“Azərbaycan dilinin frazeologiya lüğəti” Yeni kitablar

“Altun kitab” nəşriyyatı tanınmış telejurnalist, dilçi alim, pofessor Qulu Məhərrəmlinin və filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılovun  birlikdə hazırladığı yeni və mükəmməl “Azərbaycan dilinin frazeologiya lüğəti”ni yüksək poliqrafik tərtibatla nəşr etmişdir. Azərbaycanda Atatürk Mərkəzində bu dəyərli kitab nüfuzlu ziyalıların iştirakı ilə ictimaiyyətə təqdim olunmuşdur.

Mərasimi giriş sözü ilə açan Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, AMEA- nın müxbir üzvü Nizami Cəfərov  lüğətin elmi redaktoru kimi yeni kitabın özəlliklərindən söz açmış, əhatəli frazelogiya sözlüyünün işıq üzü görməsini dilçiliyimizdə önəmli hadisə adlandırmışdır.

Dilçi alim daha sonra qeyd etmişdir ki, lüğətçiliyimizin tarixi uzun olsa da, ana dilimizin zənginliyini və geniş ifadə imkanlarını əks etdirən söz birləşmələri sözlükləri yaradılmasına sonrakı dövrlərdə təşəbbüslər göstərilib. Bu sahədə müəyyən uğurların qazanılması, dilimizin frazeoloji sisteminin çağdaş elmi təsnifatı  mükəmməl lüğətin də yaradılmasını tələb edirdi.  Bu baxımdan dilçiliyimiz ilk dəfədir ki, aydın tərtib prinsipləri və elmi cəhətdən dürüst əsaslandırılmış strukturu ilə fərqlənən zəngin sözlük əldə etmişdir. 7 minə yaxın söz birləşməsinin izahını verən lüğətin ən yaxşı cəhəti odur ki, burada frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilmiş, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi feillər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər nəzərə alınmışdır.

 Təqdimat mərasimində çıxış edən dilçi alimlər, yazarlar, naşirlər frazeologiya lüğətinin ərsəyə gəlməsini dilçiliyimizin və Azərbaycan leksikoqrafiyasının mühüm nailiyyəti kimi səciyyələndirmiş, kitabı ərsəyə gətirənlərin zəhmətini yüksək dəyərləndirmişlər. Bu barədə danışan AMEA-nın Dilçilik İnstitutunun əməkdaşları, filologiya elmləri doktorları, professorlar İlham Tahirov və Nəriman Seyidəliyev, BDU- nun professoru Nəsir Əhmədli və dosenti Sevinc Əliyeva, jurnalist birliklərinin rəhbərləri Elçin Şıxlı və Arif Əliyev, əməkdar jurnalist Tahir Aydınoğlu, naşir Faiq Şahbazlı, müəllimlərdən Hidayət Allahverdiyev və Xanım  Qasımova yeni lüğətin dilçiliyimizin frazeologiya sahəsində uğurlarını əks etdirməklə yanaşı, praktik dilçilik, ədiblər və media işçiləri üçün də gərəkli qaynaq olduğunu söyləmişlər. Natiqlər bu lüğətin meydana gəlməsini ana dilimizin elektron resurslarının yaradılması işinə də ciddi töhfə saymışlar.

 Sonda professor Qulu Məhərrəmli və fəlsəfə doktoru Rafiq İsmayılov sözlük üzərində uzun illər apardıqları yaradıcılıq işindən, qarşıya çıxan çətinliklərdən, mübahisəli məsələlərin həlli qaydalarından, müasir lüğət tərtibinin özəlliklərindən danışmışlar. Lüğətin müəllifləri  göstərdikləri elmi dəstəyə görə AMEA-nın Dilçilik İnstitutunun əməkdaşlarına və Elmi Şurasına, praktik məsləhətlərə görə yaradıcı ziyalılara təşəkkürlərini  bildirmişlər. Tərtibçilər yeni nəşrlə bağlı söylənən dəyərli mülahizələrdən lüğətçilik fəaliyyətlərində bəhrələnəcəklərini  söyləmişlər.

Mərasimdə “Altun kitab” nəşriyyatının yeni lüğətlərin nəşrinə dəstəkçi olması razılıqla qeyd edilmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında