Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyi qeyd olunmuşdur

Noyabrın 27-də Naxçıvan Musiqi Kollecinin binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif  Talıbov açılışı bildirən lenti kəsmiş, tədris korpusunda yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, yenidənqurma işləri zamanı kollecin maddi-texniki bazası möhkəmləndirilmiş, zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada tədrisin nümunəvi təşkili üçün hər cür şərait yaradılmışdır. Kollecdə 5-i elektron lövhəli olmaqla 70 sinif otağı, kompüter və müəllimlər otaqları, kitabxana, iclas və idman zalları, xoreoqrafiya sinfi, hərbi kabinə, səsyazma studiyası, arxiv və bufet vardır. Sinif otaqlarında tədris olunan ixtisaslara uyğun musiqi alətləri və avadanlıqlar qoyulmuşdur.

Kollecin kompüter sinfində 23 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuşdur. Elektron lövhəli siniflərdə muzeylərlə video-əlaqələr yaratmaq və virtual dərslər keçmək imkanı vardır. Həmçinin tələbələr bu siniflərdə musiqi nəzəriyyəsinə aid elektron dərsliklərdən istifadə etməklə, eləcə də müxtəlif konsert proqramlarını izləməklə bilik və bacarıqlarını artıracaqlar. Kitabxana dünya klassiklərinin, Azərbaycan və Naxçıvan bəstəkarlarının əsərləri, milli musiqi sənətinə, bəstəkar və xalq mahnılarına aid dərsliklər və digər ədəbiyyatlarla zənginləşdirilmişdir.

Ali Məclisin sədri qədim musiqi aləti olan “Naxçıvan tənburu”nu Musiqi Kollecinə hədiyyə etmiş, kollecdə Azərbaycan xalq musiqisi sinfinin yaradılması, sinfin milli musiqi nəzəriyyəsinə aid ədəbiyyatlarla və xalq çalğı alətləri ilə zənginləşdirilməsi barədə tapşırıq vermişdir.

Sonra Naxçıvan Musiqi Kollecinin kollektivi ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar.

Həmin gün Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Musiqi Kollecinin 40 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyi münasibətilə kollecin müəllim və tələbələrini təbrik edərək demişdir: “ Ümummilli liderimizin himayəsi ilə 1975-ci ildə fəaliyyətə başlayan bu təhsil ocağı ötən 40 ildə böyük yol keçmişdir. Kollec orta ixtisaslı musiqiçi kadrların və mütəxəssislərin hazırlanması, xalq musiqisi ənənələrinin yaşadılması, eləcə də klassik və dünya musiqisinin öyrənilməsi və təbliği sahəsində səmərəli fəaliyyət göstərir. Naxçıvan Musiqi Kollecini bitirən 3 minə yaxın məzun bu gün mədəniyyət müəssisələrində, uşaq-musiqi məktəblərində çalışaraq Azərbaycan musiqi mədəniyyətinin inkişafına öz töhfələrini verirlər. ”

Ali Məclisin sədri Azərbaycan mədəniyyətinin inkişafında, musiqi sənətimizin gənc nəslə öyrədilməsi və yaşadılmasında səmərəli fəaliyyətinə görə Naxçıvan Musiqi Kollecinin kollektivinə təşəkkür etmişdir.

Sonra Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xüsusi aylıq təqaüdünə layiq görülən gənc istedadlara mükafatların təqdimatı olmuşdur. 

Ali Məclisin sədri fəxri adların döş nişanlarını və vəsiqələrini, adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüş Naxçıvan Musiqi Kollecinin tələbəsi Səkinə Quliyevaya və Culfa Şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Uğur Ramazanlıya mükafatları təqdim etmişdir.

Təltif olunanlardan Azərbaycan Dövlət Filarmoniyasının solisti Eytiram Hüseynov “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti” fəxri adına layiq görüldüyünə görə Ali Məclisin sədrinə minnətdarlıq etmiş, bu adı öz fəaliyyəti ilə doğruldacağını bildirmişdir.

Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidov göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlıq etmiş, ixtisaslı musiqiçi kadrların hazırlanmasında fəaliyyətlərini daha da gücləndirəcəklərinə söz vermişdir.

Sonra Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında