Əsl sənət fədaisi

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyev opera, balet, simfoniya,  kamera, mahnı və digər əsərləri ilə  yanaşı, musqi mədəniyyətimizin inkişafında mühüm əhəmiyyəti olan məqalələrin və bir neçə monoqrafiyanın  müəllifidir. Bəstəkarın  yenicə çapdan buraxılmış kitabı “Görkəmli ustad Səfər Rəcəbli-100” adlanır. Bu kitab Azərbaycanın ayrılmaz və dilbər guşəsi olan Naxçıvan şəhərində yaşayıb-yaratmış  görkəmli pedaqoq, tarzən Səfər Rəcəblinin 100 illiyinə həsr olunmuşdur.

Yeni nəşrdə müəllif  XX əsrdə yaşamış, Naxçıvan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan, tanınmış pedaqoq, sənət fədaisi, Naxçıvan MR Əməkdar artisti Səfər Rəcəblinin həyat və yardıcılığından söz açır. Kitabı oxuduqca Səfər Rəcəblinin qaval, qarmon və tar ifaçılığı,  bəstəkarlıq fəaliyyəti, ecazkar Naxçıvan torpağında  musiqi məclislərində iştirakı,  Naxçıvan Radio Verilişləri Komitəsində yaradılan “Şərq üçlüyü”ndə tanınması, Naxçıvan İncəsənət İşləri İdarəsinin nəzdində ilk Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində fəaliyyəti ilə yaxından tanış oluruq. İstedadlı musiqiçinin bəstələdiyi mahnı, rəqs, rənglərin bədii özfəaliyyət kollektivləri və müğənnilərin ifasında səslənməsi hələ o dövrdə ictimaiyyətin diqqətini cəlb etmişdir.

 Kitabda həmçinin muğamları  gözəl bilən ustad sənətkarın Naxçıvan Teatrının musiqi rəhbəri, Uşaq Musiqi Məktəbinin müəllimi,  Mərkəzi pioner və məktəblilər evində  tar dərnəyinin  rəhbəri  kimi pedaqoji fəaliyyəti, yetirmələrinin–Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri olan bəstəkar, sənətşünas, pedaqoq, müəllimlərin və övladlarının, nəvələrinin xatirələri yer almışdır.

Kitabın “Dünyanın bəzəyi”, “Gecələr yuxularda görürdü”, “Nə biləydim ağac dönüb tar olacaq”,  “Əlvan çiçəklər”  mahnı və rəqs ansamblı", “Şagirdlərinin gözləri ilə baxır dünyaya” və digər bölmələrində ustad sənətkarın yaradıcılığının və pedaqoji fəaliyyətinin inkişaf mərhələləri tədqiq olunmuş, yetirdiyi tələbələrin Azərbaycan musiqi mədəniyyətinin inkişafında  tutduqları bugünkü mövqeləri əksini tapmışdır. Xalq artisti, bəstəkar Nəriman Məmmədov, Əməkdar artist, müğənni Yaşar Səfərov, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, tarzən Əkrəm Məmmədli,sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Afət Novruzov, Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının professoru  Nazim Kazımov, Əməkdar incəsənət xadimi,  bəstəkar   Nazim Quliyev, Əməkdar artist, tarzən Tariel Abbasov və  başqa musiqiçi və ictimai xadimlərin ilk  müəllimi, sirli  musiqi aləmini onlara  sevdirən ustad sənətkar Səfər Rəcəbli olmuşdur.

Monoqrafiyanın əsas hissəsini Naxçıvan musiqiçilərinin yetişdirilməsi və inkişafında müstəsna xidmətləri olan görkəmli pedaqoq Səfər Rəcəblinin tələbələrinin ilk müəllimləri haqqında xatirələri təşkil edir. Dillər əzbəri olan, bu gün də təravətini itirməyən, hər kəsin könlünü oxşayan,  toy şənliklərində  tez-tez səslənən  məşhur  “Naxçıvan” mahnısının müəllifi, bəstəkar Məmməd Cavadov  Səfər müəllimin musiqiçi kimi pedaqoji fəaliyyətini xüsusi qeyd edirdi: “Səfər müəllim elə şövqlə, ürəklə dərs keçirdi ki, sanki böyük konsert salonunda minlərlə tamaşaçıya ustad dərsi deyirdi. Həqiqətən, mən onun hər bir dərsini ustad dərsi səviyyəsində keçirildiyini  hesab edirəm."

Bakı Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi professor Nazim Kazımov  ilk  müəllimi haqqında  xatirələrində yazır: “Səfər müəllim Naxçıvanın sərvəti, fəxri idi. Allah bu ustad sənətkara elə bir istedad vermişdi ki, yetirdiyi yüzlərlə tar ifaçısının böyük əksəriyyəti bu gün ölkəmizin musiqi ictimaiyyəti arasında tanınmış şəxslərdir”.

Kitabda oxuyuruq: “Körpəlikdən dünya işığına həsrət qalan Səfər Rəcəblinin qaranlıq dünyasına onun ömür-gün yoldaşı Fatma xanım, övladları Xalidə xanım, Xaliq, Natiq, Abdulla, Fəxrəddin, Elman nur saçdılar, işıqlandırdılar. Övladları  bu gün övlad sahibidirlər, nəvə şirinliyini dadırlar. Ataları, babaları  Səfər Rəcəblinin  şərəfli, mənalı həyatı ilə haqlı olaraq fəxr edirlər”.

 Bakıda “MBM” nəşriyyatında  çapdan buraxılmış kitabın redaktoru Azərbaycan Bəstəkarlar İttifaqının katibi,  Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə dokoru, professor Zemfira Qafarova, rəyçilər Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Məhərrəm Məmmədovdur.

A.SADIQOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında