Xalq artistinin 100 illik yubileyi qeyd olundu

Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə,  Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə baş tutan gecədə M. Şeyxzamanovun sənət dostları görkəmli sənətkarın həyat və yaradıcılığından danışmış, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunmuşdur.

Yubiley mərasiminin rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov idi.

Məlumat üçün bildirək ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib. 1954-cü ildə mədəniyyət nazirinin əmri ilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb.

Teatrda “Göz həkimi” tamaşasında Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi, “Vaqif”də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb.

M. Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə “Bəxtiyar” filmində Rəcəbov rolu ilə çıxıb. Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradıb. 1963-cü ildə Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi “Əhməd haradadır?” musiqili komediyasında Şirin kişi rolunda çıxış edib. 1976-cı ildə sənətkar daha bir yaddaqalan obrazını yaradıb. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edib.

M. Şeyxzamanov 1984-cü il yanvarın 25-də vəfat edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında