60 yaşın yaradıcılıq töhfəsi

Tanınmış yazıçı- publisist, fəlsəfə doktoru Zemfira Məhərrəmli sənədli- bədii yaradıcılığının seçmə və növbəti nümunələrinin toplandığı, kitablarının sayını ona çatdıran “Ömür bitər, yol bitməz...” və “Oyuncaq” nəşrlərini ömrünün altıncı onilliyinin tamamında həmkarlarının iştirakı ilə ictimaiyyətə təqdim etdi.

Bu münasibətlə Azərbaycan Mətbuat Şurasının Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mərasimi giriş sözü ilə açan AMŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 60 illik yubileyinə yeni yaradıcılıq töhfələri ilə gələn Zemfira Məhərrəmlinin 40 ildən artıq bir dövrü əhatə edən jurnalistik fəaliyyətindən, həmişə maraqla izlənilən ədəbi- bədii yaradıcılığından söhbət açdı. Yubilyarın Qarabağ müharibəsinin od- alov saçan səngərlərindən tutmuş müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə milli jurnalistikamızı və ölkə qadınlarını ləyaqətlə təmsil etməsinə, müstəqillik illərində yaranmış Ombudsman Aparatının ictimaiyyətlə əlaqə şöbəsinə yüksək səriştə ilə rəhbərlik etməsinədək geniş içtimai-siyasi fəaliyyətini də yüksək dəyərləndirən deputat onu çağdaş jurnalistikamızın istedadlı və məhsuldar nümayəndəsi kimi səciyyələndirdi.

AMŞ sədri daha sonra həmkarımızı yeni kitablarının işıq üzü görməsi və anadan olmasının 60 illiyi münasibətilə səmimi təbrik etdi, media ictimaiyyətinin xoş arzularını səsləndirdi. Əflatun Amaşov milli jurnalistikamızın inkişafına göstərdiyi xidmətə görə Zemfira Məhərrəmlinin layiq görüldüyü Azərbaycan Mətbuat Şurasının Diplomunu ona təqdim etdi.

AMŞ Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov yubilyarla bioqrafiyalarının oxşar tərəflərindən ayrı- ayrı vaxtlarda Bakı Dövlət Univesitetinin jurnalistika fakültəsində Nəsir İmanquliyev, Nurəddin Babayev, Seyfulla Əliyev, Şirməmməd Hüseynov, Nəriman Zeynalov kimi görkəmli jurnalistika mütəxəsislərindən dərs almalarından, üstəlik, unudulmaz mətbuat xadimi Nəsir İmanquliyevin rəhbərlik etdiyi populyar “Bakı”-"Baku" qəzetinin say- seçmə yazarları sırasında çalışmalarından söhbət açdı. Qocaman yazıçı- publisist Zemfira Məhərrəmlinin yetkin jurnalist kimi formalaşmasında bu iki məktəbin önəmli amil olduğunu vurğuladı. AMŞ sədri çıxışının sonunda ömrünün altıncı onilliyini ciddi yaradıcılıq uğurları, ailə xoşbəxtliyi ilə qarşılayan Zemfira Məhərrəmlinin və onunla jurnalistika fakültəsinin eyni qrupunda oxumuş bu zaman  ailə qurmuş tanınmış telejurnalist- nəzəriyyəçi, professor Qulu Məhərrəmlinin ömrün ahıllıq çağına qədəm basan qələm sahibləri kimi rəhbərlik etdiyi Ahıl Jurnalistlər Məclisinə üzv qəbul olunduqlarını bildirdi, gənclərə yaradıcılıqda və həyatda örnək olan bu ziyalı tandemə uzun ömür, ailə səadəti arzuladı.

Məclisin davamında əməkdar  jurnalistlərdən Məzahir Süleymanzadə, İradə Tuncay, Tahir Aydınoğlu, Akif Aşırlı, yazıçı Vahid Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli yubilyarla “Bakı” qəzetində uzun illər birgə işləmiş Ənvər Məşədiyev, Qarabağ müharibəsi veteranları qurumlarının qadın təmsilçiləri Zemfira Məhərrəmlinin “Döyüşə qızlar gedir”, “Ötür durna qatarı”, “Qırx qız dastanı”, “Yaxın, uzaq ölkələr” kitabları silsiləsində və yeni təqdim olunan iki nəşrdə əksini tapmış məhsuldar yaradıcılığından, yüksək peşəkarlığından və dərin yurdsevərliyindən ətraflı söz açdılar, ömrünü bütövlükdə jurnalistikaya həsr etmiş həmkarımıza yaradıcılığının yetkin dövründə yeni uğurlar dilədilər.

Zemfira Məhərrəmli sonda mərasimin təşkilatçılarına minnətdarlığını bildirdi, söylənən xoş sözlərə görə iştirakçılara səmimi razılığını çatdırdı. Yubilyar bundan sonra da yaradıcılığında peşəkar jurnalistika, realist estetika prinsiplərinə sadiq qalacağını, xalqımıza qələmi və sözü ilə təmənnasız xidmətini davam etdirəcəyini söylədi.

T.RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında