görə bu çevrədə baş verənlərdən müəyyən qədər xəbərdar idim. Qəzetin redaktoru Rəşid Mahmudov mövqeyindən geri çəkilməyərək erməni xislətinə, vilayətin həyatına dərindən bələd olan, yerli əhalinin içərisində nüfuzu və dayağı olan gənc Ziyəddin Sultanovu ciddi tapşırıqla Xankəndinə göndərmişdi. Ermənilər dəfələrlə yeni xüsusi müxbirə tələ qurmaq istəsələr də, onun ayıq- sayıq, tədbirli, dəyanətli olmasına üstün gələ bilməmişdilər.

Bax beləcə çoxumuzun gələcək povest- romanlar müəllifi kimi ümid bəslədiyimiz Ziyəddin Sultanov, göründüyü kimi, əvvəlcə baş qəzetimizin Dağlıq Qarabağa xüsusi missiya ilə göndərilən xüsusi müxbiri oldu, sonra qüdrətli sovet imperiyasına çat salan “Dağlıq Qarabağ münaqişəsi” adlı  quduzlaşmış separatçı hərəkatın mərkəzində fəaliyyət göstərən yazara çevrildi, müharibə alovlananda isə əyninə əsgər paltarı geyinmiş, əlinə avtomat almış “cəbhə müxbiri” kimi tanındı.

 Bu yerdə bildirim ki, Qarabağ müharibəsinədək biz “cəbhə müxbiri” deyəndə II Dünya müharibəsinin döyüş meydanlarında olan jurnalistləri nəzərdə tuturduq. O vaxt cəbhə jurnalistləri çox olsa da, “cəbhə müxbiri” ifadəsi deyəndə ilk yada düşən məşhur sovet yazıçı- publisisti, müharibənin ilk günündən SSRİ- nin bir nömrəli qəzeti “Pravda”nın dəyişməz cəbhə müxbiri olan Konstantin Simonov olurdu. Məşhur yazar bu istisnalığı cəbhə yazılarının operativliyi, obyektivliyi, ciddiliyi, tutumu, ən vacibi isə insanlarda qələbəyə böyük ümid yaratması ilə qazanmışdı. Sovet xalqı radionun az yayıldığı, televiziyanın isə olmadığı bir vaxtda tarixin ən nəhəng davasının isti- soyuğunu, mahiyyətini və yönünü Simonov qələminin qüdrəti ilə duyub, anlayıb, qiymətləndirmişdi.

Bunu ona görə xatırladım ki, Ziyəddin Sultanov da Qarabağ müharibəsi başlanandan Azərbaycanın münaqişədən yazan jurnalistləri, cəbhə müxbirləri içərisində belə bir müstəsnalıq qazanıb. Ölkəmizdə Qarabağ mövzusunda yazmayan jurnalist təsəvvürə gətirmək çətindir. Ziyəddin Sultanov isə, necə deyərlər, ömrünü, istedadını və bacarığını 28 ildən bəridir ki, məhz bu mövzuya həsr edib. Yeganə oğulları olduğu ata-anası doğma Mollalar kəndi işğal olunandan sonra köçkünə çevrilsə də, Ağdamın başı üstünü qara buludlar alanda redaksiya rəhbərliyi əməkdaşının təhlükəsizliyi üçün müxbir məntəqəsini arxa şəhərlərə köçürtmək istəsə də Ziyəddin Ağdamı tətk etməyib,  şəhər düşmən əlinə keçənədək öz ailəsi ilə burada yaşayıb.

Ağdam xəyanətkarlıqla düşmənə təslim ediləndən sonra isə “Azərbaycanın Konstantin Simonovu”nun cəbhə müxbiri kimi qərargahı “Xalq qəzeti”nin Bərdə şəhərinə köçürülmüş müxbir məntəqəsidir. Hamımız illərdən bəri şahidik ki, Ziyəddin Sultanov ölkə miqyasında etiraf olunan, dəyərləndirilən cəbhə müxbiri missiyasını fədakarlıqla qəbul edib, bu vaxtadək ləyaqətlə daşıyıb. Qarabağın dağlıq hissəsində, nankor və xain ermənilərin qonşuluğunda dünyaya göz açıb böyüyən  Ziyəddin Sultanov bu missiyadan hər hansı səbəblə kənar çəkilməyi heç vaxt ağlına belə gətirməyib.

Ötən illərdə Azərbaycan oxucuları Dağlıq Qarabağda baş verən hadisələri bir çox hallarda müxtəlif səbəblərdən geçikdirilmiş rəsmi məlumatlardan qabaq, Ziyəddin Sultanovun çalışdığı qəzetə göndərdiyi opertiv, yerli-yataqlı, səfərbəredici yazılarla izləyib. Lakin elə hallar da olub ki, o vaxtkı ixtiyar sahibləri onun həqiqəti olduğu kimi əks etdirən yazısını mətbəədə qəzetin səhifəsindən çıxarıblar. Məsələn, cəbhə müxbirinin 1992- ci il fevralın 26- da səhər alatoranda, göz yaşları içərisində, telefonla redaksiyaya diqtə etdiyi “Xocalı qan ağlayır” yazısının taleyi belə olmuşdu. Ziyəddin şəhərin daşının- daş üstdə qalmadığını, yüzlərlə dinc sakinin məhv edildiyini və əsir götürüldüyünü, misilsiz bir soyqırım baş verdiyini bildirsə də, onun yazsnının yerinə qoyulmuş iki cümləlik məlumatda deyirdi ki, guya, şəhər işğal olunmayıb, cəmi 2 nəfər itki var...

Kitaba “Süngüyə çevrilmiş qələm, yaxud alov saçan sətirlər” adlı ön söz yazmış “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov “Gəlin Qarabağa gedək”  çəbhə gündəliyinin özəlliyini belə açıqlayır: “Müharibələr tarixindən məlumdur: yazıçılar, jurnalistlər, hətta hərbiçilər də gündəlik yazıblar. Ziyəddin Sultanovun bu kitabı da gündəlik formasında yazılıb və ayrı-ayrı vaxtlarda çalışdığı “Kommunist”, sonra isə “Xalq qəzeti”ndə, müxtəlif kitablarda çap olunub. Düzdür, onun bu mövzuda irihəcmli əsərləri, povestləri də var. Ancaq bu gündəliyin bədii və tarixi əhəmiyyəti ondan ibarətdir ki, burada baş verən hadisələr daha canlı, ölümsaçan müharibənin dəhşətləri yüksək peşəkarlıqla qələmə alınmaqla təqdim olunur, müəllif hadisələrin iştirakçısıdır, ardıcıllıq əsas götürülür, oxucuda aydın və konkret təsəvvür yaranır.

Müəllif özü isə “Gündəliyin əvvəlində oxucuya üz tutaraq deyir: “Hər halda, jurnalist taleyimdən razıyam: Dağlıq Qarabağ hadisələri başlanan gündən əvvəl də, müharibənin getdiyi illərdə də, indinin özündə də Qarabağdayam... Ötən illərdə hazırladığım reportajlar, müsahibələr, publisistik yazılar təkcə qəzet səhifələrində qalmayıb. Kitablar da çap etdirmişəm: “Qarabağ gündəliyi”, “Qarabağın qara günləri”, “Xocalı faciəsi”, “Ağdərədən gələn var”, “Burdan bir atlı keçdi”, “Əsirlər... girovlar... itkinlər...”, “Göylərdən gələn gəlin”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr”, “Ürək dözmür ayrılığa” və s.

İndi isə gəlin, bu gündəliyi birlikdə vərəqləyək, əziz oxucular.

Vərəqləyək..."

Kitabı oxuyub başa çatandan sonra düşünürsən ki, Dağlıq Qarabağ  münaqişəsinin ölüm- dirim mübarizəsi gedən ünvanlarından keçərək müharibənin çoxillik canlı, əhatəli mənzərəsini yaratmış cəfakeş jurnalistin od- alov içərisində, mərmi yağışı altında, diz üstündə qələmə aldığı, hətta axşamlar telefonla birbaşa mətbəəyə diqtə etdiyi, yol adamları ilə redaksiyaya çatdırdığı xronikal qeydlər təkcə bir yazarın yaradıcılıq məhsulu deyil, həm də çoxminillik tariximizin ən ağır sınağının canlı mənzərəsini gələcək nəsilə çatdıran mötəbər bir salnamədir.

Cəbhə gündəliyi istedadlı bir yazıçı- publisistin qələmindən çıxdığına, yurdunu düşməndən qorumaq üçün dinc həyatından keçmiş bir yetkin ziyalının mübarizə amalından qaynaqlandığına görə bitkin və maraqlı sənədli- bədii əsər kimi oxunur. Ayrı- ayrı günlərin hadisələrinə verilmiş ifadəli, tutumlu başlıqlar ən oxunaqlı bir əsərin fəsillərini andırır: “Topxana tarixi abidədir”, “Ümid”, “Yolumuz hayanadır”, “Vəhşilik”, “Uzun gecə”, “Çay bərəni aşmamış”, “Komendant geri çəkilir”, “Yeni qurbanlar”, “Qatillərlə üz- üzə”, “Dağlarda faciə”, “Xocalı kömək gözləyir”, “Ağdam od içindədir”, “Şuşa: şücaət? xəyanət? məğlubiyyət?”,"Üzü bəri baxan dağlar", “Namərdlik”, “Qalx ayağa Azərbaycan əsgəri”...

Təkcə bu başlıqlar kitabda verilən yazıların zamanında oynadığı səfərbəredici, ruhlandırıcı məramdan xəbər verir. Bu yazılar həm də günümüz üçün ibrət dərsi mövzuları, sabahımız üçünsə ciddi xəbərdarlıq kimi səslənir. Ziyəddin Sultanovun cəbhə gündəliyində toplanmış yazıları bu gün hərbi mövzuda yazmağa başlayan gənclərimiz üçün əsl gör- götür dərsliyidir. Qarabağ mövzusunda, döyüş əməliyyatları ilə bağlı materiallarda bir çox yazarların yol verdiyi ehtiyatsızlıq və naşılıq hallarının heç birinə Ziyəddin müəllimin yazılarında rast gəlməmişik. Bu həm onun əməkdaşı olduğu qəzetin ölkənin yetkin jurnalistika məktəbi olmasından, həm də özünün yüksək peşəkarlığından və məsuliyyətindən irəli gəlir.

Sonda arzu edirik ki, Qarabağ müharibəsi tezliklə sona yetsin və bədii yaradıcılığını müəyyən mənada cəbhə müxbirliyinə qurban vermiş Ziyəddin Sultanov ötən illərdə topladığı zəngin həyat təcrübəsini və qiymətli yaşantılarını gözəl bədii əsərlərə gətirməyə macal tapsın.

Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında