İnsanda körpəlikdən teatra meyil tərbiyə olunmalıdır. O zaman teatr insanın həyatının ayrılmaz hissəsinə çevrilir. Bu mənada Bakı Uşaq Teatrı yarandığı 2001-ci ildən uşaqların və yeniyetmələrin tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətli rol oynayır. Bu günə qədər teatrda 100-ə yaxın yüksək bədii keyfiyyətə malik tamaşa hazırlanıb.
Cənubi Qafqazda yeganə peşəkar uşaq teatrı olan bu tamaşa müəssisəsi fəaliyyət göstərdiyi müddətdə özünə çox böyük sayda tamaşaçı auditoriyası toplaya bilmiş, dövlət tədbirlərində və beynəlxalq teatr festivallarında uğurla çıxış edərək, diplom və mükafatlara layiq görülmüşdür. Bu vaxta kimi teatr Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Gənclər və İdman, Ədliyyə, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafəsi nazirlikləri ilə birgə maraqlı layihələr həyata keçirmişdir.
Teatrın bədii rəhbəri və direktoru İntiqam Soltanla söhbətimizdə bildirdi ki, bu tamaşa müəssisəsi bir sıra beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Beynəlxalq Qızıl Xaç Komitəsi, Avropa Şurasının Azərbaycan Ofisi, BMT-nin Narkomaniyaya Qarşı Mübarizə İdarəsinin Bakı Ofisi ilə mütəmadi olaraq əməkdaşlıq edilir. Teatrın fəaliyyət dairəsi ilbəil genişlənir. İntiqam müəllim bildirdi ki, 2009-cu ilin noyabr ayında teatrın nəzdində xüsusu qayğıya ehtiyacı olan uşaqlardan ibarət teatr studiyası yaradılıb. Qısa fəaliyyəti dövründə bu studiya respubliakamızda keçirilən əlilliyi olan uşaq və gənclərin inteqrativ tamaşalarının 4-cü milli festivalında, Moskvada keçirilən sağlamlığı məhdud olan şəxslər üçün gənclərin 2-ci beynəlxalq yaradıcılıq festivalında uğurla çıxış etmiş və diplomla təltif olunmuşdur.
Qeyd edək ki, bu teatr 2008-ci il mayın 23-nə kimi Dənizkənarı Milli Park ərazisindəki binasında fəaliyyət göstərib, 2008-ci ildən 2013-cü ilədək H. Sarabski adına Mədəniyyət evinin binasında yerləşib. Hazırda Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Q. Abbasov adına Mədəniyyət evində fəaliyyət göstərir.
Uşaqlar həmişə gördüklərini oxuduqlarından daha yaxşı mənimsəyirlər. Ona görə də Bakı Uşaq Teatrının kollektivi Azərbaycanın müasir və klassik yazıçılarının əsərləri ilə, eləcə də dünya ədəbiyyatı nümunələrinin tamaşaları ilə hər zaman uşaqların yanındadır. Repertuarda “Üç ayı balası”, “Fidan və Qoğal”, “Göyçək Fatma”, “Ağıllı Tülkü”, “Tıq-tıq xanım”, “Humayın yuxusu”, “Şrek və dostları”, “Gücümüz birliyimizdədir” və başqa bir-birindən maraqlı, əyləncəli, eləcə də, düşündürücü tamaşalar var. Kollektiv bu tamaşalarla paytaxtda, və respublikanın müxtəlif bölgələrində uşaqlar qarşısında çıxış etmişdir.
Son vaxtlar burada yalnız azyaşlılar üçün deyil, yeniyetmələr üçün də tamaşalar hazırlamaq zərurəti yaranıb. “Qalan ömrün ilk günü” yuxarı yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Tamaşa Beynəlxalq Qızıl Xaç Komitəsinin sifarişi ilə hazırlanıb . “Xaşxaşın göz yaşı” Azərbaycanda narkomaniya və QİCS xəstəliyi ilə mübarizə mövzusunda hazırlanmış ilk maarifləndirici tamaşadır. Tamaşa 2010-cu ildə Avropa Şurasının Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınıb.
Ədliyyə Nazirliyinin sifarişi ilə hazırlanmış “Qeyri-adi məhkəmə” tamaşası narkomaniyanın, alkoqolizmin və QİÇS xəstəliyinin insanlara gətirdiyi bəlalardan bəhs edir. Tamaşa ən müxtəlif auditoriyalarda, eləcə də, cəzaçəkmə müəssisələrində dəfələrlə nümayiş olunub.
Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanmış “ Həyatla oyun” da bu qəbildən olan maarifləndirici tamaşadır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bu tamaşanın Azərbaycanın hər yerində nümayiş olunması ilə bağlı göstəriş verib.
Tamaşaçıların təhsilini və maariflənməsini dəstəkləyən müxtəlif layihələrlə yanaşı, Bakı Uşaq Teatrı çeşidli sənət bayramları da təşkil edir. Son illərdə Bakı Uşaq Teatrı özünün “Bir teatr, bir festival” layihəsi çərçivəsində “Bizim teatr” adlı beynəlxalq festivallar keçirib. Qonşu ölkələrdən dəvət olunan teatr kollektivlərinin təqdim etdikləri tamaşalar, festival üçün teatrda hazırlanan müxtəlif səpkili, müxtəlif janrlı səhnə əsərləri həm tamaçılar, həm də teatrda çalışanlar üçün faydalı olub.
“Vətən” tamaşası Azərbaycanın Dövlət himninə və bayrağına həsr olunub. Dövlət atributlarına, Azərbaycanın tarixinə və keçdiyi şərəfli mübarizə yoluna hörmət, vətənpərvərlik hissləri aşılayan tamaşa ən müxtəlif auditoriyalarda bütün yaşdan olan tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanmış son tamaşalardan biri də “Günahsız günahkarlar” adlanır. Tamaşada dünyanı narahat edən problemlərdən biri- insan alveri məsələsinə toxunulur. Məqsəd insanların gözünü açmaq, bu cinayətin qurbanlarına çevrilmələrinin qarşısını almaqdır.
Bu günlərdə isə, Bakı Uşaq Teatrında Abdulla Şaiqin “Danışan gəlincik” əsərinin tamaşası olub. Məktəblilər tərəfindən maraqla qarşılanan tamaşa insani dəyərləri ön plana çəkməklə həm də böyüklər üçün əhəmiyyətlidir.
İntiqam müəllim onu da bildirdi ki, hazırda Bakı Uşaq Teatrının repertuarında hər yaşa, hər zövqə uyğun, müasir dünya ilə ayaqlaşan, cəmiyyətdə baş verən ən önəmli hadisələrlə səsləşən müxtəlif tamaşalar var. Məqsəd dəyərli şəxsiyyətlər formalaşdırmaqda, layiqli vətəndaş yetişdirməkdə dövlətimizə dəstək olmaq, Vətənə fayda verməkdir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.