Ana dilimizi qorumaq, inkişaf etdirmək hər birimizin müqəddəs borcudur 21 fevral Beynəlxalq Ana Dili Günüdür

1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə  UNESCO tərəfindən bütün dünyada 21 fevral Beynəlxalq Ana Dili Günü elan edilib.

Hadisənin tarixi isə bir qədər əvvələ gedir. Belə ki, 1952-ci il fevral ayının 21- 22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri  fevralın 21-nin məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, Ana Dili Günü adlandırılması haqqında UNESCO-ya müraciət ediblər. Adıçəkilən qurumun Baş Konfransında isə 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər bir  şəxsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.  Bu, təsadüfi deyil. Çünki dil ünsiyyət vasitəsidir, bununla yanaşı, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomadır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir.

Millətin dilinin dövlət statusuna yüksəlməsi milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur doğuran tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb. Bu gün dilimizin dövlət statuslu dillər arasında yer tutmasına, onun mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərdiyinə görə ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”- deyən ulu öndərin   ana dili siyasətinin əsası hələ 1970-ci ildə qoyulub. Dahi şəxsiyyət həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisəyə çevrilib. 

Beləliklə, ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, nüfuz qazanmasına böyük əhəmiyyət verilib.  “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur” - söyləyən ümummilli liderimiz yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Ulu öndər ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi. Bu mənada dillə bağlı söylədiyi bütün fikirlərində, çıxış və məruzələrində həmişə böyük mənalar sezmək çətin deyildi.

Dahi öndər bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə deyil, əməldə də çevrilməsi üçün var gücü və iradəsi ilə çalışıb. Doğma dilin dünyaya səpələnmiş azərbaycanlılar arasında ünsiyyət vasitəsi, milli-mənəvi körpü olması üçün  əzmlə mübarizə aparıb.

Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində də Heydər Əliyevin xidmətləri unudulmazdır. 2001-ci il iyun ayının 18-də ümummilli lider tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalandı. Həmin sənəddə Azərbaycan ədəbi dilinin portreti çox aydın çəkildi, keçdiyi tarixi yola ətraflı işıq salındı. Adıçəkilən fərmanda deyilir: “Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər”. Bu tarixi fərman Azərbaycan ədəbi dilinin taleyinə, sözün həqiqi mənasında, yaşıl işıq saldı. Ümummilli liderimiz Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Ona görə də qeyd edirdi ki, xalqın, millətin, insanın öz ana dilindən əziz bir şeyi ola bilməz. Məhz dilə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli prezident fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olundu. 

Həmin fərmana əsasən, hər il avqust ayının 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi geniş qeyd olunur. Bu, dilimizin tətbiqi işinə stimul verib, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, ədəbi-mədəni irsimizə ehtiramı rəsmiləşdirib. Eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesini sürətləndirib.

Zamanında qəbul edilmiş bu qərarda Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçdi. Dillə bağlı dövlət siyasətinin mühüm mərhələsi latın qrafikalı Azərbaycan əlifbasına keçidlə səciyyələnir. Bu fərmanda irəli sürülmüş ideyalar içərisində iki istiqamət diqqəti cəlb edir: Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması; Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi.

Ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının daha bir  parlaq nümunəsi onun 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Republikasının qanunudur. Bu qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilib, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülüb. Belə bir qanunun qəbulu Heydər Əliyev tərəfindən dövlətin milli dil, milli kimlik siyasətinin uğurla aparılmasının nəticəsi olaraq ictimai xarakter daşıyıb və bununla yanaşı, həm də ana dilinə dövlət dili statusu qazandırıb.

Müstəqillik illərində Azərbaycan Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Möhtərəm dövlət başçımızın  2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabrda “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirib. 

Ölkə Prezidenti İlham Əliyevin müxtəlif çıxışlarında, insanlarla olan söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşmasının dəfələrlə  şahidi olmuşuq. Bu nümunədən, örnəkdən isə hamımız pay götürməliyik. Humanitar elmlərlə bağlı apardığı söhbətlərin birində milli-mənəvi dəyərlərimizə, ana dilimizin zənginliyinə  toxunaraq bir sıra təqdirəlayiq mədəni hadisələrdən söz açan möhtərəm dövlət başçımızın   söylədiyi fikirlər hər zaman hər birimiz üçün önəmlidir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

Bəli, ana   dilimizi qorumaq, inkişaf etdirmək hər birimizin müqəddəs borcudur.

Xədicə HƏSƏNOVA,
Səbail rayonundakı
239 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında