Azərbaycan Xalça Muzeyində “Azərbaycan xalçası ensiklopediyası”nın I cildinin təqdimat mərasimi keçirildi. Qeyd edək ki, ensiklopediyanın II cildi çapa təqdim olunub. Ensiklopediyanın müəllifi sənətşünaslıq doktoru, professor Röya Tağıyevadır. Ensiklopediya Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Xalça Muzeyinin və “Japan Tabacco İnternational” şirkətinin birgə layihəsi əsasında hazırlanmışdır.
Bu milli nəşrin anotasiyasında deyilir: “Xalça Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Həyat tərzinin mühüm elementi kimi xalça həmişə insanların, bütövlükdə cəmiyyətin həyatında baş verən sosial, iqtisadi, siyasi və mədəni dəyişiklikləri əks etdirmişdir. Xalça təkcə məişət əşyası deyil, həm də xalqın bədii-estetik özünütəsdiqinin əsas sferasıdır. Azərbaycan xalqının maddi və bədii sərvətini təşkil edən Azərbaycan xalçasını bundan sonra da yaşatmaq, onu inkişaf etdirmək, gələcək nəsillərə ərməğan kimi ötürmək yönündə mühüm işlərdən biri Azərbaycan xalçasının öyrənilməsidir. Bu mənada 2005-ci ildə qəbul olunmuş “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən, Azərbaycan xalçası bəşər sivilizasiyasının mühüm atributlarındandır. Belə ki, 2010-cu ildə Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınması qürurverici hadisə hesab oluna bilər”.
Azərbaycan xalçası ilə bağlı təqdim olunan bu ilk milli nəşr dəqiq kompozisiya quruluşu, əsas mətnin cəlbedici yerləşdirilməsi, zəngin illustrasiya materiallarının müasir tərzdə düzümü ilə seçilir. Burada Azərbaycan xalçası təkcə milli-mədəni ənənənin deyil, həm də ümumdünya irsinin ayrılmaz hissəsi kimi təqdim edilir. Azərbaycanda xalçaçılıq sənətinin yaranması və inkişafı, xovlu və xovsuz xalçaların, xalça məmulatlarının növ müxtəlifliyi, xalçaların hazırlanmasının texnoloji xüsusiyyətləri, naxış və rəmzlərin mənşəyi, Azərbaycan xalçasının kolorit əlvanlığı, tarixi əhəmiyyət kəsb edən xalçalar, kompozisiya və koloritin özünəməxsus həlli, milli estetikanın ümumi prinsiplərinin orijinal şərhi ilə seçilən lokal xalçaçılıq məktəbləri - bütün bunlar və sadalamadığımız bir çox digər mətləblər “Azərbaycan xalçası ensiklopediya”sında öz əksini tapmışdır.
Nəşrin müəllifi deyir: “Bu ensiklopediyasının işığa yol alması muzeyə gəldiyim ilk gündən başlayıb. Azərbaycan qadını xalqımızın milli-mədəni sərvətinin, qiymətli irsinin qorunması, yaşaması, təbliği, tədqiqi və inkişafı, həmçinin milli mədəniyyətimizin identikliyini, kod daşıyıcılığını və Azərbaycana məxsusluğunu elmi əsaslarla işləyib hazırlayıb dünyaya çatdırılmasının vaxtı idi. Xalça sənəti bir çox Şərq xalqlarına mənsub olsa da, tədqiqatlar göstərir ki, bu sənət Azərbaycanda doğulub, burada inkişaf edib dünyaya nəql olunub.” Müəllif hər bir xalçanın, onların elementlərinin milli funksiyasını, xalçalarımızın milli kodlarımıza daxil olduğunu, irsi daşıyıcısının məhz bizə aid olduğunu ensiklopediyada qabadarıq şəkildə əks etdirib. Eyni zamanda, burada xalçaçılıq sənətinin, onun qədim mənbələrinin əhəmiyyətini dəyərləndirə bilən bir tədqiqat nümayiş etdirilib
Uzun illərin elmi axtarışların nəticəsi olan bu ensiklopediyada xalçanın dəqiq təsnifatı verilmiş, xalçaların bu və ya digər məktəbə aid olması, qədim xalçaların ornamenti, koloriti, kompozisiyası müasir nümunələrlə müqayisə edilmişdir.
Azərbaycan Xalça Muzeyinin açılması Azərbaycan xalçalarını məişət səviyyəsindən çıxararaq ali sənət nümunəsi səviyyəsinə qalxmasına şərait yaratmışdır. Müxtəlif ölkələrdən muzeyə müraciət edən xalçaçı-alimlər elmi araşdırmaların aparılmasına, muzeyin toplularının öyrənilməsinə ehtiyac duyduqlarını etiraf edirdilər.
Ensiklopediyada bu muzeyin zəngin eksponatlarına geniş yer verilib. Bu muzey son illər beynəlxalq miqyaslı məşhur elmi-tədqiqat mərkəzinə çevrilmişdir. Muzeyin bazasına beynəlxalq çərçivədə UNESCO-nun, ICOC-un (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) xətti ilə Azərbaycan xalçasının tanıdılması ilə bağlı 1983, 1988 və 2003-cü illərdə Bakıda, 2007-ci ildə isə UNESCO-nun Parisdəki mənzil qərargahında xalça simpoziumları keçirilmişdir.
Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında ensiklopediya kimi son dərəcə ciddi və əhəmiyyətli bir mənbəni araya-ərsəyə gətirmək, doğrudan da, böyük məsuliyyət tələb edən bir işdir. Hər ilmənin, naxışın, gülün, çiçəyin mənasının açılması bir elmdir, fəlsəfi mənadır, tarixi sənəddir. Xalça sənəti öyrədir ki, bu xalqın əlləri ilə ürəyinin, hisslərinin, duyğularının vəhdəti bir dəryadır. Biz bu sənəti qoruyub yaşatmalı və gələcəyə çatdırmalıyıq. Azərbaycanın bütün bölgələrinə, coğrafi mövqeyinə, naxış kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə xalçaçılıq məktəblərimizin özəllikləri, toxunma alətlərini, iplərin əyrilməsi, boyanması, xalça ilə bağlı ən qədim adət və ənənələrimiz haqqında məlumatlar, eyni zamanda elmi axtarışları burada öz əksini tapıb. Müəllifin bu ensiklopediyanı yaratmaq istəyi məhz bu mənəvi varidatımızı toplamaq, ona sahib çıxmaq, qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürməklə yanaşı həmçinin bu sənətin sirlərini yetişən nəslə açmaq, xalça irsimizin mənəvi dəyərini, gücünü, milli özünəməxsusluğunu öyrənmək və yaşatmaq zərurətindən yaranmışdır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.