Yeni il gəlir. Deməli, çox yeniliklər olacaq. İnsanlar yeni düşüncələrlə yaşayacaqlar.
Telekanallarda təmiz Azərbaycan dilində danışacaqlar. Daha dilimizin başına indiki kimi min bir oyun açmayacaqlar. Ciy-ciy səsli, adamın beynini qılınc kimi kəsən qadın aparıcıların əvəzinə, ekrana, efirə məlahətli səsi olan, mədəni, savadlı, danışıq qabiliyyətinə malik aparıcılar çıxacaqlar.
Danışmağı bacarmayanlar, müstəqil fikri olmayanlar daha xalqa ağıl verməyəcəklər, uzun-uzadı “nitq irad eləyib”, camaatı bezdirməyəcəklər. Fikri qısa şəkildə bildirmək dəbə düşəcək. Çünki hamı başa düşür ki, “geniş”, “ətraflı” danışanlar qarşısındakılara öz fikirlərini zorla yeritmək istəyirlər və elə bilirlər ki, onlardan çox bilən yoxdur. Bəzən bir kanalı dəyişib üç-dörd qısametrajlı filmə baxıb, həmin kanala qayıdanda görürsən ki, əvvəlki adam hələ də danışır.
Bəzi “varlı idarələrdə” kağız blanklar üçün iyirmi, otuz, əlli qəpik almayacaqlar. Qanunla bir həftə müddətinə düzəlməli olan işi bir-iki gündə düzəldib “haqq almayacaqlar”.
Bəzi insanlar fırıldaqla yaşamağı tərgidəcəklər, axır ki, dünyada olduğu kimi doğru-düzgün, dürüst həyat tərzi keçirəcəklər.
Vəzifə, yaxud da bir tikə çörək üçün heç kim heç kimə yaltaqlanmayacaq. İnsanlar layiq olduqlarına çatacaqlar.
Heç kim heç kimə “sən kimsən?” deməyəcək. Çünki o sualın bir cavabı var: “Bəs, sən kimsən?!” Yəni hamı öz sözünün yerini biləcək.
Siyasəti bilməyənlər siyasətlə məşğul olmayacaqlar, könüllərindən prezident olmaq iddiası keçməyəcək. Çünki o yeri cəmi bir nəfər tuta bilər...
“Görməmişlər” təzə “cip”lərini səkilərdə yox, adam kimi yolda sürəcəklər.
Ticarətçilər əlli manatlıq malı yüz manata qaldırıb, sonra otuz faiz “endirim” etməyəcəklər.
Qadın müğənnilər pərpətöyün toxumu və ya yağışdan sonra çıxan göbələk kimi gündən-günə çoxalmayacaqlar. Boşananların sayı azaldıqca onlar da azalacaq. Çünki ərindən boşananların doxsan faizi müğənni olur: “Ərinin acığına!”
Hərə bir kitab buraxıb “mən yazıçıyam”, “şairəm” deməyəcək. Rəhmətlik Müşfiq demişkən: “Adamın üzündə həya gərəkdir”.
Bundan sonra teatrlarımız xalqı düşündürən əsərlər səhnələşdirəcəklər.
Daha seriallar zəiflik “uğrunda” rəqabətə girməyəcək, ortaya sanballı filmlər qoyulacaq.
İnsanlar bir-biri ilə rastlaşanda gülümsəyəcəklər, daha qarşısındakıları qorxutmaq üçün gözlərini bərəltməyəcəklər. Yeri gəlmişkən, heç kim başına qara papaq keçirib, üzütüklü, özünü quldura oxşatmayacaq.
Maşınlara eybəcər, heyvan səsi çıxaran səs siqnalları qoyulmayacaq.
Televiziya şouları camaatın olan-qalan ətini də tökməyəcək.
Nəhayət, kişilər ekranlara çıxıb “arvad-uşaq məni evdən qovub” deməyəcəklər. Onlara tamaşa edənlər isə “kül sənin kişi başına!” sözlərini işlətməyəcəklər... (Siz Allah, bağışlayın. Gördüklərimi yazıram).
Yeni ildə çox şeylər dəyişəcək ey... Hamısını deyib başınızı ağrıtmaq istəmirəm. Çünki hamısını desəm, uzun çəkər. Əvvəldən dedim axı, qısa yazıb, qısa danışmaq yaxşıdır...
Rayondan vəzifəli şəxsin yanına bir kişi gəlir. Salam-kəlamdan sonra utancaq hal alıb, dillənir:
– Vallah, utanıram deməyə, sizə kənddən bir quzu gətirmişəm, maşındadır...
Vəzifəli şəxs belələrini çox gördüyündən soruşur:
– Nə istəyirsən?
Qonaq yenə əzilə-büzülə dillənir:
– Əşi, heç nə, elə-belə gətirdim quzunu. Paydır da...
Vəzifəli şəxs yenə soruşur:
– A kişi, sən mənə bir quzu pay verməkdən ötrü o boyda yolu elə-belə gəlməzsən, xahişini de...
Qonaq daha utancaq şəkil alır:
– Yəni fikirləşirsiniz adama elə-belə pay gətirməzlər? Elə bilirsiniz quzunu sizə tam gətirmişəm? Evdən çıxanda arvad dedi ki, əşi, bir budunu kəs, qoy evdə, uşaqlar yesin. Demək istəyirəm ki, quzunun bir parçasını da özümüzə saxlamışıq. Yəni qalanı sizə halaldır!
Vəzifəli şəxs səsini qaldırdı:
– A kişi, xahişini de!..
Qonaq:
– Əşi, sizin sağlığınız... Sadəcə istəyirəm oğlumu müstəntiq işinə düzəldəsiniz...
Vəzifəli şəxs:
– Sonra?
Qonaq:
– İndi istəyəcəyim sizin üçün çətin olmaz, müəllim! Evimizin yaxınlığında qırx sot torpaq sahəsi var, rayon bələdiyyəsinə zəng vurun, oranı versin mənə.
– Sonra?
– Bir də, bizim balaca bu il orta məktəbi bitirir, onu bir universitetə ilişdirmək yaxşı olardı...
Vəzifəli şəxs:
– "Hörmətli" qonaq, təəssüf ki, sənin xahişlərini yerinə yetirə bilməyəcəyəm. Çünki mən belə işlərlə məşğul olmuram!
Qonaq hirsləndi:
– Nə?! Mən də elə bildim, sizin əlinizdən bir iş gəlir! Daha quzunu verəsi olmadım! Elə gətirdiyim maşınla qaytaracam geri, rayona. Özüm yeyərəm!
Çağırılmamış qonaq qapını çırpıb getdi.
Az sonra yeni bir qonaq gəldi, əlində də bir kiloqram Şəki halvası... Kaş, onun vəzifəli şəxsdən nələr xahiş etdiyini eşidəydiniz...
YALAN-PALAN
Uşaq vaxtı adamın ağlı kəsmir, nə desələr inanır. Biz də eləydik, deyilən, yazılan bir şey oldu ha, mütləq inanırdıq. Ümumiyyətlə, bizimkilər yazıya lap çox inanırlar. Məsələn, qəzetlərdə yazırlar ki, filankəs pis adamdır, qurtardı! Haqqında yazılan adam peyğəmbər kimi olsa da, xeyri yoxdur. Yaxud yaxşı adamı pis qələmə verdilərsə, onda onun “kitabı bağlandı”.
İndi bizim məqsədimiz qəzetçilərin nəyi necə yazdıqlarından, yaxud da adamların hər yazılana inanıb-inanmamalarının lazımlı-lazımsız olub-olmadığından söhbət açmaq deyil. Söhbətimiz müsəlman üçün yazıya pozu olmaması barədədir.
Uşaq vaxtı kitablarda oxuyurduq ki, insan meymundan əmələ gəlib. Biz də buna inanırdıq. Böyüdük, orta məktəbi, universiteti bitirdik, amma çox fikirləşdik ki, ayə, görəsən, doğrudan da, insan meymundan əmələ gəlib, yoxsa yox? Hərdən güzgünün qabağına keçib özümüzlə meymunda oxşarlıq axtarırdıq. Meymunun da gözləri var, insanın da. Meymunun da əlləri, ayaqları var, insanın da. Meymunun da burnu, qulaqları var, insanın da. Meymunun da bədəni tüklüdür, insanın da.
Elə insan var bədəni meymundan tüklüdür. Baxanda adam qorxur. Xülasə, insanda olanlar meymunda da var. Belə şeyləri düşünəndə deyirsən, bəlkə də, kişilər düz yazıblar, insan meymundan əmələ gəlib. Amma meymun insana baxanda bir az eybcərdir. Bu eybəcərliyi görəndə düşünürsən, bəlkə, meymun insandan əmələ gəlib?
Sözün qısası, bu həyatda çox yaşadıq, çox ömür sürdük, amma meymundan insan əmələ gəldiyini, yaxud onun tərsini görmədik. Belə getsə, Qiyamətədək də görməyəcəyik. Bəs bu sirri necə açaq? İnsan meymundan, yoxsa meymun insandan əmələ gəlib?
Adamın yadına toyuq- yumurta məsələsi düşür... Bunlar hamısı Yaradanın işləridir, özü bilər. Görəsən, insanlar niyə yalan-palan yazıb, bir-birini aldadırlar, hə?
Xeyrəddin QOCA,
yazıçı, publisist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.