“Mənalı poliqrafçı ömrü” kitabının təqdimatı oldu

Dünən “Xalq Mətbuat Mərkəzi”ndə tanınmış jurnalist İsaq Əmənullayevin bu yaxınlarda “Elm və Təhsil Nəşriyyatı”nda nəfis şəkildə nəşr olunmuş “Mənalı poliqrafçı ömrü” kitabının təqdimatı oldu. Kitab Azərbaycan tarixinə ilk poliqrafçı alim kimi düşmüş, ölkəmizin elm, təhsil, mədəniyyət və mətbuat işçilərinin çoxunun yaxından tanıdığı, şəxsiyyətinə və peşəkarlığına xüsusi rəğbət bəslədikləri Şəddat Cəfərovun əmək və ömür yoluna həsr olunmuşdur.

Tədbiri əməkdar jurnalist İttifaq Mirzəbəyli açaraq İsaq Əmənullayevin yeni kitabının məziyyətləri barədə məlumat verdi. Natiq bildirdi ki, sənədli publisistika janrında  qələmə alınmış kitabın qəhrəmanı  Şəddat Cəfərov uzun illər ölkəmizdə və Rusiyada poliqrafiya sahəsində rəhbər vəzifələrdə çalışaraq bu sahənin kamil bilicisi kimi böyük uğurlara nail olmuş, müstəsna xidmətlər göstərmişdir. 

 Bakı Dövlət Universitetinin jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının dosenti Mahmud Mahmudov çıxışında dedi ki, Şəddat Cəfərov nəşriyyat, poliqrafiya sahəsində özünün məktəbini yaratmışdır və sevindirici haldır ki, çoxsaylı yetirmələri bu ənənələri uğurla davam etdirirlər. Həmin kafedranın digər dosenti Ayaz Musayev BDU-da tələbələrin bir neçə nəslinin Şəddat Cəfərovun müasir poliqrafiya elminin inkişaf xüsusiyyətlərinə həsr olunmuş “Kitab çapı” kitabından geniş bəhrələndiyini söylədi. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kefedra müdiri, professor Aqşin Babayev Şəddat Cəfərovun yüksək peşəkar poliqrafçı olmaqla bərabər, gözəl və nəcib bir insan olduğunu məxsusi vurğuladı, şahidi olduğu bir çox təmənnasız yaxşılıqlarından söz açdı.

Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini, tanınmış jurnalist Məzahir Süleymanzadə jurnalist həmkarı İsaq Əmənullayevin Şəddat Cəfərov kimi dəyərli alim və ləyaqətli bir insan haqqında kitab yazmasını təqdir edərək dedi:

– Şəddat müəllim özü həyatda bir kitabdır. Biz bu kitabı uzun illər boyu oxuyur və onun həyatının hər dəfə maraqlı,  yaddaqalan cizgiləri ilə yaxından tanış olduqca sözün yaxşı mənasında heyrətlənirik.

“Söz” jurnalının redaktoru Şəlalə Əlibəyli Şəddat Cəfərova həsr etdiyi kitabın üzərində işlədiyi zaman yaradıcılıq prosesində rastlaşdığı bir çox qürurverici  məqamlar barədə ürəkdolusu söz açdı.  O,  Şəddat müəllimin 1985-1990-cı illərdə “Ulyanovskaya Pravda” nəşriyyatının direktoru olduğu dövrdə çox böyük hörmət və nüfuz qazandığını, Azərbaycanı qonşu ölkədə ləyaqətlə təmsil etdiyini xüsusi vurğuladı. 

“İnkişaf və Dünya” İctimai Birliyinin sədri Namazəli Mustafayev, “Bakinski raboçi” qəzetinin şöbə müdiri Zeytulla Cabbarov, “Dövlət və Qanun” jurnalının baş redaktoru Yasəmən Möhübbətqızı, “Xalq qəzeti”nin keçmiş əməkdaşı, hazırda təqaüddə olan  Rafiq Həsənov və başqaları “Mənalı poliqrafçı ömrü” kitabının müəllifi İsaq Əmənullayevə Şəddat Cəfərov kimi dəyərli ziyalı barədə yazdığı əsərə görə dərin minnətdarlıq etdilər.

Kitab dörd dildə – Azərbaycan, rus, ingilis və fars dillərində nəşr olunmuşdur.

Məsaim ABDULLAYEV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında