Yubilyar jurnalistin oxuculara “Sarı gəlin” töhfəsi

Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Yusif Kərimov ömrünün 75 illik zirvəsinə yarım əsrdən artıq davam edən bədii publisistik yaradıcılığının yeni səhifəsi olan “Sarı gəlin” romanı ilə gəlmişdir.Tanınmış yazıçı publisist mövzusu Dağlıq Qarabağ münaqişəsinin faciəli xronikasından alınmış yeni əsərini 28 ildən bəri xalqımıza misilsiz bəlalar gətirmiş bu davanın ən dəhşətli səhnəsi olan Xocalı soyqırımının 24- cü ildönümündə təqdim etdi.

Bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mərasimi giriş sözü ilə açan Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkənin ahıl jurnalistlərinin rəhbərini çağdaş mediamızın görkəmli nümayəndəsi, istedadlı və məhsuldar yazıçı- publisist kimi səciyyələndirdi.  O bildirdi ki, yaradıcılığında jurnalistika ilə bəbii ədəbiyyatı üzvi surətdə qovuşduran, “dərin və şirin yazan” ədiblər nəslinə mənsub Yusif Kərimov  20- yə yaxın kitabın müəllifidir.

AMŞ sədri daha sonra qeyd etdi ki, istedadı və çevikliyi ilə tələbəlik illərindən seçilən Yusif müəllim BDU- nun jurnalistika fakültəsinin auditoriyasından birbaşa anadilli jurnalistikamızın avanqard nəşri olan  “Xalq qəzeti”nə göndərilib, sonrakı illərdə “Yüksəliş”, “Bakı” və “Baku” axşam qəzetlərində, AzTV-də məsul vəzifələrdə çalışıb. Ali siyasi təhsildən sonra  Yusif Kərimov uzun illər dövrün nüfuzlu nəşrlərindən olan “Azərbaycan gəncləri” qəzetinə rəhbərlik edib. Yetkin jurnalistika mütəxəssisi kimi həmkarımız öz bilik və təcrübəsini məzunu olduğu BDU- nun jurnalistika fakültəsinin tələbələrinə öyrədib.  Çoxsaylı publisistik yazıları, bir sıra bədii əsəri onu keçmişə işıq salan, günün nəbzini tutan, gələcəyə mesaj verən ustad yazar kimi  tanıdıb.

Yusif Kərimov ömrünün ahıl çağlarında da bədii- publisistik yaradıcılığını, jurnalistika ilə bağlı təşkilatçılıq işini uğurla davam etdirir. O, AMŞ-nin Ahıl Jurnalistlər Məclisindəki təşəbbüskar fəaliyyəti ilə yaşlı nəsil jurnalistlərin arzu- istəklərini, ehtiyaclarını çavablandırmağa çalışır. Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə tanınmış yazar Əməkdar jurnalist adına, digər təltiflərə və yaradıcılıq mükafatlarına layiq görülüb.

AMŞ sədri çıxışının sonunda yubilyarın jurnalistikamızın xidmətində keçən həyat və yaradıcılığının gənc yazarlar üçün canlı örnək olduğunu vurğuladı,  75 yaşın tamamında  çoxillik səmərəli fəliyyətinə görəYusif Kərimovun layiq görüldüyü Azərbaycan Mətbuat Şurasının xüsusi Diplomunu ona təqdim etdi, yubilyara yeni yaradıcılıq uğurları arzuladı.

AMŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə təqdimatı keçirilən “Sarı gəlin” kitabının ilk oxucusu olaraq yeni romanı Yusif Kərimovun bədii  yaradıcılığının yetkinlik çağının məhsulu kimi dəyərləndirdi. Romanın məzmunundan, ideyasından və bəbii məziyyətlərindən bəhs edən Əməkdar jurnalist bildirdi ki, əsər iki gəncin nakam məhəbbəti fonunda Azərbaycan xalqını 1990-cı ilin 20 Yanvar faciəsinə, Qarabağ münaqişəsi ətrafında məşəqqətlərə məruz qoyan mürəkkəb ictimai-siyasi olaylardan bəhs edir, erməni məkrinin və xəyanətlərinin inandırıcı mənzərəsini yaradır.

Əməkdar jurnalistlərdən Fazil Güney və Adil Cəmil, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov, tanınmış jurnalist- publisist Zemfira Məhərrəmli, yazıçı-dramaturq Firuz Mustafa, poliqrafçı alim Şəddat Cəfərov və başqaları Yusif Kərimovu istedadlı jurnalist, səmimi və qayğıkeş dost, bacarıqlı rəhbər kimi tanındıqlarını söylədilər, onun yüksək işgüzarlıq və yaradıcılıq potensialının jurnalistikamız üçün önəmini vurğuladılar. Onlar ədibin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı silsilə əsərlər müəllifi olduğunu xatırlatdılar, yeni romanın isə yubilyarın öz oxucularına töhfəsi və yaradıcılıq hesabatı olduğunu  qeyd etdilər.

Mərasimdə Qarabağ həqiqətlərini obyektiv əks etdirən, erməni irticasının və vandalizminin iç üzünü açıb göstərən “Sarı gəlin” romanının rus və ingilis dillərinə tərcümə olunması lüzumu səsləndi, həmkarlarının və oxucuların yubilyara bəslədiyi dərin ehtiram ifadə olundu.

Sonda çıxış edən Yusif Kərimov səmimi sözlərinə və xoş arzularına görə məclis iştirakçılarına təşəkkürünü bildirdi, qələmi ilə bundan sonra da xalqımıza gərəkli olacağını söylədi.

Tahir AYDINOĞLU,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında