Dünən Miniatür Kitab Muzeyində Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan fəxr edir” miniatür kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindən, bu işə olduqca böyük qüvvə sərf edilməsindən danışıb. Bildirib ki, iyunun 12-dən 30-dək muzeyi 2451 adam ziyarət edib, onlardan 1428-i əcnəbi vətəndaşdır. Muzeyə gələnlərin hamısı Oyunların möhtəşəm olduğunu bildiriblər. 2015-ci il iyunun 29-da Azərbaycan Prezidenti İlham Əliyev ilk Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşüb. Həmin görüşdə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü kimi iştirak etdiyini deyən Zərifə Salahova məhz bu tədbirdən sonra miniatür kitab nəşr etməyi qərara aldığını diqqətə çatdırıb.
Muzeyin təşkilində ulu öndərin dəstəyini vurğulayan Z.Salahova təqdimatı keçirilən kitabın gələcək nəsillərə qalacağını qeyd edib. Bildirib ki, ölçüsü 38x53 millimetr olan kitab 216 səhifədən ibarətdir. Miniatür nəşrdə 35 rəngli foto yer alıb. Azərbaycan, rus, ingilis dillərində olan kitabın forzasında ilk Avropa Oyunlarının emblemi verilib. Miniatür kitab “İNDİGO” mətbəəsi tərəfindən 100 nüsxə ilə nəşr edilib. Bu kitabda Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il iyunun 29-da ilk Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşü zamanı söylədiyi nitqi, “Dostluq” ordeni ilə təltif olunan ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin mükafatlandırılanlar adından çıxışı, “Şöhrət” ordeni ilə təltif olunduğuna görə dövlətimizin başçısına minnətdarlığını bildirən gənclər və idman naziri Azad Rəhimovun çıxışı, bu mərasimdə “Heydər Əliyev” ordeni ilə təltif olunan “Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışı yer alıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək bildirib ki, təmsil etdiyi qurum Miniatür Kitab Muzeyində dəfələrlə tədbirlər keçirib. Respublikada böyük əks-səda doğuran bu tədbirlər, eləcə də bugünkü təqdimat mərasimi məzmununa görə yüzlərlə adamların iştirak etdiyi tədbirlərlə bir sırada durur. İlk Avropa Oyunlarında idmançılarımızın qələbələrinə həsr olunan hər bir tədbir bu qələbənin daha da əzəmətli olmasına xidmət edir. Bu baxımdan Zərifə Salahovanın nəşr etdirdiyi miniatür kitab da ilk Avropa Oyunlarının irsi kimi, bu Oyunlardan yadigar kimi uzun illər yaşayacaq. İlk Avropa Oyunlarının qısa müddətdə yüksək səviyyədə təşkil edildiyini deyən Çingiz Hüseynzadə xatırladıb ki, Oyunlar vaxtı hər gün Milli Olimpiya Komitəsində “Zəfər günləri” tədbiri keçirilib və idmançıların qələbələri yüksək səviyyədə təşviq olunub. Bu adı seçməkdə yanılmadıq. Oyunlarda zəfər çalacağımıza əmin idik.
Daha sonra Zərifə Salahova muzeydə idman və Olimpiya hərəkatı ilə bağlı kitab rəfinin olduğunu bildirib və qeyd edib ki, Milli Olimpiya Komitəsinin 10 və 20 illiyinə həsr edilmiş, Sidney, Afina, Pekin və London Olimpiadalarının qalibləri haqqında miniatür kitablar nəşr etdirib. Diqqətə çatdırıb ki, “Azərbaycan fəxr edir” miniatür kitabını Beynəlxalq Olimpiya Komitəsinə təqdim edəndə ona Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın imzası ilə sertifikat verilib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbir iştirakçılarını 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib. “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Milli Olimpiya Komitəsinin vitse-prezident Xəzər İsayev, Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev, Olimpiya çempionu Zemfira Meftahəddinova, Kubanın ölkəmizdəki səfiri Ömər Senon Medina Kintero ilk Avropa Oyunlarının əhəmiyyətindən və yeni işıq üzü görən kitabdan söz açıb, Azərbaycan idmanının uğurlarının miniatür kitablarda öz əksini tapdığını bildiriblər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.