Rəssamlıq qəribə sənətdir. Bu sənəti seçən insanlar adətən özləri də qəribə xarakterli olurlar. Rənglər kimi onların da təbiəti müxtəlif çalarlıdır. Bu insanlar zəngin daxili aləmə, həssas qəlbə və bir də sərt xarakterə malik olurlar. Hər dəfə rənglərin çoxçalarlı dünyasına səyahət edəndə, orada özlərini tapır, hisslərinə, duyğularına yovuşan rənglərdən möcüzələr yaradırlar.
Bu, sadəcə ilahi bir vergidir. Elə Xalq rəssamı Oqtay Sadıqzadə də təbiətən rəssam doğulmuşdu, yaşadığı aləmin gözəlliyini, xalqın qüdrətli sənətkarlarının portretlərini rənglərin dili ilə canlandırmaq onun sənət dünyasında özünəməxsus yer tutur. Bu yazı ilə anadan olmasının 95 illiyini qeyd etməyə hazırlaşdığımız böyük sənətkarın həyat yoluna qısa bir nəzər salmaq istərdik.
O, 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri - yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirmişdi. O, 1935-1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil aldığı illərdə əsərləri sənətşünasların diqqətini cəlb etmişdi. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə də sürgün olundu. Həmin illəri xatırlayan rəssam müsahibələrinin birində deyirdi: “Altay diyarında soyuqlar 50 dərəcəyə çatırdı. Qazma daxmalarda yaşayırdıq. Səhər yuxudan duranda divarların elə bil ki, ağappaq don geyindiyini görürdük. Bir qazmada 250 adam yaşayırdı. Düz 5 il belə şəraitdə yaşadım. Sən demə, buna da alışmaq olarmış. O şərait hər kəs üçün əsl imtahandır, elə dəhşətlərdə insanın daxili, onun özü görsənir. Rəssamlar İttifaqının sədri Mürsəl Nəcəfov sürgündə olduğum şəhərin rəhbərliyinə məktub yazaraq qayıtmağım haqqında xahiş etdi “O, bizə lazımdır” – deyə Mürsəl Nəcəfov yazmışdı. Həmin məktubun mənə böyük köməyi oldu, 1946-cı ildə sürgündən azad olaraq Bakıya qayıtdım”.
Oqtay Sadıqzadə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə qrafika ixtisası üzrə institutu bitirib.
Təhsilini başa vurduqdan sonra “Azərnəşr”də bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Balzakın, Hüqonun, Turgenevin, Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və digər söz ustalarının ədəbi qəhrəmanlarının dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb. Bunlar rəssamın Azərbaycan və dünya ədəbiyyatına gözəl töhfəsi idi.
Uşaqlıqdan poetik ruhda böyüyən rəssam təbiidir ki, incəsənətdə öz yolunu ədəbi obrazlarla tapmaq istəyirdi. Əslində elə tapdı da. Bu yolda müəllimləri ona bələdçilik etmişdilər. Oqtay Sadıqzadə o vaxtkı müəllimlərindən rəssam Piralovu minnətdarlıqla xatırlayırdı. Yüksək savada malik olan bu rəngkar, eyni zamanda, musiqiçi və riyaziyyatçı idi. Fransa və İtaliyada təhsil almış, çox ziyalı bir adam idi. O, özü də daxil olmaqla Azərbaycan rəngkarlığının indiki korifeyləri sayılan Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə ilə bir yerdə oxuyurdular. Onlar müəllimin rəhbərliyi altında rəsmin proporsiyasını, perspektivin incəliklərini öyrənmişdilər. Bu da onların sonrakı sənət talelərinə müsbət təsir göstərmişdi.Oqtay Sadıqzadə ilk yaradıcılığından Nizami Gəncəvinin əsərlərinə illüstrasiyalar çəkməyə başlamışdı. “Fitnə” uşaq kitabına çəkdiyi illüstrasiyalar olduqca cəlbedici idi.
O, Hüseyn Cavidin, demək olar ki, bütün pyeslərinə, Cəlil Məmmədquluzadənin, S.Hüseynin, C.Cabbarlının əsərlərinə, M.F.Axundzadənin “Aldanmış kəvakib”, həmçinin Rəşad Nuri Güntəkinin “Çalı quşu” romanına illüstrasiyalar çəkmişdi. Xaqaninin, Qətran Təbrizinin, Nəsiminin, Natəvanın, Heyran xanımın poeziyası, müğənnilərin, bəstəkarların obrazları onun əsərlərində məxsusi yer tuturdu.
Rəssam “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərlər yaratmaq üçün uzun müddət material axtarıb. Bir müddət düşündükdən sonra beş böyük tablo yaratmaq qərarına gəlib. Ekspozisiyanın mərkəzində “Nizami Gəncəvi və dünya mədəniyyəti”, onun yanında “Antik filosoflar”, “Nizaminin sələfləri”, “Nizaminin xələfləri” və “Nizami və Avropa mədəniyyəti”. Oqtay Sadıqzadə bu məsuliyyətli işə 6 ildən artıq vaxt sərf edib, nəhayət, 1999-cu ildə həmin əsərlərin təqdimatı keçirilmişdi.
Onun tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərlər sənətşünaslar tərəfindən yüksək qiymətləndirilir, bu əsərlər müxtəlif sərgilərdə nümayiş etdirilirdi. Dövrün sənət salnaməsinə çevrilən bu əsərlər təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutur.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Milli Azərbaycan Tarixi Muzeyini, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev muzeylərini ziyarət edənlər onların tərtibatında Oqtay Sadıqzadənin yaradıcılıq izlərini duymamış deyillər. “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları” tablosu və “Hüseyn Cavidin aləmi” triptixi bu muzeylərdəki diqqətçəkən əsərlərdir.
Rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyinin, eləcə də, Moskva Dövlət Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzinin daimi eksponatlarına çevrilmişdir. Eyni zamanda, onun tabloları Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.
1980-90-cı illərdə Oqtay Sadıqzadə koloritinə, kompozisiyanın xarakterinə görə müxtəlif növ portretlər yaratmışdı. 2000-ci ildə rəssam incəsənət həvəskarı və rəngkarlıq kolleksiyasının sahibəsi, Drezdendə yaşayan tibb elmləri doktoru, professor frau Mario Marrenin portretini çəkmişdi. Rəssamın yüksək ustalığı barədə professorun məktubunda yazılır: “...Sizin əsərinizə baxanda mən heyran oldum. Şəklə baxan kimi hiss etdim ki, bu, həqiqətən mənəm. Mən, sadəcə olaraq, öz portretimə baxmıram, burada daxilimi, ruhumu görürəm”.
Oqtay Sadıqzadənin yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssamın müstəqil respublikamızın ali mükafatları olan “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilməsi onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın parlaq ifadəsidir. O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. 1977-ci ildə Azərbaycan Əməkdar incəsənət xadimi, 1992 ci ildə “Azərbaycan Xalq rəssamı” fəxri adlarına layiq görülmüşdür.
Amansız ölüm 20 dekabr 2014-cü ildə bu böyük sənətkarı aramızdan apardı. Əsl ziyalı və qayğıkeş insan Oqtay Seyid Hüseyn oğlu Sadıqzadənin işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Elçin ORUCOV,
rəssam, Əməkdar
mədəniyyət işçisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.