“QAYA” adlı həyat”

Yeni nəşrlər

“QAYA” adlı həyat” kitabı (rus dilində “Jizn po imeni “QAYA”) uzun illər təkcə Azərbaycanda deyil, keçmiş İttifaqda, əslində daha geniş məkanda çox sevilən məşhur vokal kvartetə həsr olunub. Müəllif ansamblın yaradıcılarından və aparıcı üzvlərindən biri, Xalq artisti Rauf Babayevdir. 

 Kitabın üz qabığından tanış, gülərüz simaları ilə “boylanan” bu dörd dost (“kvartet” latın dilində dördlük deməkdir-müəllif) öz şux, oynaq, ecazkar mahnıları ilə həqiqətən çox sevilirdi. Yaşlı və orta nəsil yaxşı  xatırlayır ki, gözəl və polifonik səsli “QAYA” vokal kvarteti 1960-70-ci illərdə böyük populyarlıq qazana bilmişdi. Çoxsaylı tamaçılar hər yerdə onu sevir, konsertlərini böyük səbirsizliklə gözləyirdilər.

“Qaya”nın maraqlı ifa tərzi, yüksək səhnə mədəniyyəti, o dövr üçün “brend”ə çevrilərək doğma Bakını, onun ecazkar musiqi ruhunu, bütövlükdə xalqımızın zəngin musiqisini hər yerdə tanıtdırıb  sevdirirdi. Müəllif haqlı olaraq qeyd edir ki, “Qaya”nın mahnı repertuarı o dövrdə xüsusilə çox dəbdə olan caz, estrada müsiqisi əsasında qurulsa da, bu mahnılar bütün ruhu ilə Azərbaycan xalq və milli profesional musiqisinin ən yaxşı  ənənələrini özündə təcəssüm etdirirdi.

Kitabda Azərbaycanın mədəni həyatında xüsusi yeri olan, öz azad ruhu, qayğı və ümidləri, bənzərsizliyi ilə seçilən,  artıq tarixə çevrilmiş 1960-cı illərin ab-havası əks olunub.  Burada sanki göy qurşağının rəngləri qədər əlvan 1960-cı illərin mədəni ruhu duyulur! Rauf Babayev haqlı olaraq vurğulayır ki, “QAYA” ovaxtkı Bakının modernləşmə,  sivil dünya ilə səsləşmə ehtiyacını özündə ehtiva edirdi!

 Əlamətdar haldır ki, Azərbaycan estradasını uğurla təmsil edən “QAYA”-nın yaradıcı potensialının açılaraq cilalanmasında Azərbaycanın görkəmli bəstəkarları Rauf Hacıyev, Tofiq Quliyev, Qara Qarayev və başqalarının hərtərəfli dəstəyi və rolu olub. Rauf Babayevin qədirbilənlik hissi ilə qeyd etdiyi kimi, Azərbaycan musiqisinin bu böyük simaları yarandığı ilk gündən ansamblın uğurlarına sevinib, onun üçün bir-birindən gözəl mahnılar bəstələyib, daim himayə ediblər.

 Kitabda ansamblın aparıcı üzvlərinin – Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev və başqalarının uşaqlıq və yeniyetməlik illəri,  fərdi yaradıcılıq cizgiləri, bu istedadlı insanları bir-birilə bağlayan mənəvi tellər və s. maraqlı məqamlar geniş təsvir olunub.  Bu yerdə kitabın ədəbi redaktoru, tanınmış publisist Nazim Məmmədovun əməyini məxsusi vurğulamamaq insafsızlıq olardı. Belə ki, kitabda yer alan bütün yazılar orijinal təqdimatı, dil və üslub zənginliyi, uğurlu sərlövhə tapıntıları və başqa məziyyətləri ilə seçilir.

 Müəllif kitabın titul vərəqində nəşrin işıq üzü görməsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın hərətərfli köməyini dərin minnətdarlıq hissi ilə qeyd edib. Yeri gəlmişkən, Nərgiz xanımın ansambl haqqında çox maraqlı fikir və düşüncələri də kitabda yer alıb. Əfsanəvi “QAYA” ansamblına hələ gənc yaşlarından dərin rəğbət bəslədiyini qeyd edən N.Paşayeva yazır ki, illər ötəndən sonra artıq 2006-cı ildə özünün rəhbərlik etdiyi ÜNS Yaradıcılıq Teatrında böyük Azərbaycan bəstəkarı Tofiq Quliyevin mahnıları əsasında “Bakı” myuzklinin hazırlanmasını məhz “QAYA”nın məşhur solisti Rauf Babayevə həvalə etmişdir və bu birgə uğurlu yaradıcılıq işindən çox məmnun qalmışdır.

Təqdirəlayiq haldır ki, “QAYA” ansamblının gözəl ənənələri bu gün də yaşayır. Belə ki, Rauf Babayev hələ 20 il bundan əvvəl istedadlı uşaq və yeniyetmələrdən təşkil etdiyi “Bəri bax” ansamblı ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Fransa, ABŞ və başqa yaxın və uzaq ölkələrin səhnələrində böyük uğurla çıxış edib. Vaxtilə onun ifalarını Tofiq Quliyev, Mstislav Rostropoviç, Vaxtanq Kikabidze və başqa musiqi korifeyləri dinləyərək çox bəyəniblər. Sonradan ansambl rəsmi olaraq Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin nəzdimdə Dövlət “Qaya” Ansamblı statusu qazanıb və hazırda fəaliyyətini uğurla davam etdirir.

 Doğma Azərbaycanı, onun zəngin musiqisini, mədəniyyətini vəsf və təbliğ etmiş  milyonların sevimlisi “QAYA” ansamblı barədə yazılan bu kitab istedadlı Azərbaycan musiqiçiləri barədə ibrətamiz bir uğur hekayətidir. Düşünürük ki, “QAYA” adlı həyat"la “ünsiyyət” oxucularda xalqımızın zəngin musiqi dünyasının təkrarsız bir səhifəsi olan əfsanəvi kvartetlə bağlı təkcə kövrək, nostalji hisslər deyil, həm də musiqimizin sabahına, daha parlaq gələcəyinə inam dolu xoş duyğular bəxş edəcək.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında