Martın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti və Avropa Film Akt Assosiasiyası Parisin “Entrepot” kinoteatrında “Sonsuz dəhliz” sənədli filminin nümayişini təşkil ediblər.
Bir çox beynəlxalq mükafatlara layiq görülmüş film Xocalı dəhşətlərinin şahidi olmuş litvalı jurnalist Riçard Lapaitisin hadisələrin şahidləri ilə görüşlərindən lentə alınmış xatirələri və Ermənistan tərəfindən qırğının təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında ərsəyə gəlib.
Avropa Film Akt Assosiasiyasının və Avropa ətrafında Avropa (L’Europe autour de l’Europe) festivalının direktoru İrena Biliç film haqqında qısa məlumat verərək iştirakçılara, xüsusilə də Xocalı faciəsinin şahidləri olmuş Fransanın Azərbaycandakı ilk səfiri Jan Perrenə və litvalı fotojurnalist Riçard Lapaitisə təşəkkür edib.
Avropa Azərbaycan Cəmiyyətinin Paris ofisinin rəhbəri Marie-Laetitia Gourdin filmin süjet xəttindən bəhs edərək sovet ordusunun köməyi ilə erməni silahlı qüvvələrinin Dağlıq Qarabağda, Xocalıda mülki şəxslərə qarşı törətdikləri amansızlıqlardan danışıb. Artıq 20 ildən çoxdur doğma torpaqlarından didərgin düşmüş insanların öz dədə-baba yurdlarına qayıtmaq ümidi ilə yaşadıqlarını diqqətə çatdırıb.
Sonra “Sonsuz dəhliz” filmi nümayiş olunub.
Filmin nümayişindən sonra çıxış edən keçmiş səfir Jan Perren Xocalı soyqırımı zamanı Bakıda işlədiyini, hadisədən sonra xəstəxanaların yaralılarla, eyni zamanda, ağır işgəncəyə məruz qalmış, əl-ayaqları donmuş mülki şəxslərlə dolduğunu xatırladıb.
Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək istədiyini vurğulayan J.Perren 1993-cü ildə Dağlıq Qarabağ ətrafındakı Füzuli və Cəbrayıl rayonlarının ermənilər tərəfindən işğalı zamanı BMT-nin nümayəndələri ilə birlikdə mühasirəyə düşməsindən, ermənilərin onların avtomobilini atəşə tutmasından və ələ keçirdikləri kəndləri yandırmasından söz açıb. O təəssüflə qeyd edib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymur.
Litvalı jurnalist Riçard Lapaitis Xocalı faciəsi zamanı Ağdam şəhərində şahidi olduğu dəhşətli hadisələri diqqətə çatdırıb. Deyib ki, Xocalı hadisələrindən bir həftə sonra Ağdam şəhərinə hələ də cəsədlər gətirilir, ermənilərin hətta cəsədləri pulla satırdılar. Tibbi məhkəmə ekspertizası tərəfindən müəyyən olunmuşdu ki, insanların əksəriyyəti işgəncələrlə öldürülmüş, hətta baş dəriləri diri-diri soyulmuşdu. Don vurmuş 590 mülki şəxsin ayağı amputasiya edilmişdi. Hətta uşaqlar da dəhşətli işgəncələrə məruz qalmışdılar.
Jurnalist sonradan təhdidlərə məruz qaldığını da xatırladaraq “Daşnaksütyun” partiyası, ASALA terror təşkilatı və radikal-separatçı erməni təşkilatı “Krunk”un fəaliyyəti haqqında danışılıb. O, həmçinin ermənilərin həlak olan əsgərlərini yandırdıqlarını və onların fərarilik etməsi ilə bağlı saxta hesabat hazırladıqlarını bildirib.
Müzakirələr zamanı verilən suallar bir daha göstərib ki, tamaşaçılar filmdə nümayiş olunan faktlara biganə deyillər. Xocalıda baş verən faciənin bir daha təkrarlanmaması üçün belə hadisələrdən nəticə çıxarılmalıdır.
“Sonsuz dəhliz” filmi Madrid və Tenerife Beynəlxalq Film festivallarında, “Accolade-Global Film Competition” müsabiqəsində mükafatlara layiq görülüb. Film artıq 60-dan çox kino festivalına təqdim edilib və İstanbul, Ankara, Roma, Vilnüs, London, Dublin, Berlin, Bern, Lüksemburq kimi bir çox Avropa şəhərlərində nümayiş olunub. İngilis dilində çəkilən film Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.
Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.