“Oskar”lar sahiblərini tapdı

Di Kaprio, nəhayət ki, pərəstişkarlarını sevindirə bildi

Los-Ancelesdəki “Dolbi-Teatr”da ən mötəbər kino mükafatı hesab edilən - Amerika Kinoakademiyasının “Oskar” mükafatının 88-ci təqdimat mərasimi keçirilib. Bu dəfə ilin ən yaxşı filmi ünvanını ən çox mükafat qazanan “Dəlisov Maks: Qəzəb yolu” filmini üstələyərək  “Diqqət mərkəzi” (“Spotlight”) ekran əsəri qazandı. Film Bostonda pedofil keşişlərin ifşa olunmasına yönəlik jurnalist araşdırmasından bəhs edir.

Sevilən rolları ilə böyük pərəstişkar ordusuna sahib olan Leonardo Di Kaprio 6-cı cəhddə nəhayət ki, “Oskar”sevincini yaşadı. 41 yaşlı oyunçu “Sağ qalmış” (“The Revenant”) filmindəki roluna görə ilin ən yaxşı aktyoru seçildi. XIX əsrin əvvəllərində Şimalı Amerikada insanların yaşam savaşını əks etdirən kino lenti rejissoru Alehandro İnarittuya və operator Emmanuel Lyubeskiyə də “Oskar” qazandırdı. Qeyd edək ki, bu, rejissorun 4-cü “Oskar”ıdır. Operator Emanuel Lubezki isə  son 3 ildə 3-cü mükafatını qazanıb. O, 2015-ci ildə eyni mükafatı “Birdman”, 2014-cu ildə isə “Qravitasiya” filminə görə əldə edib.

Brie Larson “Otaq” filmindəki ifasına görə ilin ən yaxşı aktrisası seçilib.

Ən yaxşı yardımçı aktyor nominasiyasında Mark Rylance, ən yaxşı yardımçı aktrisa nominasiyasında isə Alicia Vikander qalib olub.

Amy Winehouse barəsində çəkilmiş “Amy” sənədli filmi ilin ən yaxşısı hesab edilib.

87 yaşlı bəstəkar Ennio Morricone “Mənfur səkkizlik” filmindəki işinə görə
“Oskar” qazanıb.

Ən yaxşı xarici dildə film isə Macarıstan filmi “Saulun oğlu” seçilib. Filmdə nasist düşərgəsində işləməyə məcbur edilən və öz oğlu olduğuna inandığı uşağın lazımı dini mərasimlə basdırılmasını istəyən yahudi kişidən bəhs edilir.

Mərasimin yaddaqalan məqamlarından biri ABŞ-ın vitse-prezidenti Co Baydenin iştirakı olub. Alqışlar altına səhnəyə çıxan Bayden mərasim iştirakçılarını və tamaşaçıları Ağ evin təhsil müəssisələrində seksual təcavüzə qarşı başlatdığı kampaniyaya qoşulmağa çağırıb. Onun tərəfindən dostu kimi təqdim olunan müğənni Ledi Qaqa isə, öz növbəsində, kampaniyaya dəstək olaraq “ Sənin başına gəlməyənədək” mahnısını ifa edib. O, mahnısını təcavüzə məruz qalmış gənclərin müşayəti ilə oxuyub.

Mərasimdə  daha bir maraqlı hadisə də ən yüksək titulların – ilin aktyoru və ilin aktrisası ünvanlarının artıq iki ildir ağdərili oyunçulara verilməsindən doğan narazılıq olub. Belə ki, mükafatlar təqdim olunduqdan sonra nəticə bir neçə məşhur afro-amerikan aktyor və rejissor tərəfindən boykot edilib. Şounun aparıcısı qaradərili aktyor və komik Kris Rok mərasim boyu dəfələrlə bu məsələyə həm zarafatyana, həm də ciddi şəkildə diqqət çəkib: “Biz istəyirik ki, qaradərili aktyorlar başqaları kimi imkanlar əldə etsinlər”.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında