Sivilizasiyalararası rəqabətdən əməkdaşlığa doğru: multikulturalizmin Azərbaycan – türk modeli

Əcnəbilərdən öz Vətəni barədə müsbət rəy və arzular eşidəndə ürəkdən sevinməyən insan çətin tapılar. Belə xoş sözlər xarici dövlət və mədəniyyət xadimlərinin dilindən səslənəndə, təbii ki, hər birimizin qəlbi dağa dönür. Qürur duyursan ki, cəmi 25 il əvvəl yenidən öz milli istiqlalına qovuşan məmləkətin tərəqqi, intibah yolundadır.

Azərbaycan paytaxtında “Çoxqütblü dünyaya doğru” devizi ilə bu il martın 10-11-də keçirilən IV Qlobal Bakı Forumunda BMT Baş katibinin sabiq müavini Noelen Heyzer də iştirak edirdi. Tədbirlə bağlı təəssürtatlarını bölüşərkən  sinqapurlu siyasətçi xanım dedi ki, “Azərbaycanda hazırda unikal tolerant və multikultural mühitin mövcudluğu olduqca pozitiv haldır və bundan təkcə bölgədə deyil, qlobal müstəvidə faydalanmaq lazımdır”.

Bu il aprel ayının sonlarında isə Bakı daha bir böyük tədbirə – BMT Sivilizasiyalarası Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcək. Artıq qlobal mediada bu mühüm tədbirin çağdaş dönəmdə humanitar hadisəyə çevriləcəyi barədə dəyərli fikirlər səslənir. Sivil dünya inanır ki, Azərbaycan millətlər, dövlətlər və dinlərarası münasibətlərdə bəşəri, humanist dəyərlərin güclənməsinə böyük töhfə verə bilər.

 

Sivilizasiyaların
tarixinə qısa nəzər

 

Sivilizasiyalar necə yaranır və nəyə görə bir-birini əvəz edir? Bu barədə çoxlu araşdırma, ehtimal və fərziyyə var. Bunların arasında mübahisə doğuranlar da var, həqiqətə yaxın olanlar da az deyil.

Bu məsələ ilə bağlı ən populyar mövqelərdən birini məşhur hollandiyalı tarixçi professor, yazıçı Qendruk Van Lun 1919-cu Amerikada nəşr etdirdiyi “Bəşəriyyətin tarixi” kitabında irəli sürüb. Dünyanın bir sıra ölkələrində  dəfələrlə təkrar nəşr olunaraq geniş yayılan bu əsərdə müəllif yazır ki, ilk sivilizasiyalar Aralıq dənizi ətrafındakı qədim ölkələrdə, əvvəlcə Şumer və Mesopotamiyada, Babilistanda, Misirdə yaranıb, sonra Yunanıstanda intişar edib, bunun ardınca qədim Romada meydana çıxıb. Sonra isə “çörək və tamaşa”lardan, qəddar qladiator oyunlarından harınlaşan Roma imperiyası tarixin səhnəsindən silinib. Lakin bəşəriyyət  qaranlıq və zülmətə əbədi qərq ola bilməzdi. Axı, hər növbəti sivilizasiyanın süqutundan sonra yeni, əvvəlkindən daha mütərəqqi  sivilizasiyaya kəskin ehtiyac yaranırdı. 

 Belə də oldu. VII əsrin əvvəllərində İslam dini və mədəniyyəti yenilməz türk ruhu ilə birləşərək, Şərq  sivilizasiyası qismində tarix səhnəsinə çıxdı. Paradoksa baxın, qədim yunan və Roma alim və filosoflarının elmi və bədii əsərləri məhz ərəb dilindən yenidən alman, fransız, ingilis dillərinə tərcümə olunaraq yayılmağa başlandı və orta əsr Avropasının intibahına yol açdı.

Son üç əsrdə Avropa maarifçiliyi qitədə azad fikrin və düşüncənin intişar etməsinə imkan yaratdı, inkişaf və tərəqqi sürətləndi. XX əsrdə baş verən iki dünya savaşından sonra iqtisadi və siyasi birlik kimi layihələndirilən Avropa İttifaqı arzu olunduğu kimi , “ədalət və humanizm məkanı”na çevrilə bilərdi, amma Avropa, Qərb sivilizasiyasında özünütəcrid gücləndi, ksenofobiya baş qaldırdı.

Hendrik Van Lunun sivilizasiyaların məhz Aralıq dənizinin sahilində yaranması və müasir leksikonla desək, rotasiyası ilə bağlı məlum mülahizələrindən artıq bir əsrə yaxın vaxt ötür. Maraqlıdır ki, bu gün bir sıra məşhur sosioloqlar tolerantlıq və multikultural dəyərləri özündə ehtiva edən yeni sivilizasiyanın aparıcı qüvvəsi rolunda məhz Türkiyə və Azərbaycanın çıxış etdiyini deyirlər.  

 

Türk darda qalana
daim həyan olur

 

Bu günlərdə “Amerikanın səsi” radiosunun saytında Türkiyədə suriyalı qaçqınların onlar üçün ayrılan düşərgərlərdən kənarda sərbəst hərəkət etmələri, arzu etdikləri bir işin qulpundan yapışmaqda  çətinlik çəkmədikləri barədə bir məqalə oxudum. Müxbir İstanbuldakı “Kiçik Dəməşq” sakinləri ilə də görüşərək, onların bir neçəsinin hökumətdən və sadə türklərdən çox razı qaldıqları ilə bağlı fikirlərini də qeydə alıb. Hiss olunur ki, türk xalqının dar, çətin gündə bu ölkəyə pənah gətirən qaçqın ailələrinə qardaş qayğısı ilə yanaşması “Amerikanın səsi”nin əməkdaşını heyrətə gətirib.

 Diqqət yetirin: 500 milyonluq “sivil”, “demokratik” Avropa və buradakı 50-yə yaxın ölkə İraq və Suriyadakı dəhşətli zorakılıqlardan buraya can atan 1 milyon qaçqını qəbul etməmək üçün min bir bəhanə uydurduğu bir vaxtda, Türkiyə hökuməti və xalqı bundan üç dəfə çox - 3 milyona yaxın insana qucaq açıb.

 Bu, türk xalqının bəşəri, humanist dəyərlərə sözdə deyil, işdə əməl etdiyinə misal deyilmi? Yeri gəlmişkən, qaçqınların heç də hamısı müsəlman deyil. Onların arasında başqa dinlərə və konfessiyalara mənsub olan ailələr də var.

Avropa İttifaqı indi uzun onillər boyu bu qurumun kandarına belə buraxmaq istəmədiyi  Türkiyənin hesabına ağır “qaçqın yükü”ndən qismən azad olduğuna çox sevinir. Almaniya Kansleri Angela Merkel özündə güc tapıb “Türkiyənin Avropa İttifaqının xilaskarı” olduğunu etiraf etdi. Bəli, dünya türk ruhunun, türk sivilizasiyasının daha humanist, daha mütərəqqi olduğunun fərqindədir. Bu, bir çox hallarda qısqanclıq doğurur, lakin həqiqəti gizlətmək çətindir.

 

Müdriklərin tövsiyəsi

 

 1970-ci illərin sonlarında Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində mənimlə bir qrupda keçmiş İttifaqın bir çox böyük şəhərlərindən, o cümlədən Mahaçqaladan Nəriman Hacımuradov adlı bir tələbə  təhsil alırdı. O, əslən ləzgilərin kompakt yaşadığı Dağıstanın Azərbaycanla həmsərhəd olan Qasımkənd rayonundan idi. 

Qrupumuzda rus, latış, eston, moldav, qazax, tacik, gürcü, eləcə də erməni tələbələr vardı. Qafqazlı tələbələr arasında regionda yaşayan xalqlarının mənşəyi, tarixi, dili, mədəniyyəti və başqa özəllikləri barədə tez-tez fikirlərimizi bölüşərdik. Bir dəfə Qafqazda hansı dilin daha geniş arealda yayıldığı  və bunun səbəbləri haqqında fikir mübadiləsi edirdik.

Yadımdadır ki, Azərbaycan dilini kifayət qədər yaxşı bilən Nəriman bu məsələdə mənə dəstək oldu,  böyük rus şairi Mixail Lermontovun Azərbaycan dilinin bütün Qafqaz üçün fransız dili qədər populyar olduğu fikrini xatırlatdı. Opponentlərim “daşdan keçən” bu faktla hesablaşmalı oldular.  Nərimanın Azərbaycana dərin rəğbətinin xüsusi səbəbi vardı. Yeri gəlmişkən, bu barədə o, hər yerdə ürəkdolusu danışırdı. Deyirdi ki, Böyük Vətən müharibəsi illərində Dağıstana rəhbərlik edən görkəmli dövlət xadimi Əziz Əliyevin böyük qətiyyəti və uzaqgörənliyi ilə Dağıstan xalqlarının deportasiyasının qarşısı alınıb. Yeri gəlmişkən, dağıstanlılar bu gün də Əziz Əliyevin tarixi xidmətlərini  qədirbilənliklə anırlar. Təsadüfi deyil ki, bu müdrik insana Dağıstanda gözəl bir abidə ucaldılıb.

  Hazırda Rusiyanın “RİA Novosti” agenliyinin Mahaçqala şöbəsinin müdiri vəzifəsində çalışan tələbə dostum N.Hacımuradovla bu günlərdə yenidən görüşdüm. Söhbət Bakıda keçiriləcək BMT Sivilazasiyalararası Alyansının VII Qlobal Forumundan düşəndə, o, Dağıstan ictimaiyyətində də bu tədbirə  böyük maraq olduğunu dedi və onu geniş işıqlandırmağa hazırlaşdığını söylədi. 

Onun sözlərinə görə, dost, qonşu Azərbaycanda xalqlar arasında tarixən mövcud olan qarşılıqlı inam və etimad mühiti bütün bölgə üçün gözəl bir örnək, nümunə rolunu oynayır. Dünya şöhrətli siyasətçi Heydər Əliyev, Dağıstanın taleyində xüsusi yeri olan Əziz Əliyev kimi tarixi şəxsiyyətlərin yetişməsində Azərbaycandakı tolernantlıq mühitinin də danılmaz rolu olub. Yeri gəlmişkən, bu gün çoxmilliətli Dağıstanın əksər müdrik insanları   Azərbaycanın bu sahədəki təcrübəsindən bəhrələnməyi tövsiyə edirlər.

 

Azərbaycan təcrübəsini
paylaşmağa hazırdır

 

 Azərbaycan  tarixən burada yaşayan xalqların və etnik qrupların dostluq, qardaşlıq əlaqələrinin bərqərar olduğu unikal bir ölkədir. Bu dostluq və qarşılıqlı inam xalqlarımızı daha güclü və məğrur edir, mədəni intibahımızı sürətləndirir. Bu, böyük tarixi sərvətdir. Azərbaycan dövləti bu böyük tarixi ənənələri qoruyaraq gücləndirmək əzmindədir. 

Azərbaycan tarixən bu ərazidən yaşayan hər kəsin Vətənidir. Miliyyətcə yəhudi olan Albert Aqarunov Bakının Əmircan qəsəbəsində azərbaycanlı dostlarının arasında böyümüşdü. Qarabağın başı üzərini ağır təhlükə alanda Albert bir an düşünmədən könüllü olaraq cəbhəyə getdi. Döyüşçü dostları  deyirlər ki, Albertin təkcə adını eşidəndə ermənilər vahiməyə düşürdülər. O, öz tankı ilə ən ağır döyüşlərdə böyük şücaətlər göstərirdi. Şuşanın süqutu günü qəhrəmancasına həlak olan Albert Bakıdakı Şəhidlər  xiyabanında dəfn olunub. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarının üstü hər zaman tər qərənfillərlə dolu olur.

Eyni vaxtda Qubada və Moskvada dərc olunan “Birlik-Edinstvo” qəzetinin redaktoru Nəcəfqulu Nəcəfov dedi ki,  yəhudilərin kompakt yaşadığı Qubadakı “Qırmızı Qəsəbə”yə tez-tez dünyanın çox yerindən görkəmli elm və mədəniyyət xadimləri, nüfuzlu siyasətçilər  gəlirlər. Onlar Azərbaycanda yəhudi ailələrinə, başqa etnik qruplara olduqca böyük qayğını görərkən bundan riqqətə gəlirlər.

Təkcə yəhudilər deyil, Azərbaycanda yaşayan bütün xalqlar — ruslar, tatarlar, ləzgilər, talışlar və başqa millətlərin nümayəndələri öz adət-ənənələrini qorumaq üçün yaradılan ən geniş imkanlardan bəhrələnə bilirlər. Onlar Azərbaycanı haqlı olaraq özlərinə Vətən sayırlar və onun tərəqqisi üçün bütün bilik və bacarıqlarını əsirgəmirlər. 

Bu gün heç bir kənar millətin nümayəndəsinin yaşamadığı monoetnik Ermənistanda isə milli məsələlərdə olduqca xəstə təxayül formalaşıb. Erməni eqoizmi artıq dünyanın çox yerində ikrah hissi doğurur. Azərbaycan isə, bunun tam əksinə olaraq, hər bir dost xalqın nümayəndəsi, onun mədəniyyəti üçün açıq ölkədir.

 Ölkəmiz bu sahədə əldə etdiyi uğurları paylaşmağa hər zaman hazırdır. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev haqlı olaraq qeyd edir ki, Sivilizasiyalararası Alyansın 7-ci Forumunun məhz Bakıda keçirilməsi ölkəmizin bu multikultural sahədə əldə etdiyi uğurların sivil dünya tərəfindən etiraf olunması deməkdir.

 

Son söz əvəzi

 

 Bu gün internetdə dünyanın çox yerində baş verən zorakılıqlar barədə ürək ağrıdan yazılar çoxdur. Bəzi siyasətçilər soyuq müharibə illərində dünyada sosialist və kapitalist ideologiyaları arasında kəskin rəqabətin indi xristian —müsəlman dini qarşıdurmasına keçdiyini düşünürlər. Bunun nə dərəcədə həqiqət olub- olmadığını demək çətindir. Reallıq budur ki, İraqdan, Suriyadan, Afrikadan və başqa “qaynar nöqtələr”dən zülm və zorakılıqlardan qurtulmağa çalışan miqrantlar hamıdan çox türklərə ürək qızdırırlar.

Böyük türk dünyasının bir parçası olan Azərbaycan da bu gün dünyanın ən tolerant və humanist dövlətlərindən biridir. Burada hər bir xalqa, onun adət-ənənəsinə dərin hörmət və qayğı var. Müstəqil Azərbaycan dövləti müasir dünyaya sivilizasiyalararası rəqabətdən əməkdaşlığa keçməyi təklif edir. Bu gün ölkəmizi region və bütün dünya üçün maraqlı və cəlbedici edən də məhz elə budur.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

 


 

Məqalə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 


 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında