Bu il Bakıda mötəbər beynəlxalq tədbir - Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Bu, dünya miqyasında çox böyük beynəlxalq tədbirdir. BMT-nin fəal iştirakı, dəstəyi ilə keçirilən tədbirlərdir. Mən çox şadam ki, növbəti Qlobal Forum Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanda həmin istiqamətdə görülən işlərə BMT tərəfindən verilən böyük qiymətdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Artıq ölkəmizdə beynəlxalq mədəni tədbirlərin keçirilməsi ənənə şəklini almışdır. Azərbaycanda mədəniyyətlərarası dialoq forumları, beynəlxalq humanitar forumlar, Beynəlxalq musiqi, kino festivalları mütəmadi olaraq keçirilir və bu tədbirlər milli mədəniyyətimizin dünyaya inteqrasiyası yolunda əhəmiyyətli rol oynayır.
Bakıda üç dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşəbbüskarı Prezident İlham Əliyev olmuşdur. Qeyd edək ki, iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən qəbul olunur və dəstəklənir. Bu, dünyada keçirilən yeganə forumdur ki, burada, adətən, bir-biri ilə rəqabət aparan, bu sahədə işlər görən təşkilatların vahid bir platformada birləşdirilməsinə nail olunub. Forumun yüksək səviyyədə keçirilməsi artıq Bakıda bu mövzuya uyğun silsilə tədbirlərin təşkilinə böyük maraq oyadır. Sözsüz ki, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanda həyata keçirdiyi tolerantlıq, multikulturalizm siyasəti, Fond tərəfindən təşkil olunan silsilə tədbirlər, beynəlxalq konfranslar, forumlar artıq Azərbaycanı sivilizasiyaları birləşdirən bir məkana çevrilməsi istiqamətində mühüm addımdır.
Bu il aprelin 25-dən 27-dək Azərbaycan daha bir beynəlxalq mədəni tədbirə ev sahibliyi edəcək. Belə ki, ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Bu məqsədlə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansı arasında saziş imzalanıb. Əslində, sənədin BMT-nin yaradılmasının 70 illik yubiley günü olan 24 oktyabrda imzalanması Azərbaycan hökuməti ilə BMT arasında əməkdaşlıqda rəmzi məna daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyev ötən il iyulun 24-də müxtəlif dövlət qurumlarının rəhbər şəxslərindən ibarət Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Bu isə qlobal tədbirin ölkə rəhbərliyi səviyyəsində xüsusi diqqətdə saxlanılmasının göstəricisidir.
Qeyd edək ki, forumda BMT-yə üzv ölkələri, BMT sisteminə daxil olan beynəlxalq təşkilatlar, tərəfdaş beynəlxalq qurumlar və QHT nümayəndələrindən ibarət 3 mindən artıq rəsmi şəxsin iştirakı gözlənilir.
Mədəniyyət və turizm naziri Ə.Qarayev bildirib ki, BMT SA Forumu kifayət qədər ağır idarə olunan müxtəlif təbəqələri, nümayəndələri, qurumları əhatə edən müzakirə platformasıdır. Burada əsasən ölkələri dövlət başçıları və xarici işlər nazirləri təmsil olunurlar. Paralel şəkildə bir sıra istiqamətlərdə müzakirələr aparılır. Bu tədbir artıq dünyanın ən böyük forumu kimi qəbul olunur. Ona görə də onun keçirilməsim tək bizim ölkənin deyil, artıq BMT-nin bir tapşırığı və vəzifəsidir. Nazir Bakıda keçiriləcək forumda BTM-nin baş katibi Pan Gi Munun iştirak edəcəyini söyləyib.
Ötən il avqustun 27-də Təşkilat Komitəsinin iclası keçirildi, burada foruma hazırlığın mühüm detalları müzakirə olundu.
İclas zamanı Təşkilat Komitəsinin üzvləri təmsil etdikləri qurumların üzərinə düşən öhdəliklərin lazımi səviyyədə yerinə yetiriləcəyini bildiriblər, tədbirin yüksək səviyyədə təşkili üçün zəruri olan tələblərin tez bir zamanda müəyyən edilməsi və müvafiq fəaliyyət planının hazırlanması zərurətini qeyd ediblər.
Yekunda qərara alınmışdı ki, sentyabrın 8-12-də Azərbaycana səfər edəcək BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyəti ilə tədbirin təfərrüatları barədə müzakirələr aparıldıqdan sonra ayrı-ayrı qurumlar arasında vəzifə bölgüsü müəyyən edilsin. Alyansın nümayəndə heyəti ilə işgüzar görüşlər tədbirə hazırlığın əsas istiqamətlərini müəyyənləşdirməyə imkan yaratdı.
Ötən il dekabrın 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il aprelin 25-27-də Bakı şəhərində keçirilməsinə dair sazişin təsdiq edilməsi haqqında sərəncam imzaladı
Sərəncamla cari il oktyabrın 24-də London şəhərində imzalanmış Saziş təsdiq edilib. Mədəniyyət və Turizm Nazirliyinə Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansına bildiriş göndərmək tapşırılıb.
Elə bu yaxınlarda Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu məsələnin vacibliyi xüsusi olaraq vurğulanmışdır. Dövlətimizin başçısı 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirdi, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdi və bununla bağlı xüsusi sərəncam da imzaladı.
Hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir və heç şübhəsiz ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu da yüksək səviyyədə təşkil olunacaq.
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.