Dövlət Bayrağı Günü qeyd olundu

Noyabrın  9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Bu  günlər  ölkəmizin  bütün təhsil müəssisələrində  bu münasibətlə tədbirlər keçirilir. Bakı  şəhəri 5 nömrəli  peşə  liseyində bu  münasibətlə  keçirilən mərasimdə  çıxış edən liseyin direktoru Fikrət  Nəbiyev Dövlət  Bayrağı  Gününün  qeyd olunmasının əhəmiyyətindən  danışdı. Qeyd etdi ki,  Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Direktor onu da  vurğuladı ki, bu il  sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu liseydə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış oldu, öz təklif  və tövsiyələrini verdi. Bu, ölkədə  peşə təhsilinə, onun   gələcək inkişafına   göstərilən qayğının bariz nümunəsidir.  Təhsil  naziri  Mikayıl Cabbarov  da  dəfələrlə  bu liseydə olmuşdur.

Bu təhsil ocağı 1971-ci ildə respublikada radio-elektronika sənayesi üçün fəhlə kadrlarının hazırlanması məqsədilə Bakı radio zavodunun nəzdində açılıb. Peşə məktəbi 1985-ci ildə 960 yerlik bu kompleksə köçürülüb. 1996-cı ildə isə məktəbə  Bakı Peşə Liseyi statusu verilib. Liseydə 2013-cü ildən yenidənqurma işləri başlayıb və yeni emalatxanalar yaradılıb. Bu il isə təhsil ocağının üçmərtəbəli tədris korpusunda təmir işləri  yüksək səviyyədə həyata keçirilib.

Dövlətimizin  qayğısı  nəticəsində  liseydə 41 kabinet yaradılıb. Bunlardan 7-si fənn kabineti, 3-ü laboratoriya, 23-ü isə ümumtəhsil fənn kabinetidir. Təhsil ocağında 8 tədris emalatxanası var.

Qeyd olundu ki, lisey 2013-cü ildən ilk peşə ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönələn, dövlət-biznes tərəfdaşlığına əsaslanan “Müasir Azərbaycan peşəkarları” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində müxtəlif peşələr üzrə yüksək maddi-texniki bazaya malik tədris ocaqları yaradılıb. Liseydə turizm sektoruna aid ixtisasların hazırlanmasına da böyük əhəmiyyət verilir. Bunun nəticəsidir ki, bu il ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının iştirakçılarına xidmət göstərmək üçün müxtəlif peşələr üzrə 200 nəfərdən artıq kadr hazırlanıb.

Təhsil ocağının geniş akt zalında isə həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür. Məktəbin idman zalı da müasir səviyyədədir. Liseydə bu il yeni fizika və kimya laboratoriyaları və kitabxana da yaradılıb.

2015-2016-cı tədris ilində bir neçə dövlət qurumu və özəl təşkilatın sifarişi əsasında liseydə kadr hazırlığı nəzərdə tutulub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva çıxış edərək   Dövlət Bayrağı Günü münasibətilə liseyin  müəllim  və şagirdlərini   təbrik etdi, onlara  təhsildə müvəffəqiyyətlər arzuladı.

Tədbirdə liseyin şagirdləri bayram münasibətilə  hazırladıqları səhnəciklər nümayş etdirdilər, seirlər dedilər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında