Xalq yazıçısı Elçinin “Şekspir”i Nyu-York tamaşaçılarını heyran edib

Nyu-Yorkun dünya şöhrətli “Brodvey” teatr məhəlləsində yerləşən Mint Teatrında məşhur Azərbaycan yazıçısı Elçinin “Şekspir” pyesinin motivləri əsasında hazırlanmış “Şekspir kosmosda” adlı ekssentrik komediya nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru “The Complete Theatre Company” teatr truppasının bədii rəhbəri Enni Uarddır.

Pyesin mahiyyəti insanların hər gün qarşılaşdığı vacib problemlərə baxmayaraq, sevgi və sədaqət hisslərini uca tutmağı təbliğ etməkdir. Qəhrəmanlar bu aktual problemlərin müasir cəmiyyətdə vəziyyətini təcəssüm edirlər. Başqa planetdən gəlmə bir varlıq hər kəsin şüuraltı dünyasında sevginin qüdrətini həm özü üçün, həm də tamaşanın qəhrəmanları üçün kəşf edir.

Tamaşanın bədii rəhbəri Enni Uard  müsahibəsində “Şekspir” əsərinin Nyu-Yorkda tamaşaya qoyulması imkanına görə “The Complete Theatre Company” adından Elçin Əfəndiyevə minnətdarlığını bildirərək qeyd edib ki, tamaşada çıxış edən 8 aktyorun hamısı öz rollarının öhdəsindən gəlib.

Enni Uard deyib: “Biz Azərbaycan pyesini Nyu-York tamaşaçısı üçün uyğunlaşdırmaq məqsədilə ona yaradıcılıq baxımından müəyyən dəyişikliklər etdik və yumoru “amerikanlaşdırdıq”. Tamaşada hadisələr sürətlə cərəyan edir, çoxlu musiqi və səs effekti var. Hər şey o qədər dinamikdir ki, hər pərdədən sonra aktyor, sanki indicə marafon yürüşü qaçmış kimi, sözün yaxşı mənasında, əldən düşür. Hərəkətlər çox enerjilidir. Biz “Şekspir” əsərinin əvvəlki adını dəyişdirərək, tamaşanı “Şekspir kosmosda” adlandırdıq. Tezliklə “Ulduz müharibələri” adlı növbəti film ekranlara çıxacaq, hazırda kinoteatrlarda “Marslı” filmi nümayiş etdirilir, “Qravitasiya” isə nisbətən yaxın vaxtlarda ekranlara çıxıb. Buna görə biz tamaşanın adını dəyişməklə, onu kosmos haqqında göstərilən filmlər məcrasına daxil etməyə çalışmışıq".

Sonra Enni Uard, bir növ sürpriz kimi, bildirib ki, məhz bu tamaşa onun həyatında radikal dəyişikliklərə səbəb olub: “Tamaşa üçün kastinq zamanı məlum oldu ki, baş həkim roluna birinci seçimim olan aktyor başqa bir işdə çox məşğul olduğuna görə bu rolu ifa edə bilməyəcək. Mənim üstünlük verdiyim ikinci aktyor da başqa bir tamaşanın aktyor heyətində məşğul olduğuna görə bu rolu ifa edə bilmədi. Bu rolu oynamaq istəyən üçüncü aktyor, mənim fikrimcə, o qədər də yaxşı namizəd deyildi. Amma o, kastinqdə iştirak etməyi xahiş etdi, kastinqdə seçildi və ən yaxşı aktyorlardan biri oldu və bütün bunlar sonda bizim nişanlanmağımızla nəticələndi”.

Nyu-Yorkun teatr cəmiyyətində məşhurlaşmış bu tamaşa noyabrın 18-dən 22-dək 6 dəfə göstərilib.

Elçin Əfəndiyev Azərbaycan incəsənətinin dünyada populyarlaşmasına böyük töhfələr verib. “Şekspir” onun başqa ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Böyük Britaniya və ABŞ-ın teatrlarında tamaşaya qoyulmuş pyeslərindən biridir.

Yusif BABANLI,
AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında