Macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən birgə işi dünyaya sülh mesajıdır
Macarıstanlı rejissor Erik Boqnarın Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” sənədli filmi fevralın 17-də Nizami Kino Mərkəzində Azərbaycan dilində ilk dəfə nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, ekran əsərinin çəkilişi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən reallaşdırılıb. Filmin təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən BAMF-in sədri Umud Mirzəyev film haqqında ətraflı məlumat verib. Bildirilib ki, iki il müddətinə ərsəyə gələn film Macarıstanın məşhur “Oriqo” studiyasında macar dilində çəkilib. Film macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Ekran əsərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün ayrı-ayrı mərhələləri, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən xalqımızın tarixi-mədəni irsi və ənənələri, digər kulturoloji aspektlər yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, soyqırımları, Qarabağ müharibəsinin törətdiyi fəlakətlər, Xocalı faciəsi filmin leytmotivini təşkil edir.
Macar Turan Fondunun sədri Andros Bironun ssenarisi əsasında çəkilən filmin direktoru Qabor Szabodur. Film 2015-ci ilin dekabrında Budapeştdə macar dilində təqdim edilib və ölkədə ciddi rezonans doğurub. Filmin premyerasında Macarıstan Parlamentinin spikerinin baş müşaviri, deputatlar, hökumət nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, elm adamları, jurnalistlər iştirak ediblər.
Diqqətə çatdırılıb ki, ekran əsəri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə BAMF tərəfindən Azərbaycan dilinə dublyaj edilib. Sənədli film Avropada nümayiş olunması nəzərdə tutulan tarixi, mədəni, etnokultroloji faktlarla zəngin ilk yaradıcılıq məhsuludur.
Sonra film nümayiş olunub.
Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də işğal nəticəsində doğma yurdlarından köçkün düşən insanların acı həyatı əksini tapıb. Filmə işğaldan əvvəl Dağlıq Qarabağda yaşayan azərbaycanlıların həyat tərzindən, Şuşada keçirilən toy mərasimlərindən ilk dəfə olaraq unikal kadrlar daxil edilib. Ekran əsərində macar, alman, fransız, amerikan ekspertlərinin münaqişənin həlli ilə bağlı fikir və rəyləri, həmçinin bu hadisələrin canlı şahidlərinin ifadələri yer alıb.
Böyük maraqla qarşılanan filmin təqdimatından sonra Macar Turan Fondunun sədri Andros Biro Azərbaycan və macar xalqlarının dostluq əlaqələrindən söz açıb. Filmin dünyaya bir mesaj olduğunu söyləyən fondun sədri bildirib ki, ekran əsərində əksini tapan hadisələr insanlığın faciəsidir. Avropada ilk dəfə Azərbaycan xalqının faciələrini, əsl həqiqətləri sənədli filmdə toplayaraq dünyaya çatdırmasından qürur duyduğunu söyləyən Andros Biro bundan sonra da əməkdaşlığı davam etdirəcəyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev sənədli filmin “İşğalın qurbanı” layihəsi çərçivəsində çəkildiyini diqqətə çatdıraraq bu işdə əməyi olan hər kəsə minnətdarlıq edib. Vurğulayıb ki, dünyaya həqiqətən bir sülh mesajı olan film çox uğurlu alınıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək deyib ki, bu gün sonsuz kədər və məyusluq doğuran hadisələrin xronologiyasını yenidən xatırladıq. Belə ki, 24 il bundan əvvəl bəşəriyyət insanlığa qarşı indiyədək törədilmiş cinayətlər sırasında özünün bütün əlamətlərinə görə xüsusi qəddarlıqla müşayiət olunan Xocalı faciəsinə şahidlik etdi. Çox təəssüf ki, şahidlik etdi və susdu.
Əli Həsənov deyib: “Xocalı faciəsindən 24 il keçməsinə baxmayaraq, bununla bağlı həqiqətləri, real faktları, törədilmiş faciənin miqyasını və ümumiyyətlə, bir xalqa qarşı törədilmiş etnik soyqırımının bütün dəhşətlərini yalnız son illərdə bəşəriyyətə çatdıra bilmişik. Azərbaycan xalqına qarşı bu soyqırımını indiki Ermənistana rəhbərlik edən bəzi siyasətçilər, o cümlədən Ermənistan prezidenti də daxil olmaqla, Cənubi Qafqazda separatçılıq hərəkatını başlayan bir qrup həyata keçirib. Biz, əlbəttə, bu həqiqətləri dünyaya çatdırmaqla heç də Azərbaycan xalqında, tərəqqipərvər bəşəriyyətdə erməni xalqına nifrət aşılamaq məqsədi güdmürük. Biz erməni xalqını bu gün də düşmənimiz saymırıq. Məqsədimiz erməni xalqının üzərində hakimiyyətə gələn bugünkü cinayətkar Ermənistan rejimini, bu rejimə rəhbərlik edən həmin cinayətkar insanları dünyaya tanıtmaqdır.
Xocalı faciəsinə, 20 Yanvar qırğınına və digər bu kimi hadisələrə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra siyasi qiymət verildiyini xatırladan Əli Həsənov qeyd edib ki, Cənubi Qafqazda tarix boyu çox qarşıdurmalar olub. Bu ərazilərə yiyələnmək üçün ayrı-ayrı imperiyalar müharibələr aparıb. Lakin heç bir imperiya, heç bir dövlət ermənilərin burada törətdikləri vəhşiliklərə yol verməyib, bir gecənin içərisində yüzlərlə dinc insanı bu cür amansızlıqla qətlə yetirməyib. Soyqırımı siyasətini Cənubi Qafqaza ermənilər gətiriblər. Onlar bütün dövrlərdə xalqları bir-birinə qarşı qaldıraraq bundan öz siyasi və hakimiyyət ambisiyaları məqsədilə istifadə ediblər".
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tribunalardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə və onun fəsadlarına qiymət verib. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və sivil dünyaya meydan oxuyaraq bu gün bəşəriyyətin iradəsinə qarşı çıxması tendensiyasını dünyaya çatdırıb.
BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinə Ermənistanın neçə illərdir məhəl qoymadığını bildirən Əli Həsənov bunu qurumun dünyada hələ də həqiqət axtarışlarına lazımi dəstək verə bilməməsi kimi dəyərləndirib. Təəssüflə qeyd edib ki, BMT-nin də bilavasitə iştirakı ilə yaranan Minsk qrupu, eləcə də ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar çərçivəsində yanaşmaqda davam edir, haqqı nahaqdan ayırmır.
“Bütün bunların nəticəsidir ki, biz Dağlıq Qarabağ faciəsinin nəticələrini aradan qaldıra bilmirik. 24 ildir ki, biz ev-eşiyindən, yurdundan, yuvasından didərgin salınmış Azərbaycan vətəndaşlarını öz doğma yurd-yuvasına qaytara bilmirik. Bunun da fəsadları, gördüyünüz kimi, bu gün həm regionu, həm də Avropanı və dünyanı bürüyür. Bu gün Avropada, dünyada yaranan böyük münaqişələrin, separatçı hərəkətlərin, insanlıq faciələrinin çoxunun təməlində məhz Cənubi Qafqazda alovlanan etnik separatizm və buna ikili standartlar çərçivəsində yanaşma dayanır. Odur ki, biz – Azərbaycan dövləti, vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik”,- deyə Əli Həsənov bildirib.
Əli Həsənov son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən söz açıb və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, təqdim olunan ekran əsəri də məhz bu istiqamətdə aparılan işlərə bir dəstəkdir.
Filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ekran əsərinin əhəmiyyətindən danışıb. Yaradıcı kollektivin real həqiqətlərə söykənən sülhə çağırış ideyasını yüksək qiymətləndirib.
Sonda filmin hazırlanmasında xüsusi əməyi olan Macar Turan Fondunun sədri Andros Biroya və BAMF-in sədri Umud Mirzəyevə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının diplomları təqdim olunub.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.