“Tale yolu”nun izi ilə

Şair, publisist Muxtar Qasımzadənin yenicə çapdan çıxmış  kitabı “İllərdən illərə” adlanır.  Müəllif  bu kitabda ilk mətbu nümunələrini – şeir, poema, hekayə, resenziya, zarisovka və fotoları oxuculara təqdim edir. “Tale yolu”adlanan giriş hissədə şair  keçdiyi həyat və yaradıcılıq  yolu ilə bizi tanış edir.

Kitabın “Resenziyalar” bölməsində müəllifin  tanınmış şair və yazıçılar—Kəmalə Ağayeva, Hüseyn Razi, Əhməd Qəşəmoğlu, Əbülfəz Naxçıvanlı, Cavanşir Eloğlu və başqalarının Bakıda, Moskvada çap olunan kitablarına ayrı-ayrı illərdə yazdığı rəylərlə  tanış oluruq.Bu resenziyalarda söz ustadlarının   poeziya və nəsr  kəhkəşanında tutduqları yer, vətəndaşlıq  mövqeyi, Vətən, torpaq, xalq sevgisi, sənət dünyasında axtarışları, poetik duyğuları böyük məhəbbətlə təhlil olunur.

Kitabda  Naxçıvanda xalq qəhrəmanı Babəkin 14 metrlik heykəlini ucaldan rəssam-heykəltaraş Elman Cəfərov, ecazkar təbiət mənzərələrinin ən yaxşı nümunələrini yaratmış  rəssam Babək Abuzərli, ömrü boyu  qədim nəfəsli musiqi alətini el  şənliklərində, bayramlarda, respublika və beynəlxalq  festivallarda səsləndirib ifaçılıq məharətini göstərən Əli Sevdimalıyev, elləri, obaları gəzib dastan danışmış çobankərəli Aşıq Qulu, tarixin yadigarı, tərtibatçı-rəssam, heykəltaraş Arif  Qədimin yaratdığı zəngin qalereyadan ibarət Naxçıvan  xalça muzeyi, xalq sənətini yaşadanlar  haqqında məqalələr  qəlbimizdə iftixar və məhəbbət duyğuları yaradır. “Səyahət dəftəri”ndən “Bizim idarədə şeytan yoxdur”  adlı hekayə  öz  mövzu  aktuallığı  və oxunaqlığı ilə şairin nəsr yaradıcılığının yeni bir səhifəsini təşkil edir.

 “Poeziya” bölməsində şair bizi ecazkar Naxçıvan təbiəti ilə yanaşı, yaxın və uzaq ünvanlara aparır. Öz dəsti-xətti, poeziya aləmi olan şair  “Avtoportret” ,"Gülüstan türbəsi", “Naxçıvanım”, “Mərhum şairlərə məktub”, “Şeir”, “Mən itmərəm”, "Telli saz" , “Fəhlə ömrü”, “İllərin qanadında”, " Nə bilim" və digər şeir  və qəzəllərində özünəməxsus  poetik fikirlər çələngini təqdim edir. Doğma torpağa, yurda məhəbbət, xalqımızın qəhrəmanlıq tarixi, gələcək nəsillər üçün yaradılan  yadigarlar, Vətən, millət sevgisi şairin iç dünyasından süzülüb gələn misralara çevrilir.

 “Yaradan əllər” poemasında müəllif  müasir abidələr," göydələn"lər, binalar inşa edən, yeni ünvanlar yaradan, zəhmət meydanında gecə-gündüz  zəfər yazanların əməyini ilhamla tərənnüm edir.

Muxtar Qasımzadənin şeirləri  rus, ingilis, fransız,  fars və digər dillərə tərcümə olunmuş  və bu poeziya nümunələri də yaddaşlara  yazılmışdır. Kitabda  onun xarici dillərdə nəşr olunmuş şeirlərindən nümunələr öz əksini tapmışdır. Akademiklər Bəkir Nəbiyev, İsa Həbibbəyli, görkəmli şairlər  Cabir Novruz, Hüseyn Razi, Fikrət Qoca, Nüsrət Kəsəmənli və başqaları   M.Qasımzadənin yaradıcılığına yüksək qiymət vermişlər.

“Xatirə körpüsü” adı altında verilmiş foto-şəkillər, məktublar, əlyazmaların  hər biri dəyərli xatirədir.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan buraxılmış yeni nəşr M.Qasımzadənin respublika qəzet və jurnal səhifələrində dərc olunan  məqalə və şeirlərinin, radio və televiziya verilişlərinin  yalnız bir hissəsini təşkil edir.

Afət SADIQOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında