Qloballaşan dünyanın mədəniyyət problemi

Bu yaxınlarda Mogilyov (Belarus Respublikası) şəhərində “Mədəni irs davamlı inkişaf amili kimi” beynəlxalq konfransda iştirak etmək mənə  də nəsib oldu. Qeyd edim ki, Belarus Respublikasının Mədəniyyət Nazirliyinin himayəsi altında keçirilən tədbirdə on beş ölkədən mədəniyyət işçiləri və alimlər iştirak edirdilər.

Bu konfransda iştirak edən Polşa, İtaliya və Çin kimi ölkələrin mədəni irsinin təbliği məsələləri və onların bu sahədəki təcrübəsi  bizim üçün  çox maraqlı idi. Çünki postsovet ölkələrinin təcrübəsi, kiçik istisnalar olsa da, ümumilikdə eynidir. Ona görə də Şərqdə və Avropada mədəni irsin qorunması və təbliği sahəsində vəziyyətlə bağlı ilk mənbədən məlumat almaq bizim üçün  çox əhəmiyyətli idi.

Konfransın  elə ilk gününün sonunda gəldiyim əsas qənaət belə idi ki, mədəniyyət sahəsində mövcud problemlər bütün dünya ölkələri üçün eynidir.

Çin təmsilçilərinin hesabatında mədəni irsin qorunmasında çox ciddi problemlərin yaşandığı bildirilirdi. Amma  bu vaxta kimi  informasiya təbliğatı “sayəsində” mədəni ənənələrin qorunması sahəsində Çin həmişə ideal nümunə kimi göstərilib. Amma indi rəsmi Çinin milli-mədəni identikliyini itirməyi əsas gətirərək ümumi qərbləşmə əhatə edən “vesternizasiya” ilə total mübarizə apardığı bildirilidi.

Avropa ölkələrinin nümayəndələri də yekdilliklə gənc nəsildə milli mədəniyyətə və öz millətinin mədəni-tarixi köklərinə marağın itdiyini dilə gətirirdilər. Bizə yaxın postsovet ölkələrinin təmsilçiləri də  mədəniyyət  sahəsində cox  ciddi  problemlərin olduğunu  bildirirdilər. Bunlar  ciddi  təşviş  doğuran problemlərdir.

Konfransa qatılan ölkələrin nümayəndələri baş verən hadisələrdə nəzarətsiz dəyişikliklərə, o cümlədən də sosial-mədəni stereotiplərin dəyişməsinə gətirib çıxaran qloballaşmanı “günahlandırırdılar”.

Konfransda müxtəlif xarakterli mövzular  müzakirə olundu. Amma  əsas diqqət mədəni fəaliyyət sahələrinin problemlərinə yetirildi. Və  gəldiyim qənaət bundan  ibarət oldu ki,  dünya mədəniyyəti  bu  gün öz inkişafının  çox mürəkkəb mərhələsini yaşayır.  Müasir  dövrdə  beynəlxalq münasibətlər sistemindəki mövcud tendensiyaları nəzərə alsaq, belə görünə bilər ki,  mədəniyyət artıq siyasi cəhətdən öz aktuallığını itirir.

Dünyada iqtisadi sarsıntıların güclənməsi nəticəsində mədəniyyət küncə çəkilir. Keçmiş postsovet ölkələrinin praktikləri ürək ağrısı ilə mədəniyyət ocaqlarının yaşadığı problemlərdən danışırdılar. Bəziləri bu  məsələdə hökumətləri  günahlandırmağa çalışırdılar. Bu sahənin gələcəyinə münasibətdə hamını, demək olar ki, bir məsələ narahat edir: Mədəniyyət dotasiya ilə yaşamağa davam edəcək, yoxsa o, rentabelli sahəyə çevrilmək üçün yeni yollar arayacaq. Bu  praktiklər üçün ağrılı məsələdir. Amma dünyada mövcud olan tendensiyalar mədəniyyəti rəqabət qabiliyyətli sahə olmağa məcbur edir. Dünyanın bütün ölkələrində mövcud olan dövlət idarəetmə sisteminin səmərələşdirilməsi siyasəti mədəniyyəti gəlirli sahə olmağa sövq edir.

Konfransın yekununda mədəni irsin qorunması metodologiyası məsələləri də müzakirə olundu. Qeyd olundu ki, dünyada bu metodologiya, demək olar ki, eynidir. Hətta, bu sahənin normativ-hüquqi tənzimlənməsi məsələsində prinsipial fikir ayrılığı yoxdur. Mövcud olan nadir kənaraçıxmalar yalnız yerli qanunvericiliyin xüsusiyyətləri ilə izah edilməlidir. İndi bir çox mədəniyyət ocaqları, xüsusən də, ölkələrin ucqar regionlarındakı müəssisələr əməkdaşlarının yaradıcı təəssübkarlığı hesabına yaşayır.

Bütün bu müşahidələr və nəticələr deməyə əsas verir ki, mədəniyyət artıq aktual sahə deyil və ya əvvəlki mövqeyini itirməkdədir. Mədəniyyət  deyəsən  dəbdən düşüb. Mədəniyyəti qlobal çoxişlənən mallar və kütləvi (inkubasiya) sosial-mədəni stereotiplər asanlıqla əvəz edir. Kitabxanalara, teatrlara getmək dəb deyil, dostlarla simfonik orkestrin konserti barədə danışmaq gülməlidir, son balet tamaşasını müzakirə etmək “şübhəlidir”, muzeylər isə arxaizmə çevrilib.

Bütün bunlar televiziya və internetin sürətlə inkişaf etdiyi zamanda baş verir. Bu, sadəcə, rəqabət deyil, bu, mədəniyyətimizin qaça bilməyəcəyi mövcudluq uğrunda kəskin mübarizəsidir. Mədəni olan hər şey kütləvi ola bilməz. Əvəzində “dəbdə olan” hər şey dərhal yüz minlərlə insan üçün kütləvi olaraq təqlid nümunəsinə çevrilir. Əgər kitab oxumaq yenidən dəbə minərsə, əmin olun ki, onda bu sahədə göstəricilər dərhal yaxşılaşar.

Müasir dünya öz qaydalarını diktə edir və mədəniyyət onları nəzərə almalıdır. O, qlobal meyillərə qarşı tab gətirə bilməz, onlardan, sadəcə, qaçmaq mümkün deyil, onlardan öz xeyrinə istifadə etmək lazımdır.

Asif USUBƏLİYEV,
Mədəniyyət və Turizm Nazirliyinin
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik
Mərkəzinin  direktoru, fəlsəfə  doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında