Heydər Əliyev Fondu “Mirzə Şəfi müəmması”na işıq salan tədqiqatı xaricdə nəşr etdirmişdir Yeni kitablar

Heydər Əliyev Fondu yarandığı gündən apardığı xoşməramlı layihələri ilə, xalqımızı sevindirən işlər gerçəkləşdirməsi ilə çağdaş tariximizə silinməz izlər qoymaqdadır. Dünyanın və ölkəmizin görkəmli sənətkarlarının irsinin təbliği, bəşəri yazıçıların əsərlərinin nəşri, musiqi, rəssamlıq, heykəltəraşlıq, milli geyim, xalçaçılıq, dekorativ tətbiqi sənət, və s. mədəni dəyərlərin tədqiqi və qorunması ilə bağlı fondun gördüyü işlər beynəlxalq aləmdə maraqla izlənilir.

Tədqiqatçı alimlərin araşdirmalarına da fondun fəaliyyətində geniş yer ayrılmışdır. Onlardan biri də filologiya elmləri doktoru, professor Akif Bayramovun Mirzə Şəfi Vazehin həyat və yaradıcılığına həsr etdiyi əsərin nəşridir. Həmin monoqrafiya 2015-ci ildə “Printed in Turkey” nəşriyyatinda çap olunmuşdur. Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin taleyi bəlalı olmuşdur. Soydaşımızın  alman şərqşünası Fridrix Bodenştedtlə dostluq münasibətlərinin nəticəsi olaraq, alman dilinə tərcümə edilən və əvvəlcə “Mirzə Şəfinin nəğmələri” adı ilə nəşr olunan seirləri qısa müddətdə Avropada geniş yayılaraq müəllifinə böyük şöhrət qazandırıb.

Sonradan bu əsərlərin gözlənilməz şöhrəti Bodenştedti oxucuları aldatmağa vadar edib. O, bildirib ki, bu şeirlərin müəllifi özüdür və guya, Mirzə Şəfi alman şairinin yaratdığı poetik bir obrazdır. Beləliklə, o zamandan Mirzə Şəfinin həyatı, ədəbi və pedaqoji yaradıcılığı haqqında qarışıq məlumatlar, onun Bodenştedtlə olan münasibətləri haqqında yanlış faktlar ortaya çıxıb.

Yüz ildən çox bir vaxtda bu müəmmanın araşdırılmasına Almaniyanın, Rusiyanın, Azərbaycanın tanınmış ədəbiyyatşünasları maraq göstəriblər. Lakin heç biri bu problemə nöqtə qoya bilməyib. S.Mümtaz, Ə.Seyidzadə, Ə.Abid, M.Rəfili, M.Ələkbərli, F.Qasımzadə, İ.Yenikolopov — bu ədəbi münaqişəni araşdıran tədqiqatçıların tam olmayan siyahısıdır. Filologiya elmləri doktoru Akif Bayramov da problemin tədqiqinə qoşularaq ayrıca bir əsər ərsəyə gətirib.

 Müəllifin çoxillik tədqiqatının nəticəsində F. Bodenştedtin tərcüməçilik fəaliyyəti qiymətləndirilmiş, onun Mirzə Şəfi irsinin Avropada məşhurlaşmasında rolu və plagiatlığı elmi cəhətdən sübut edilmişdir. Akif Bayramovun əsas xidməti odur ki, o, ilk dəfə Mirzə Şəfinin müəllifliyinin saxtalaşmasını xronoloji ardıcıllıqla sistemləşdirib. Alimin tədqiqatında Moskvadakı Rusiya Dövlət Kitabxanasından, Sankt-Peterburqdakı Saltıkov-Şedrin adına kitabxanadan, M.F.Axundov adına Mərkəzi Dövlət Kitabxanasından, Berlindəki Humbolt adına Dövlət Universitetinin və Drezden şəhərinin kitabxanasından əldə edilmiş materiallardan ciddi sübutlar kimi istifadə olunub.

Elmi işin müvəffəqiyyətini təmin edən amil odur ki, soydaşımız Mirzə Şəfinin həqiqi müəllifliyinin təsdiq olunması işinin yönünü düzgün təyin edib: Bodenştedtin özünün M.Şəfi haqqında söylədiklərinin müqayisəli analizi; hər iki ədibin müasirlərinin və indiki tədqiqatçılarının onlar haqqında söylədiklərinin detallı tədqiqi; M.Şəfinin alman dilinə tərcümə edilmiş irsinin və orijinalının tutuşdurulması.

A.Bayramov elmi dəqiqliklə çox vacib sualın cavabını tapıb: niyə M.Şəfinin müəllifliyinin sübutu bu qədər uzun çəkib? Müəllif belə hesab edir ki, buna səbəb aşağıdakılardır: şairin avtoqraflarının azlığı, Bodenştedtin M.Şəfi haqqında ziddiyyətli ifadələri, alman yazarın şəxsi arxivinin tədqiq olunmaması, problemə dair alman mətbuatının və ədəbiyyatının birtərəfli tədqiqi, ikinci dərəcəli mənbələrə istinad və s. Monoqrafiyada ilk dəfə, Bodenştedtin müəllifliyini birmənalı təkzib edən və poetik əsərlərin müəyyən qisminin böyük Azərbaycan şairinə məxsus olduğunu sübut edən müəlliflərin elmi tədqiqatlarının antologiyası da təqdim olunub.

M. Şəfinin yaradıcılığını öyrənən digər ədəbiyyatşünasların səhvi onda olub ki, onlar M.Şəfinin şeirlərini Sədinin, Xəyyamın, Hafizin, Caminin, Nasirin və başqalarının əsərləri ilə qarışdırıblar. Onlar M. Şəfinin adı ilə bağlı bütün alman nəşrlərinin mütərəqqi olduğunu deyirdilər, halbuki Bodenştedtin özünə məxsus olan nəşrlər dar elmi düşüncənin məhsulu idi. Akif Bayramovun monoqrafiyasının əksər hissəsi alman alimlərinin M. Şəfinin əsərlərinin tapılmasında və ona məxsusluğunun sübut olunmasında oynadıqları rola həsr olunub. A. Berjenin, Q. Rozenin, B. Qrutanın, K. Zyundermeyrin mülahizələrinin qeyri-obyektivliyini sübut edərək, A. Bayramov bu mənbələrin M. Şəfi yaradıcılığının öyrənilməsinə neqativ təsirini də göstərib. A. Bayramovun problemin həllində şəksiz xidməti və elmi obyektivliyi həm də odur ki, o, F. Bodenştedtin həyat və yaradıcılığını, ədəbi xadim kimi güclü və zəif tərəflərini dərindən tədqiq etməklə yanaşı, M. Şəfinin məşhur əsərlərinin Avropa oxucusuna tanıdılmasında və bu günə gəlib çıxmasında müsbət rolunu da qeyd etmişdir. Böyük çətinliklə bu əsərlərin M. Şəfiyə məxsus olduğunu sübut edən ədəbiyyatşünaslarımız dahi şairlərimizdən birini xalqımıza qaytarıblar.

Yüz ildən çox detektiv tarixi olan Vazeh irsinin sirrinin açılması “Uilyam Şekspir” imzası ilə dünyaya dahiyanə əsərlər bəxş etmiş şəxsiyyətin tədqiqi prosesini xatırladır. Stradforlu Şekspirin bu irsin müəllifi ola bilməməsi sübut ediləndən sonra, həqiqi tədqiqat epoxası başlamışdı. Mark Tven Şekspiri “heç vaxt möcvud olmayan insanlardan ən nəhəngi” adlandırırmışdı. Nəhayət, sirrin açarını həyatını bu məsələyə həsr etmiş rus professoru İlya Qililov taparaq, Şekspir adı ilə dahi əsərlər yaradan şəxsin kimliyini müəyyən etmişdi: bu, ulu babaları Şervud meşələrini qoruyub bir-birinə ötürən Retlendin V qrafı Menners Rodjer idi. Akif Bayramov da dünya ədəbiyyatşünslığına oxşar xidməti göstərmişdir. İ.Qililovun da, A. Bayramovun da bir məqsədi olub: həqiqəti tapıb cəmiyyətə çatdırmaq. Hər iki tədqiqatçı öz süurlu həyatını yeganə problemin həllinə həsr ediblər. Qeyd edək ki, monoqrafiyanın rus dilində də çap olunması kitabın oxucu auditoriyasını artıraraq, Azərbaycan ədəbiyyatının korifeyi barədə həqiqəti xarici aləmə təqdim edəcək. Heydər Əliyev Fondunun və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu yöndə ardıcıl, məqsədli və  nəcib fəaliyyəti məhz milli mədəniyyətimizin incilərini dünyaya tanıtmağa xidmət edir.

Ziyəddin MƏHƏRRƏMOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında