Azərbaycan Prezidenti cənab İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə deyib: “Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə...”. Dövlətimizin başçısının tikinti sektorunun inkişafına daimi diqqət və qayğısının nəticəsidir ki, respublikamızda geniş miqyasda aparılan inşaat işlərində fəal iştirak edən şirkətlərin, sahibkarlıq strukturlarının böyük əksəriyyəti ən yüksək keyfiyyət standartları ilə yanaşı, şəhərsalmanın müasir və ənənəvi prinsiplərinin də tətbiqini ön plana çəkirlər.
Tarix, mədəniyyət və müasirliyin vəhdət təşkil etdiyi paytaxtımız Bakıda son illərdə inşa edilmiş müxtəlif təyinatlı monumental binaların sayının davamlı olaraq artması da bunu göstərir. Belə binalar özlərinin istər ictimai əhəmiyyəti, istərsə də memarlıq xüsusiyyətləri ilə, sözün həqiqi mənasında, milli sərvətə çevrilir, xalqımızın həyat səviyyəsinin, rifahının, estetik baxışlarının bariz göstəricisi hesab edilirlər.
Qədim kökləri və şanlı tarixi olan Azərbaycan memarlığı əsrlər boyu inkişaf etdirilib, ölkəmiz dünya memarlıq irsinin ən mütərəqqi xüsusiyyətlərinin milli düşüncə və zövqlə üzvi şəkildə birləşdirildiyi bir məkan kimi tanınıb. Ötən əsrdə, xüsusən, sovet dövründə milli memarlığımızın öz tarixi ənənələrini qoruyub saxlaması çox diqqətəlayiq bir hadisədir. Funksionallığa və konstruktivliyə üstünlük verildiyi həmin dövrdə milli memarlıq ənənə və üslublarından yaradıcılıqla bəhrələnmək nə qədər çətin olsa da, M.Hüseynov, S.Dadaşov və başqaları kimi istedadlı memarlarımız bu vəzifənin öhdəsindən gəlməyi bacarıblar.
Azərbaycanın yeni memarlıq məktəbinin banisi olan dünya şöhrətli görkəmli memar akademik Mikayıl Hüseynov deyirdi: “Heç bir texniki nailiyyət, heç bir təzə tikinti materialı yüzilliklər boyu formalaşmış el memarlığının mütərəqqi cəhətlərini inkar etmir. Əksinə, burada hər şey bizim gözəl ənənələrimizə münasibətimizdən, professional səviyyə və düşüncəmizdən asılıdır. Biz xalq sənətimizdən həmişə öyrənirik, ondan faydalanırıq”.
Uzun ömür yaşamış və məhsuldar fəaliyyəti ilə Azərbaycanda, xüsusən, Bakıda əbədilik parlaq izlər qoymuş memarın böyük zövq və istedadla yaratdığı əsərlər – ictimai binalar, yaşayış evləri, müxtəlif təyinatlı tikililər indi ölkəmizin mədəni-tarixi abidələri sırasında öz layiqli yerini tutur. Bunların arasında onun görkəmli memar Sadıq Dadaşovla birgə layihələndirdiyi “Nizami” kinoteatrı, Azərbaycan Texniki Universiteti, Bakı Musiqi Akademiyası və M.Axundov adına Azərbaycan Dövlət Kitabxanası binaları, S.Vurğun küçəsində vaxtilə “Buzovnaneft”in işçiləri üçün tikilmiş yaşayış binası, həmçinin Milli Elmlər Akademiyası şəhərciyi kompleksi və s. çoxsaylı monumental tikililər vardır.
Sevindirici haldır ki, Bakının müasir memarlıq simasının müəyyənləşdirilməsində də M.Hüseynov məktəbinin nailiyyətlərindən məqsədyönlülüklə və novatorluqla istifadə olunur. Paytaxtın Bayıl hissəsinin abadlaşdırılması və yenidən qurulması planına uyğun olaraq həyata keçirilən tikinti işləri çərçivəsində “Qurban Abbasov küçəsi, 8” ünvanında inşa edilən səkkizmərtəbəli mansardlı fərdi yaşayış binasının memarlıq həllində bunu aydın şəkildə görmək mümkündür. Binanın fasadında M.Hüseynovun və S.Dadaşovun layihələndirdikləri bir sıra binaların eksteryerindəki, Şərq və Qərb memarlıq üslublarının sintezini özündə ehtiva edən bir-birindən maraqlı və gözəl elementlərdən istifadə olunub. Ölkəmizin inşaat sektorunda on ildən artıqdır fəaliyyət göstərən və paytaxtımızda bir sıra iri layihələrin baş podratçısı olan “Azimport” MMC-nin yerli tikinti materialları ilə inşa etdiyi bu yaşayış binası Bakının cənub girişində, Dənizkənarı bulvarla üzbəüzdə, relyefinə görə dağlıq ərazidə yerləşməklə şəhərin ənənəvi memarlıq ansamblının davamı kimi diqqəti cəlb edir. Layihədə ənənəvi memarlıq üslubuna sadiqliyi təkcə ümumi görünüş deyil, həm də sütunların, şaquli çıxıntıların, tağların, kapitellərin, dairəvi və dördbucaq erkerlərin quruluşu, onların üzərindəki naxışlar, həkkaklıq elementləri və s. də nümayiş etdirir.
Layihənin müəllifi, memar Səxavət Əliyev deyir: “İnşaat sektorunda həm yüksək keyfiyyətli işi ilə seçilən, həm də milli memarlıq ənənələrinə böyük maraq göstərən “Azimport” MMC-dən 1940-50-ci illərdə Bakıda inşa edilmiş binaların üslubunda bir yaşayış binasının layihəsini hazırlamaq sifarişi alanda, təbii ki, ilk növbədə, görkəmli memarlarımız Mikayıl Hüseynov və Sadıq Dadaşovun irsindən bəhrələnmək qərarına gəldik. Bu layihədə onların Bakıdakı memarlıq incilərinin ayrı-ayrı elementlərindən istifadə etmişik. Bununla yanaşı, diqqətli tamaşaçı binada hətta Şirvanşahlar sarayının memarlıq elementlərinə də rast gələ bilər. Burada biz klassik və ənənəvi elementlərin surətini çıxarmaq yolu ilə getməmiş, onlara müasirlik prinsipləri əsasında yaradıcı yanaşmağa çalışmışıq...”.
Qeyd edək ki, daha çox qazanc əldə etmək istəyən bir çox tikinti şirkətlərinin məhdud bir ərazidə çoxbloklu, çoxmərtəbəli, heç bir zahiri memarlıq elementləri olmayan, bəzən fasadı adi boya ilə rənglənmiş, bəzən isə yalnız şüşə və metal konstruksiyalardan ibarət binaların inşasına meyil göstərdikləri bir vaxtda şəhərimizə yaraşıq, sakinlərə zövq verən əsl memarlıq əsəri yaratmaq milli-mənəvi dəyərlərimizi qorumağın və inkişaf etdirməyin təqdirəlayiq nümunəsidir.
Tikinti sahəsinin rəisi, təcrübəli inşaatçı Namiq Həsənov buradakı işlərin ən yüksək tikinti standartlarına uyğun şəkildə aparıldığını vurğulamaqla qeyd etdi ki, binanın fasadında yerli aqlay daşdan istifadə olunur və layihədə göstərilən memarlıq elementlərinin icrasını şirkətin özünün yetişdirdiyi usta və mütəxəssislər yerinə yetirirlər. Ötən ilin may ayında tikintisinə başlanmış binada hörgü və üzləmə işləri artıq başa çatmaq üzrədir, tezliklə həyətyanı sahənin və landşaftın abadlaşdırılmasına başlanacaqdır. Sakinlər üçün hər cür rahatlığın nəzərdə tutulduğu yaşayış binası bu il onların istifadəsinə veriləcəkdir.
“Tikdim ki, izim qala” devizi ilə çalışan və paytaxtımızın simasını daha da gözəlləşdirən binalar ucaldan inşaatçıların milli memarlıq ənənələrini yaşatması və zənginləşdirməsi təqdirəlayiq işdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.