Yenicə qədəm qoyduğumuz 2016-cı ilin yanvar ayında “Ömrün zirvəsindən geriyə boylananda” adlı kitab işıq üzü görmüşdür. Kitab Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimai fənlər kafedrasının professoru, fəlsəfə elmləri doktoru Əlisa Əhmədovun 75 illik həyat və fəaliyyətinə həsr olunmuşdur. Yüksək zövq və nəfis tərtibatla çap olunmuş kitab Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə xanım Məmmədovanın təbrik məktubu ilə başlayır. Məktubda Əlisa Əhmədovun bir alim kimi xidmətlərinə yüksək qiymət verilir.
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Əməkdar jurnalist Yasin Qaraməmmədlinin yazdığı “Ömrün hesabatı” adlı ön sözdə Əlisa Əhmədov bir alim-vətəndaş kimi səciyyələndirilir və qeyd olunur ki, yubilyarın zəhmətlə yoğrulan ömrü başdan-başa xeyirxahlığa, nəcib əməllərə, elm və təhsilin inkişafına xidmət edib. Y.Qaraməmmədli Əlisa müəllim haqqında görkəmlı alimlərin, elm və mədəniyyət xadimlərinin, jurnalistlərin, ali məktəb müəllimlərinin kitaba daxil edilən yazılarında deyilənləri bir daha təsdiq olunduğunu vurğulayır. Qeyd edir ki, həmin yazılarda professor Ə.Əhmədov fəlsəfə ictimaiyyəti arasında adı hörmətlə çəkilən görkəmli alim, yüksək mənəvi keyfiyyətlərə malik insan, tanınmış jurnalist kimi səciyyələndirilir.
Kitabın “Ömürdən səhifələr” adlı hissəsində Əlisa müəllimin keçdiyi həyat yolu ətraflı işıqlandırılır. Qeyd olunur ki, Əlisa Əhmədov 15 fevral 1941-ci ildə Ağsu rayonunun Çiyni kəndində anadan olmuş, orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuş və 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-1967-ci illərdə Ağsunun Növcü kənd orta məktəbində müəllim və tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 1967-ci ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun əyani aspiranturasına (estetika ixtisası üzrə) qəbul olunmuş, 1972-ci ildə müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1974-cü ilədək Azərbaycan Dövlət Universitetində saathesabı, 1974-cü ildən isə estetika və etika kafedrasının ştatlı baş müəllimi vəzifəsində işləmişdir. 1975-ci ildə “Azərbaycan kommunisti” jurnalı redaksiyasının fəlsəfə şöbəsinin müdiri vəzifəsində çalışmağa başlamışdır. 1981-ci ildən indiyədək Azərbaycan Memarlıq və İnşaat Universitetində baş müəllim kimi işə başlayan Əlisa müəllim 35 ildir ki, burada çalışır. Bu illər ərzində o, müəllimlikdən professor vəzifəsinədək inkişaf yolu keçmişdir. Belə ki, Əlisa Əhmədov doktorluq dissertasiyasını burada işlədiyi dövrdə müdafiə etmiş, 2001-ci ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini, 2006-cı ildə isə professor elmi adını almışdır. Bu dövrdə elə hal olmayıb ki, ona pedaqoji işi ilə bağlı hər hansı bir irad bildirilsin. Əksinə, təqdir olunmuş, nümunə göstərilmişdir. Əlisa müəllimin qüsursuz və vicdanlı əməyi diqqətdən kənarda qalmamış, universitet rəhbərliyi tərəfindən qiymətləndirilmişdir.
Əlisa müəllim gənclik illərində yazdığı şeirlərinin bir qismi də kitabda öz əksini tapıb. Professor Ə.Əhmədov müxtəlif dövrlərdə bir çox tanınmış insanlarla məktublaşıb. Həmin məktubların bir qismi kitaba daxil edilib. Özünün yazdığı və əsərləri haqqında yazılmış rəylər, ona bağışlanmış kitablardakı avtoqraflardan seçmələr də kitab vasitəsilə oxuculara təqdim olunur.
Kitab professor Əlisa Əhmədovun elmi əsərlərinin siyahısı və ömür yollarından görüntüləri əks etdirən fotoşəkillərlə tamamlanır. Burada onun ailə mühiti, dostluq və ictimai əlaqələri əyani təqdim edilir.
Əlisa müəllim 5 monoqrafiya və kitabın, 18 dərslik, dərs vəsaiti, metodik vəsait və tədris proqramının, 80 jurnal və toplu məqaləsinin, 69 qəzet məqaləsinin müəllifidir. Yubilyar dissertasiya şuralarının, elmi seminarların, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının işində fəal iştirak edərək, doktorant və dissertantlara bilavasitə elmi rəhbərliyi həyata keçirmiş, fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsində rəsmi opponent olaraq gənc alimlərin yetişdirilməsində öz töhfəsini vermişdir.
Bu dəyərli nəşrdə Əlisa müəllimlə uzun illər çiyin-çiyinə çalışmış Az.MİU-nun ictimai fənlər kafedrasının əməkdaşlarının, AMEA, BDU və digər ali məktəb alimlərinin, onu yaxından tanıyanların yubilyar haqqında ürək sözlərinə və xatirələrinə yer verilmişdir.
Bütövlükdə, “Ömrün zirvəsindən geriyə boylananda” kitabı şərəfli bir həyat yolu keçmiş Əlisa müəllimi sevənlərə gözəl hədiyyədir.
Dilqəm İSMAYILOV,
fəlsəfə elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.