“Sonsuz dəhliz” filmi “Global Film Awards” mükafatına layiq görülüb

Litvalı rejissor Aleksandras Brokasın rejissoru olduğu “Endless Corridor” (Sonsuz dəhliz) sənədli filmi ABŞ-ın “Accolade Film Competition” adlı nüfuzlu kino nəşrinin “Global Film Awards” müsabiqəsinin “Humanitar mükafat”ına layiq görülüb. Həmin mükafat “Müstəsna nailiyyət” nominasiyası üzrə verilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, “Global Film Awards” dörd unikal film yarışmasını (Accolade Global Film Competition, Best Shorts Competition, IndieFEST Film Awards and IMPACT DOCS Awards) özündə birləşdirir ki, onun məqsədi film, televiziya, video və yeni media sahəsində müstəsna nailiyyətləri qiymətləndirməkdir. Bu beynəlxalq müsabiqəyə dünyanın istənilən ölkəsini təmsil edən tanınmış kinorejissorlarla yanaşı karyera pilləsinin başlanğıcında olan rejissorların filmləri təqdim edilir və qaliblər film sənayesində öz sözünü demiş peşəkar və müstəqil münsiflər heyəti tərəfindən seçilir. Builki qaliblər arasında Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada, Litva, Almaniya, İspaniya, Tayvan, Hollandiya, Hindistan, İrlandiya və Avstraliya istehsalı olan filmlər yer alıb.

 “Global Film Awards” tərəfindən təqdim olunan “Humanitar mükafat”ın məqsədi öz filmlərində siyasi, sosial ədalət, ekoloji, sağlamlıq, vəhşi təbiət və mənəvi mövzuların vacibliyinə toxunan kinorejissorların peşəkarlığının qiymətləndirilməsidir. Qaliblər jürilər tərəfindən il ərzində daxil olan yüzlərlə filmin içərisindən diqqətlə seçilir. Sözügedən müsabiqə artıq 11 ildir ki, keçirilir.

 “Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində ötən ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, rus, türk, fransız, italyan və alman, ərəb dillərinə tərcümə edilib.

Film Türkiyənin “Kanal 24", ”CNN Türk", Albaniyanın Milli Televiziyasında və İsrailin “Channel 1" televiziya kanalında nümayiş etdirilib.

Xatırladaq ki, filmin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. “Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.

Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulmuşdur. Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyəti filmdə geniş işıqlandırılır, Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında