Azərbaycan multikulturalizm məkanıdır

Xalqımızın mənən zənginləşməsində, dünya xalqları arasında öz rolunu və mövqeyini qoruyub saxlamasında mədəniyyətimizin əvəzsiz rolu olmuşdur. Bu gün bizim bəşər mədəniyyətini zənginləşdirən mədəniyyət xadimlərimizlə, milli-mənəvi dəyərlərimizlə fəxr etməyə haqqımız var. Azərbaycan uzun illər SSRİ-nin tərkibində olsa da, xalqımız öz mədəniyyətini, milli-mənəvi dəyərlərini ləyaqətlə qoruyub saxlaya bilmişdir. Eyni  zamanda, xalqımız tarixin bütün mərhələlərində  olduğu kimi, digər  xalqların  mədəni ənənələrinə də hörmətlə yanaşmışdır.

Müstəqil Azərbaycan dövlətinin  multikultural  dəyərlərə  söykənən mədəni nailiyyətləri xalqımızın uzun illər yaşatdığı, nəsillərdən nəsillərə ötürdüyü milli-mənəvi dəyərlərin əsasında formalaşmaqdadır. Təsadüfi  deyil ki, Azərbaycan Prezidenti  cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda  “Multikulturalizm ili”  elan edilmişdir. Bu təşəbbüs  bütün dünyaya Azərbaycan xalqının mərhəmət, şəfqət, insana məhəbbət hissi kimi multikultural dəyərləri bu günədək saxladığı və bundan sonra da qoruyub saxlayacağı barədə mesajıdır.

Cənab Prezidentın ifadəsi ilə desək, Azərbaycanda multikulturalizm dövlət siyasəti və həyat tərzidir. Bunlar gəlişigözəl sözlər deyil, tariximizə, milli, siyasi, bədii irsimizə əsaslanan fikirlərdir. Xalqımızın məişətində, təfəkküründə, şüurunda çoxmədəniyyətlilik təfəkkürü inkişaf edib və bu gün nümunəvi bir məzmun daşıyır. Doğrudur, indi dünyanın digər ölkələrində də bu dəyərlər təbliğ olunur. Amma Azərbaycan nümunəsi bu sırada ən önəmli yerlərdən birini tutur.    

Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. Bu gün multikultralizm Azərbaycanda dövlət  siyasəti səviyyəsinə  yüksəlmişdir və hazırda  dünya dövlətləri  Azərbaycanın  bu siyasətini  dəstəkləyir və təqdir edir. Bu, sadəcə  görüntü  deyil, xalqın tarixən  formalaşdırdığı, dərin siyasi məntiqə  söykənən  siyasətdir. Qloballaşan müasir  dünyamızda   baş  verən  kataklizmlər,  müxtəlif dinlərə münasibətdə yaranan  anormal vəziyyət  böyük  fəlakətlərə  səbəb olur. Azərbaycan mahnılarından  birində bu  fəlakətlərə  etiraz  olaraq deyildiyi kimi : “Bəs deyilmi, ey insanlar, töküldü  qan, axdı qan”.

Tarixi bir həqiqətdir ki, irqçiliyin və dini dözümsüzlüyün artdığı cəmiyyətlər mütləq ciddi problemlər və faciələrlə üzləşirlər. Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla üzləşməyiblər. Neonasizmə, dözümsüzlüyə, ksenofobiyaya əks qüvvə olan tolerantlıq və multikulturalizm əsrlərlə Azərbaycanda mövcud olub. Dünya anlamalıdır ki, tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur.

Bizim mədəniyyətimiz, əxlaqımız  bu istiqamətə yönəlmişdir. Bizim düşüncəmiz belədir ki, din ayrı, millət ayrı olan xalqlar  bir-biri ilə mehribanlıq, dostluq  şəraitində yaşamalıdır. Onda  tərəqqi də, inkişaf da olacaq.

Biz  azərbaycanlılar   gözümüzü  dünyaya açandan ətrafımızda  digər millətlərin  nümayəndələrini  görmüşük  və  onlara öz  doğmalarımız kimi  baxmışıq. Bunu bizə daha  çox multikultural mədəniyyətimiz təlqin edib. 

Ölkəmizdə  multikultural dəyərlərə  söykənən  mədəniyyət  formalaşmışdır. Bizim Azərbaycanda  yaşayan millətlərlə ortaq mədəni dəyərlərimiz var. Bunu yaradanlar  bu millərlərin  sənətçiləri- bəstəkarları, rəssamları, kino xadimləri və  başqalarıdır. Böyük Nizamidən başlayaraq, ədəbiyyat və  incəsənət əsərlərində  bu ideyaların təbliğinə məxsusi yer ayrılıb. Mən udilər haqqında kinorejissor Hüseyn Mehdiyevin  “Udilər” filminə baxmışam. Maraqlı  filmdir.  Filmdə udilərin həyat tərzi, məşğuliyyəti, ən əsası isə Azərbaycanda özlərini rahat hiss etmələri  çox  maraqlı faktlarla tamaşaçılara  çatdırılır. Bu yaxınlarda rejissor Oqtay Mirqasımovun ekranlara  çıxarılan “Qisas almadan ölmə. Keçmişdən məktublar”  filmi isə  alman-Azərbaycan xalqlarının  dostluğuna qiymətli töhfədir. Azərbaycanda  yaşayan ləzgilər, ruslar  və yəhudilər haqqında da  belə əsərlər yaradılmışdır. Bütün  bunlar Azərbaycanın  multikultural dəyərlərə  sadiqliyinin ifadəsidir.

Son vaxtlar multikultralizm  Azərbaycanın  dövlət siyasətində  prioritet istiqamətə  çevrilmişdir. Müstəqil Azərbaycan dövləti ölkəmizdə tarixən   formalaşan  çoxmədəniyyətlilik şəraitinin dayanıqlığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə dəyərli bir töhfə olaraq təqdim edilməsi istiqamətində xeyli əhəmiyyətli təşəbbüslər irəli sürür. Cənab Prezidentin təşəbbüsü ilə multikulturalizmlə bağlı  bir sıra tədbirlər həyata keçirilmişdir. Yeni yaradılan  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qısa zamanda Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başladı. Əvvəlcə  dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri yaradıldı və hər iki fənn üzrə tədris proqramları hazırlanaraq Təhsil Nazirliyində təsdiq olundu. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı və ilkin mərhələdə 10-a yaxın universitet təklifi müsbət qarşıladı. Hazırda 7 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Bu ali məktəblər sırasında  Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Ural Federal Universitetinin Yekaterinburq filialı (Rusiya Federasiyası), Litva Pedaqoji Universiteti, Praqa Karlov Universiteti (Çex Respublikası), Roma Sapienza Universiteti (İtaliya) və Belarus Dövlət Universiteti var.

Biz  dünya  xalqlarına  öz multikultural mədəni nailliyətlətimizlə əsl nümunə  göstəririk. Cənab Prezidentin təşəbbüsü ilə  iki ildən  bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlətarası Dialoq forumları , Humanitar  forumlar bunun canlı nümunəsidir. Bu tədbirlər  artıq  Azərbaycanı  dünyaya multikultural mədəniyyətə malik, tolerant ölkə kimi tanıdıb  və Azərbaycanın beynəlxalq  nüfuzuna əsaslı şəkildə müsbət  təsir göstərir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  bu sahədəki xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Mehriban xanımın rəhbərlik etdiyi  Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliğinə böyük töhfələr bəxş edir. Parisdə keçirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda çıxış edən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər

Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini bildirib. Mehriban xanım Əliyeva Luvr Muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində fondun yaxından iştirak etdiyini vurğulayıb.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullanın fikrincə, mədəni müxtəlifliyin qorunmasında vacib şərtlərdən biri bu işlə dövlətlə yanaşı vətəndaş cəmiyyəti və onun fəaliyyətini dəstəkləyən qurumların da fəal məşğul olmasıdır. Multikultural prinsiplər Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün  təhlükəsizlik prinsipləri qədər vacib və zəruridir.

Eyni zamanda, Mədəniyyət  və Turizm Nazirliyinin  səyləri  də yüksək  qiymətləndirilməlidir.  Bütün bu səylər ona  yönəldilmişdir ki, Azərbaycan  dünyada multikultural, tolerant ölkə kimi tanınsın. Artıq bu siyasət öz real bəhrəsini verməkdədir.

Təsadüfi deyil ki, nüfuzlu  beynəlxalq  təşkilat olan  BMT Sivilizasiyalar Alyansı öz  növbəti tədbirini – VII  Qlobal Forumu Bakıda  keçirməyi  qərara almışdır. Aprel ayının 25-dən 27-dək  Bakının  ev  sahibliyi  edəcəyi  BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bu istiqamətdə  həyata  keçirilən tədbirlərin davamı  kimi olduqca əhəmiyyətlidir. Artıq cənab Prezident qlobal foruma hazırlıq işləri ilə bağlı bir neçə  sərəncam imzalamışdır. Mədəniyyət  və turizm  naziri  Əbülfəs Qarayevin  sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır. Nazir bu tədbirlə bağlı  verdiyi müsahibəsində  demişdir: “Sivilizasiyalar Alyansı Forumunun keçirilməsi bu gün dünyada baş verən bütün prosesləri qiymətləndirməyimiz üçün daha bir addım, daha bir imkandır. Təəssüf ki, bu proseslər heç də həmişə pozitiv xarakter daşımır. Zənnimcə, bu gün dünyada gedən proseslərin çoxu mədəni ənənələri, baxışları, həyat tərzini, hər bir xalqa xas olan və əsrlər boyu formalaşmış müəyyən dini postulatları yetərincə düzgün başa düşməməyin nəticəsidir. Belə ünsiyyət bir-birimizi daha yaxşı anlamağa, münaqişələrin səbəblərini və köklərini təhlil etməyə, bu gün dünyada yaranmış mürəkkəb vəziyyətdən çıxış yolları tapmağa imkan verir”.

Artıq Təşkilat Komitəsi hazırlıq işlərini  başa çatdırmaq üzrədir. Bu tədbir Azərbaycan  üçün  ona  görə  əhəmiyyətlidir ki, biz  dünyaya multikultural, tolerant ölkə kimi öz nailiyyətlərimizi  bir daha göstərə biləcəyik. Multikulturalizm tolerantlığın təcəssümüdür və  onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə,dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.

Mehdi MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


Məqalə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında