XX əsrin 50-ci illərinədək respublikamızda nüfuzlu albanşünaslıq məktəbi hələ formalaşmadığından antik dövrdə Azərbaycan ərazisində təşəkkül tapmış Albaniya dövlətinin tarixi ilə daha çox Azərbaycandan kənardakı elmi mərkəzlərdə məşğul olublar. Bu səbəbdən də ötən əsrin 30-40-cı illərində SSRİ xalqlarının tarixinə dair Moskvada, yaxud da Moskvanın sifarişi ilə aparılan tədqiqatlar ermənilərin və onların təsiri altına düşən ifrat ermənipərəst dairələrin nəzarətində olub. Təbiidir ki, bu qəbildən olan əsər və tədqiqatlarda Azərbaycan Albaniyası tarixinin bir sıra prinsipial məsələləri bilərəkdən, həm də məqsədli şəkildə təhrif olunaraq saxtalaşdırılmışdır. Girdiman tarixi və Girdiman ərazilərinin lokalizəsi ilə bağlı əvvəlcə SSRİ, daha sonra isə Azərbaycan tarixşünaslığında özünə yer alan və uzun illər ərzində tədqiqatçılar arasında çox ciddi polemikaya səbəb olan yanaşma və ehtimallar da məhz bu zəmində meydana gəlmişdir.
Ötən əsrin 50-ci illərindən başlayaraq Azərbaycan albanşünasları tərəfindən Albaniya tarixi həm arxeoloji, həm də mənbəşünaslıq baxımından intensiv surətdə öyrənilməkdədir. Bununla belə, Albaniyada mövcud olmuş inzibati-siyasi vahidlərdən heç birinin tarixi xüsusi tədqiqat mövzusu olmamışdır. Bu cəhətdən uzun müddət ölkənin iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında çox mühüm yeri olan Girdiman vilayəti tarixinin öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Yazılı mənbələrdən məlum olduğu kimi, Girdiman knyazları və yepiskopları hələ Arşaqidlər dövründə ölkədə böyük nüfuz sahibi olublar. Mehranilərin hakimiyyəti dövründə isə Girdiman knyazları bütövlükdə Albaniyada siyasi hakimiyyəti də ələ alıblar. Girdiman yepiskoplarından bir neçəsi Alban katalikosu kürsüsünə yüksəlib. Bütün bunlar barədə yazılı mənbələrdə ötəri məlumat verilir. Ötən əsrin ortalarından etibarən tədqiq olunan çoxsaylı arxeoloji abidələr, Girdiman hökmdarları tərəfindən tikilən əzəmətli məbəd, qala və istehkamların qalıqları, əsrlər boyu Girdiman tarıxini özündə yaşadan qədim toponimlər, orada məskunlaşan etnosların dili və mədəniyyəti - bütün bunların yazılı mənbələrin məlumatları ilə əlaqələndirilərək kompleks şəkildə öyrənilməsi zəruriyyəti bir daha Girdimanın tarixi və tarixi coğrafiyası probleminin dərindən və hərtərəfli araşdırılmasının tarixşünaslığımız üçün nə qədər aktual olduğuna dəlalət edir.
Bu baxımdan Qafar Cəbiyevin son tədqiqatları, xüsusən də bu yaxınlarda “Elm və Təhsil” nəşriyyatının yüksək poliqrafik səviyyədə nəşr etdiyi “Girdiman. Tarixi və tarixi coğrafiyası” əsəri elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Bu əsəri ilə o, Girdimanın tarixi və tarixi coğnrafiyasının, demək olar ki, bütün aspektlərini dərindən və hərtərəfli araşdırmaqla, oxucuya dolğun və əhatəli məlumat verə bilmişdir. O, təkcə arxeoloji materiallardan deyil, eləcə də antik, ilk orta əsr və orta əsr müəlliflərinin, habelə slavyan-rus və rus-sovet tarixçilərinin əsərlərindən maksimum yararlanmağa çalışmışdır.
Məlum olduğu kimi, uzun illər ərzində erməni və gürcü tarixçilərinin, habelə SSRİ-nin bilavasitə qafqazşünaslığın araşdırılması ilə məşğul olan elmi mərkəzlərində söz sahibi olan ermənipərəst müəlliflərin tədqiqatlarında Azərbaycan Albaniyası tarixinin və onun tərkib hissəsi olan Girdiman tarixinin bir sıra prinsipial məqamlarının saxtalaşdırılması xətti yeridilmişdir. Əfsuslar olsun ki, Azərbaycan albanşünasları da bir sıra hallarda Moskvanın müəyyən etdiyi bu istiqamətdən kənara çıxa bilməmişlər. Hansı ki, Q.C.Cəbiyevin yeni əsərində bütün bunlar ətraflı şəkildə təhlil olunaraq onlara münasibət bildirilib.
Əsərdə irəli sürülən və Azərbaycan tarix elmi üçün tamamilə yeni olan bəzi məqamlar üzərində xüsusi dayanmaq istərdim. Əvvəla, Girdiman vilayətinin lokalizəsi barədə. Məlum olduğu kimi, Azərbaycan Albaniyasının iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında aparıcı mövqe tutan Girdiman vilayətinin lokalizəsi ilə bağlı tədqiqatçılar arasında bu günədək çox ciddi fikir ayrılıqları mövcuddur. Belə ki, əksər tədqiqatçılar Girdiman vilayəti ərazilərini Albaniyanın qərbində lokalizə ediblər. İlk dəfə məhz Qafar Cəbiyev Girdimannın Şirvan ərazisində, daha konkret desək, Ağsuçay, Girdimançay və Göyçay çayları hövzəsində lokalizəsinə dair mülahizəni bir sıra çox ciddi elmi dəlillər əsasında sübuta yetirməyə çalışmış və buna müvəffəq olmuşdur. Kornyunun, M.Kalankatlının, habelə orta əsr ərəb coğrafiyaşünas və səyyahlarının Albaniyaya dair qeydlərində Girdimanın məhz Şirvan ərazisində lokalizəsini təsdiqləyə biləcək bir sıra prinsipial əhəmiyyətli məqamlar üzərində dayannan müəllif, öz mülahizəsini, həmçinin Albaniyanın qərbində, daha doğrusu, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonları ərazisində Girdimanla bağlı heç bir arxeoloji və memarlıq abidəsinin, habelə qədim toponimlərin olmaması, Şirvan ərazisində isə bu cür abidə və toponimlərin mövcudluğu ilə də əsaslandırmağa çalışıb. Qafqaz ərazisində Girdiman adı ilə məlum olan yeganə çayın, Girdiman hökmdarları Xursun və Cəsur Vardanın adını daşıyan qədim yaşayış yerlərinin, Cavanşirin adını daşıyan yaşayış yeri və VII əsrə aid möhtəşəm qalanın məhz Şirvan ərazisində olması da müəllifin fikrincə, Girdiman vilayətinin lokalizəsi ilə bağlı son və qəti fikir söyləmək üçün kifayət qədər ciddi arqumentlər hesab edilməlidir.
Əsərdə Girdiman vilayətinin təbii-coğrafi şəraiti və orada əhalinin məskunlaşma dinamikasından bəhs olunur, ərazinin əlverişli təbii-iqlim şəraitinə, flora və faunasına, əkin yerləri, örüş sahələri və su ehtiyatlarının zənginliyinə, müxtəlif istiqamətdə olan karvan yollarının bilavasitə oradan keçməsinə və nəhayət, arxeoloji tədqiqatlar nəticəsində aşkar edilən çox zəngin maddi-mədəniyyət qalıqlarına istinadən Girdiman ərazilərinin minilliklər boyu intensiv məskunlaşma rayonu olduğu bildirir. Müəllifin qənaətinə görə erkən orta əsrlər dövründə bir sıra daxili və xüsusən də xarici amillərin təsiri altınnda Girdiman vilayətinin əhalisi Alazan-Həftəran vadisi ilə Qaraməryəm tirənsi arasındakı ənənəvi yaşayış yerlərini tədricən tərk edərək Böyük Qafqazın Cənub yamacındakı dağlara və dağətəyi ərazilərə çəkilib. Beləliklə də, V əsrin sonu - VI əsrin əvvəllərindən başlayaraq həmin ərazidə çoxsaylı müdafiə tikililəri və yaşayış yerləri meydana gəlib. Fikrimizcə, müəllifin bu mülahizələri Azərbaycan Albaniyasının erkən orta əsrlər dövrünün tarixi-coğrafiyasını işləmək baxımından çox əhəmiyyətlidir.
Albaniyanın digər bölgələri kimi, Girdiman vilayətinin ərazisi də ilk orta əsr abidələri ilə olduqca zəngindir. Hansı ki, həmin abidələr barəsində əsərdə təfsilatı ilə bəhs olunur, Girdimanın yaşayış yerləri, qala və istehnkamnları, oradakı məbədlər və qəbir abidələri barəsində ətraflı məlumat verilir. Xatırladaq ki, bu abidələrdən bir qismi ilk dəfə məhz Qafar Cəbiyev tərəfindən tədqiq olunub. Əsərdə, həmçinin əvvəllər tədqiq olunmuş abidələrin də xeyli qisminin dövrü və təyinatı ilə bağlı bir sıra yeni mülahizələr irəli sürülüb. Bu cəhətdən Ağsu rayonu ərazisindəki Mehrəvan şəhər yerində Qafar Cəbiyevin rəhbərliyi ilə aparılmış arxeoloji tədqiqatları xüsusi olaraq qeyd etmək istərdim. Məlum olduğu kimi, tarixi mənbələrdə adı çəkilən Mehrəvan şəhərinin yeri uzun illər idi ki, elm üçün sirr olaraq qalırdı. Bu şəhərin lokalizəsi ilə bağlı müxtəlif vaxtlarda ayrı-ayrı tədqiqatçılar tərəfindən söylənilmiş mülahizələr ciddi elmi dəlillərlə əsaslandırılmadığından, ehtimal olaraq qalırdı. İlk dəfə məhz Q.C.Cəbiyev tərəfindən 2004-cü ildə aparılan və 2013-2015-ci illərdə davam etdirilən arxeoloji tədqiqatlar nəticəsində Ağsu rayonunun Bəyimli kəndi yaxınlığındakı 12 hektar əraziyə malik qala yerinin məhz Mehrəvan şəhərinin qalıqları olduğu elmi cəhətdən əsaslandırılmışdır.
Girdiman abidələrində aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkar olunan zəngin maddi-mədəniyyət nümunələri vaxtı ilə orada yaşamış əhalinin məşğuliyyəti və təsərrüfat həyatı barədə kifayət qədər aydın təsəvvür yaradır. Müəllif arxeoloji materiallara, həmçinin mənbə məlumatlarına istinadən erkən orta əsrlərdə bəhs olunan ərazidə əkinçiliyin, maldarlığın, ovçuluğun və sənətkarlığın yerli əhalinin təsərrüfat həyatındakı rolunu və əhəmiyyətini göstərə bilib. Əsərdə sənətkarlığın ayrı-ayrı sahələri, o cümlədən metalişləmə, dulusçuluq, daşişləmə, toxuculuq, ağacişləmə, sümükişləmə və şüşə məmulatı istehsalı barəsində xüsusilə ətraflı bəhs olunur. Müəllifin keramika istehsalı tarixi və texnologiyası, o cümlədən dulus çarxının kəşfi və təkmilləşdirilmiş dulus kürələrinin meydana gəlməsi ilə bağlı mülahizələri də elmi cəhətdən maraq doğurur.
Erkən orta əsrlərdə Azərbaycan Albaniyasının iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında Girdiman vilayəti aparıcı mövqeyə malik olmuşdur. Bu da, hər şeydən öncə, vilayətin təbii-iqtisadi imkanları, Girdiman feodallarının hərbi-siyasi nüfuzu və onların ölkədə siyasi hakimiyyətə təsir dairəsinin genişliyi ilə izah oluna bilər. Əsərdə bütün bunlar barədə də ətraflı bəhs olunur. Girdiman hökmdarı Cavanşirin cəsur sərkərdə, mahir diplomat və bacarıqlı dövlət xadimi, ən başlıcası isə, Vətənini və xalqını sonsuz məhəbbət hissi ilə sevən alovlu bir vətənpərvər kimi təqdim olunması da, əsərin mühüm üstünlüklərindən biri kimi dəyərləndirilməlidir. Xatırladaq ki, indıyədək Albaniya tarixi barədə yazılan tədqiqat əsərlərinin heç birində Cavanşirin xidmətləri və onun hərbi yürüşləri barəsində bu dərəcədə əsaslı və əhatəli bəhs olunmayıb.
Girdimandakı mürəkkəb dini durum və bu müstəvidə cərəyan edən hadisələr, ərazidə məskunlaşan insanların etnik mənsubiyyəti, onların dili, mədəniyyəti və nəhayət, alban əlifbasının meydana gəlməsi ilə bağlı məsələlər də təqdim olunan əsərdə kifayət qədər əhatəli şərh olunub. Bir sözlə, Q.Cəbiyevin “Girdiman. Tarixi və tarixi coğrafiyası” əsəri onun Azərbaycan albanşünaslığına növbəti yeni töhfəsi kimi dəyərləndirilməlidir.
Göründüyü kimi, əsər Azərbaycan tarix elminin çox mühüm və olduqca aktual problemlərindən birinə həsr olunmuşdur. Bir daha xatırladım ki, bu mövzu milli tarixşünaslığımızda indiyədək ayrıca bir problem kimi tədqiq olunmamışdır. Girdiman probleminin dərin elmi əsaslarla araşdırılması tarixşünaslığımız üçün bir də ona görə aktualdır ki, bu mövzu yaxın keçmişdə sovet hakimiyyəti illərində xüsusi məqsəd güdən basqılara və saxtalaşdırmalara məruz qalmışdır. Azərbaycanın qədim tarixi vilayəti olan Girdimanı Şirvandan uzaqlaşdırıb indiki Ermənistanla sərhəd regiona aparıb çıxaran erməni saxtakarları, əslində, mifik “böyük Ermənistan” saxtakarlığına haqq qazandırmaq və ölkəmizə qarşı ərazi iddialarını “əsaslandırmaq” məqsədi güdürdü. Xatırladım ki, erməni tarixşünaslığında “Gardman” xəstəliyi bu gün də davam edir və getdikcə “şiddətlənməkdədir”. Buna görə də Qafar Cəbiyevin həmin problemi xüsusi tədqiqat mövzusu olaraq araşdırması olduqca təqdirəlayiq haldır.
Müəllif məlum olan bütün ilk mənbələrin məlumatlarını və arxeoloji araşdırmaların nəticələrini təhlil edir, üzləşdirir, müqayisələr aparır, mövcud elmi ədəbiyyata öz tənqidi münasibətini bildirir. O, ciddi və inkarolunmaz elmi əsaslara söykənərək S.T.Yeremyanın və digər üzdəniraq erməni tarixçilərinin saxtalaşdırmalarını və qeyri-elmi iddialarını rədd edir. Girdimanın real tarixini — Şirvan ərazisində yaranmış, təşəkkül tapmış və öz inkişafının zirvəsinə yüksəlmiş tarixini təqdim edir.
Əsər mühüm elmi-nəzəri dəyərə malik olduğu qədər də, əməli əhəmiyyətə malikdir. Şübhə etmirəm ki, bu əsər gələcəkdə Azərbaycan Albaniyasının tarixi ilə bağlı çox məsələlərə aydınlıq gətirəcəkdir. Bir sözlə, Girdimanın tarix elmləri doktoru Qafar Cəbiyev tərəfindən təqdim olunan tarixi real tarixdir, olmuş tarixdir, bizim tariximizdir. Bu, təkcə müəllifin deyil, ümumiyyətlə tarix elmimizin böyük uğurudur.
Yaqub MAHMUDOV,
Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü,
tarix elmləri doktoru,|
professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.