Elə insanlar var ki, onlarla ünsiyyətdə olmaq adama həmişə zövq verir, hər dəfə onlardan nəsə öyrənirsən, səni narahat edən suallara cavab tapırsan. Belələrinə həyatın bütün sahələrində - istər siyasətdə, istər mədəniyyətdə, istərsə də elmdə rast gəlinir. Onlardan biri də görkəmli riyaziyyatçı alim, professor, respublikanın Əməkdar müəllimi, “Şöhrət” ordenli, 75 yaşın qapısını alnıaçıq, üzüağ və gümrah ovqatla döyən Məmməd Yaqubovdur.
Tanınmış ziyalı və minlərlə tələbəyə elm öyrətmiş insan haqqında yazmaq həm məsuliyyətli, həm də şərəflidir. Axı alimin böyüklüyü onun mənəvi dünyası ilə intellektual aləminin harmoniyasıdır. Digər tərəfdən isə bu məsuliyyət həmin alimin nüfuzu, elmə verdiyi töhfələri, vətənə, millətə, dövlətə münasibəti ilə sıx bağlıdır.
Əslən Zəngəzur mahalından olan Məmməd Haqverdi oğlu Yaqubov 1941-ci il fevralın 2-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax kəndində anadan olub. Valideynlərinin Naxçıvana pənah aparması təsadüfi deyildi.Belə ki, Zəngəzur mahalının Hortuyüz kəndi də 1918-ci ildə erməni-daşnak vəhşiliyinin qurbanı olan, darmadağın edilən növbəti azərbaycanlı kəndi və həmin kəndin sakinləri isə erməni terrorundan canlarını qurtarıb, öz dədə-baba torpaqlarından didərgin düşmüş yüz minlərdən idilər. Hortuyüzün sağ qalmış sakinləri Naxçıvanın müxtəlif kəndlərində özlərinə sığınacaq tapdılar. Yalnız sovet hakimiyyəti qurulandan sonra dədə-baba torpaqlarından didərgin düşmüş azərbaycanlıların bir qismi öz yurdlarına qayıtmağa başladılar. Yaqubovların isə doğma yurdlarına dönmələri mümkün olmadığından İkinci Dünya müharibəsindən sonra başqa kəndə - Ərəfsəyə qayıdıblar. Lakin nə bu qaçqınlıq sonuncu olub, nə də erməni vəhşiliyi qurtarmaq bilib. Yaqubovların ikinci qaçqınlıq həyatı da 1988-ci il deportasiyasından sonra başlayıb.
Məmməd Yaqubov 1962-ci ildə ADU-nun mexanika - riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1962-1965-ci illərdə aspiranturada təhsil alıb, 1966-cı ildə namizədlik dissertasiyası müdafiə edib. 1965-ci ildə optimal idarəetmə nəzəriyyəsinin riyazi problemləri sahəsində başladığı tədqiqatların nəticələri əsasında 1991-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində “Paylanmış parametrli sistemlərdə optimal sürüşkən rejimlər və optimallıq üçün zəruri şərtlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Alimin bu sahədə əldə etdiyi uğurlu nəticələr Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi, Yekaterinburq, Minsk, İrkutsk şəhərlərindəki optimal idarəetmə məktəblərinin mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və bununla bağlı tanınmış beynəlxalq elmi jurnallarda materiallar nəşr olunub.
Professor Məmməd Yaqubovun doktorluq işi keçmiş SSRİ məkanında sayılıb-seçilən elmi araşdırmalardan biri kimi diqqət çəkib. Bu iş həm nəzəri, həm də praktik əhəmiyyəti olan bir çox suallara cavab verir. Məsələn: a) baxılan sistemdə optimal idarəedicinin varlığını hansı şərtlər ödəndikdə gözləmək olar? b) optimal idarəedici yoxdursa, ümumiləşmiş idarəedici daxil etməklə yeni sistemi necə qurmaq lazımdır ki, bu sistemdə ümumiləşmiş optimal idarəedicinin varlığını hökm etmək mümkün olsun; c) sürüşkən rejim nə zaman adi rejim olur? ç) optimal idarəedici və ya ümumiləşmiş optimal idarəedici hansı zəruri şərtləri ödəyir?
Həmin problemlərin həlli məqsədilə M.Yaqubov ümumi tədqiqat sxemini göstərmiş və bildirmişdir ki, hər hansı bir konkret məsələnin araşdırılması uyğun fiziki prosesin xüsusiyyətindən asılı olaraq dəqiq yanaşma tələb edir. Bu nəticələr həm də praktik əhəmiyyəti olan sürüşkən rejimlərin yaranma səbəblərini izah etməyə imkan verir. Həmin rejimləri araşdırmaq üçün təklif etdiyi tədqiqat sxemi stasionar və qeyri-stasionar obyektlərin optimal sistemlərinin invariant alt sistemlərinin, optimallaşdırma və identifikasiya sistemlərinin sintezi məsələlərində mühüm rol oynayır.
Məmməd Yaqubov 1965-ci ildən BDU-nun “Diferensial və inteqral tənliklər” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 1990-cı ildən isə həmin təhsil ocağında yeni yaranan “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasında işləyir və 1997-ci ildən kafedranın müdiridir.
Bu, bir həqiqətdir ki, dərslik yazmaq çətin və məsuliyyətli işdir və o, müəllifdən dərin bilik, yüksək təfəkkür, böyük pedaqoji ustalıq tələb edir. Dərslik müəllifi yalnız alim, pedaqoq deyil, həm də həssas psixoloq olmalıdır. Son illərdə orta məktəblərdə tədris olunan riyaziyyat fənni üzrə kitabların əksəriyyətinin həmmüəlliflərindən biri Məmməd Yaqubovdur. Bu da səbəbsiz deyil. O, bütün qeyd etdiyimiz keyfiyyətləri özündə cəmləşdirən görkəmli maarif xadimlərimizdəndir. 1965-ci ildən başlayaraq M.Yaqubov BDU-da “Adi diferensial tənliklər”, “Variasiya hesabı və optimallaşdırma üsulları”, “Ekstremal məsələlər nəzəriyyəsi”, “Riyazi proqramlaşdırma”, “Qeyri-xətti analiz”, “İdarəetmə nəzəriyyəsinin riyazi problemləri”, “İnteqral tənliklər”, “İqtisadi riyazi modellər və tətbiqləri” kurslarından mühazirə oxuyur.
Professorlar Q.Əhmədov, K.Həsənov və M.Yaqubovun uzun illər “Adi diferensial tənliklər” kursundan oxuduqları mühazirələr əsasında yazdıqları “Adi diferensial tənliklər” dərsliyi 1978-ci ildə işıq üzü görüb. Bu kitaba olan böyük tələbat onun ikinci dəfə nəşr olunmasını zəruri edib. Ona görə də müəyyən əlavələr və dəyişikliklərlə həmin dərslik ötən il yenidən nəşr olunub.
Xatırladaq ki, Məmməd Yaqubov ali məktəblər üçün 1, orta məktəblər üçün 7 dərsliyin, ali məktəblər üçün 4, orta məktəblər üçün isə 12 dərs vəsaitinin müəlliflərindən biridir. O, həm də 100-dən çox elmi, 20-dən çox metodik məqalənin müəllifidir. 1985-ci ildən Amerika Riyaziyyat Cəmiyyətinin üzvü və riyaziyyat üzrə ABŞ-da nəşr olunan referativ jurnalın referentidir.
Məmməd Yaqubov təkcə elmdə və təhsildə deyil, həm də həyatda alim, müəllim, ziyalı kimi həmkarlarının, tələbələrinin, yetirmələrinin qəlbində özünə əbədi məskən salıb. Onun rəhbərliyi altında 16 tədqiqatçı namizədlik dissertasiyası müdafiə edib.
Professor Məmməd Yaqubov 1972-1994-cü illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsi Elmi Şurasının elmi katibi olub. 1993-cü ildən isə Ali Attestasiya Komissiyası İxtisaslaşmış Şurasının elmi katibidir. 1998-ci ildən Təhsil Nazirliyinin Elmi-metodiki Şurası “Riyaziyyat” bölməsinin sədri, TQDK-nın riyaziyyat üzrə ekspert qrupunun sədri və riyaziyyat üzrə seminarın rəhbəridir.
Məmməd Yaqubovun elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, 1999-cu ildə Əməkdar müəllim fəxri adına layiq görülüb, 2009-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.
Blez Paskalın riyaziyyat haqqında belə bir fikri var: “Riyazi həqiqət hər yerdə eynidir, istər Paris olsun, istər Tuluza”. Misalı əbəs yerə çəkmədik. Dediklərimiz riyazi həqiqət qədər doğrudur. İstər bunu biz deyək, istər digər iş yoldaşları, istərsə də tələbələri, onların hamısının fikri birdir: professor M.Yaqubov sadə və mehriban insandır. Sanki dünyaya xeyirxahlıq üçün gəlib və bu işdən zövq alır.
Məmməd Yaqubov fəaliyyəti ilə öncə gözəl bir müəllim olduğunu sübut edib. Yüksək pedaqoji bacarığı, insanlarla ünsiyyətə girmək qabiliyyəti onu müəllim və tələbələrin sevimlisinə çevirib.
Bir çox ixtiraların müəllifi olan A.Fleminq deyib ki, ona görə xoşbəxtəm ki, müəllimimin qapısı daim mənim üzümə açıq olub. Bu fikirlə Məmməd Yaqubov tam razıdır. O, doğrudan da xoşbəxt tələbə olub. Ən azı ona görə ki, Qoşqar Əhmədov kimi alimin mühazirələrini dinləyib, onun tələbəsi olub və ən nəhayət, sevimli davamçısına çevrilib. Məmməd müəllim Qoşqar Əhmədovun ən yaxşı xüsusiyyətlərini özündə əks etdirə bilib. Bu xoşbəxtlik hər insana nəsib olmur. Məmməd Yaqubov müəllimi haqda deyir: “O mənim həm müəllimim, həm də elmi rəhbərim olub. Biz onunla həm müəllim-tələbə, həm ata-oğul, həm də dost, qardaş olmuşuq”.
Bu qardaşlıq və dostluqdan isə yalnız Azərbaycan elmi qazanıb. Diqqət yetirək: 1965-ci ildən başlayaraq Qoşqar Əhmədovun rəhbərliyi ilə Azərbaycanda optimal idarəetməyə aid seminar fəaliyyətə başlayıb. Seminarın iki əsas aparıcısından biri Məmməd Yaqubov olub. Məhz bu cür elmi yanaşma və novatorluq o dövr üçün keçmiş sovet respublikaları arasında optimal idarəetmə nəzəriyyəsi sahəsində Azərbaycanı öncül sıralara çıxarıb. Xatırlatmaq yerinə düşər ki, keçmiş SSRİ-də optimal idarəetməyə aid ilk elmi konfrans da məhz Bakı şəhərində, Qoşqar müəllimin təşkilat komitəsinin aparıcı üzvülüyü, M.Yaqubovun elmi katibliyi ilə 1972-ci ildə keçirilib. Elm tarixi baxımından bu kiçik zaman kəsiyini Azərbaycanda optimal idarəetmə məktəbinin yaranması dövrü adlandırmaq olar. O da xüsusi qeyd olunmalıdır ki, indiyə qədər bu sahədə Azərbaycanda 100-dən çox namizədlik, onlarla doktorluq dissertasiyası müdafiə edilib.
Dost, tələbə, aspiranat və onu yaxından tanıyan həmkarları Məmməd müəllimi təkcə iti yaddaşı və təhlil qabiliyyəti olan böyük alim kimi yox, həm də milli musiqimizin, xüsusilə də aşıq musiqisinin vurğunu kimi xarakterizə edirlər. Onun barəsində fikir bölüşənlər bir qayda olaraq bu dəyərli insanın mənəvi saflığı və elmi zəkasını önə çəkirlər.
Məmməd BAYRAMOĞLU, AMEA Riyaziyyat və Mexanika İnstitutunun professoru:
– Azərbaycanın yüksək mənəvi dəyərlərini özündə yaşadan çoxsaylı görkəmli alimləri olub və bu gün də var. Məmməd Yaqubov məhz belə insanlardandır... Onun dostlara münasibətində, insanlarla ünsiyyət qurmasında daha çox diqqət çəkən xüsusiyyəti bütün qəlbi və varlığı ilə xalqına bağlı, Vətəninə sadiq bir Azərbaycan oğlu olmasındadır. Onun üçün “mənimdir”, “ailəmdir” sözü yoxdur. O, təkcə respublika miqyasında deyil, ölkə hüdudlarından kənarda da tanınan nüfuzlu bir ziyalıdır.
Hamlet QULİYEV, BDU-nun İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının professoru:
– Məmməd müəllim mənə “Adi diferensial tənliklər”, “Variasiya hesabı və optimallaşdırma üsulları” ümumi kurslarından və müxtəlif ixtisas kurslarından dərs deyib. O, sadə, şən və nikbin ruhlu bir insandır. Üstəlik humanist təbiətli, böyük ürəkli bir pedaqoqdur. Məmməd müəllim bir vətənpərvər alim kimi fəxrimizdir.
Maqsud NƏCƏFOV, ADPU-nun Riyaziyyat və informatika fakültəsinin dekanı, professor:
– Mən Məmməd müəllimi 1966-cı ildən tanıyıram. Əvvəlcə BDU-da müəllimim, sonra isə elmi rəhbərim olub. Xoşbəxtəm ki, bu müəllim-tələbə münasibəti sonda dostluğa çevrilib. Mən çox həssas olan bu insandan elmlə bərabər, həm də həyat və insanlıq dərsi öyrənmişəm.
Professor M. Yaqubov, sözün həqiqi mənasında, elm fədaisidir. O, bir alim, pedaqoq, elmi rəhbər kimi əvəzsiz, insan kimi isə dəyərli və qiymətsizdir.
Məmməd Yaqubov həyatda da çox alicənab, mehriban, sakit təbiətli, hər kəslə onun öz “dilində” danışmağı bacaran, etdiyi yaxşılıqlardan təmənna güdməyən, gözü-könlü tox, başqalarına həsəd aparmayan, xeyirxah bir insandır. Şübhəsiz, bütün bu fəzilətlər həm də onun atası Haqverdi Yaqubovdan aldığı tərbiyənin nəticəsidir ki, bu gün ona başucalığı gətirir, hörmət və etibar qazandırır.
Maqsud Nəcəfov daha sonra deyir ki, elmi araşdırmalarla yanaşı, dünya ədəbiyyatının, tarixinin və musiqisinin bilicisi olmaq çox az insana nəsib olan xoşbəxtlikdir. Məmməd müəllim həm də poeziya vurğunudur. Sanki K.Veyerştas “Poeziyanı bilmədən yaxşı riyaziyyatçı olmaq mümkün deyil” sözlərini onun üçün deyib. Onu yaxından tanıyanlar, dost və tələbələri bu fikrimizi təsdiqləyərlər ki, M.Yaqubov dəqiq elmlərlə məşğul olmağın poeziya ilə təzad təşkil etmədiyini, əksinə, üzvi şəkildə bir-birini tamamladığını sübuta yetirən ən parlaq nümunədir. O, nəinki Azərbaycan, eləcə də Şərq poeziyasının mahir bilicilərindəndir. Azərbaycan təbiətinin ecazkar gözəlliklərini, xalqımızın qəhrəmanlıq tarixini, humanist dəyərlərimizi fəlsəfi dərinliklə qavrayıb romantik vüsətlə mənalandırmaq onun qanındadır. Çox qəribədir ki, düz əlli illik tarixi olan dostluğumuz ərzində qeyri-ixtiyari olaraq Məmməd müəllimin dəyişməz xarakteri və təbiəti ilə Sisyanın sərt qayaları, əlçatmaz zirvələri arasında həmişə paralellər aparmışam və son qənaətim bu olub ki, onun bir insan kimi formalaşmasında və əzmkar ruhunda itirilmiş cənnətin təcəssümü olan Zəngəzur təbiətinin və o unudulmaz diyarın hansısa nişanələri var.
Göründüyü kimi, həssaslıq, bütövlük, Vətən, xalq qarşısındakı məsuliyyət hissi 75 illik bir ömür yaşayan qayğıkeş ailə başçısının, yüksək intellektə malik pedaqoqun, görkəmli elm xadimi olan professorun vətəndaş simasını tamamlayan çox ümdə cizgilərdir. İnanırıq ki, M.Yaqubov riyaziyyat elminin aktual problemlərinə həsr olunmuş dərin məzmunlu yeni monoqrafiya, dərslik və elmi məqalələri ilə müstəqillik yollarında şərəflə irəliləyən Azərbaycanın elm və təhsilini daha da zənginləşdirəcəkdir.
F. ƏLİYEV,
akademik,
BDU-nun Tətbiqi Riyaziyyat
Elmi-Tədqiqat İnstitutunun direktoru,
N. İSGƏNDƏROV,
professor,
BDU-nun mexanika-riyaziyyat
fakültəsinin dekanı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.