... Mənim üçün son dərəcə doğma olan bu məktəbin qapısını sonuncu dəfə 46 il bundan əvvəl açmışam. Bu müddət ərzində yüz dəfələrlə yanından o yana – bu yana keçmişəm, amma dönüb kandarından içəri keçməmişəm. Bilirsiz niyə? Düşünürdüm ki, mənə 10 il zəhmət çəkib təhsil verən, müstəqil həyata hazırlayan bu müqəddəs ocağın qapısını “əliboş” açmayım, heç olmasa, əziz müəllimlərimin, şagird dostlarımın görüşünə alnıaçıq, üzüağ gəlim. Həmin görüş bu günün bəxtinə düşdü...
Bu fikirləri Azərbaycanın tanınmış arxeoloqu, tarix elmləri doktoru, professor, Milli Televiziya və Radio Şurası sədrinin müavini, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qafar Cəbiyev anadan olmasının 65-ci ildönümü münasibətilə oktyabrın 27-də İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində təşkil edilmiş tədbirdə səsləndirdi. Özü barədə, çoxşaxəli fəaliyyətində qazandığı uğurlar haqqında təvazökarcasına və xəsisliklə danışsa da təcrübəli pedaqoq kimi, çıxışında əsas diqqəti gənc nəslin təhsilinə, təlim-tərbiyəsinə, elmi biliklərə dərindən yiyələnmək zərurətinə yönəltdi.
Qeyd etdi ki, İsmayıllı respublika miqyasında həmişə özünün təhsil ənənələri ilə tanınan rayon olub. İsmayıllıların təhsil sahəsindəki müsbət iş təcrübəsi öyrənilərək ölkə miqyasında yayılıb. Neçə onilliklərdir ki, İsmayıllı məktəbləri ali məktəblərə qəbul göstəricilərinə görə respublika üzrə birincilər sırasındadır. Görünür, elə məhz bu cəhəti nəzərə alaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev İsmayıllıya rayonun parlaq yetirmələrindən biri, uzun illər elm və təhsil sahəsində məsul vəzifələrdə çalışmış, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Mirdamət Sadıqovu rayon icra hakimiyyətinin başçısı təyin edib. Bu uğurlu təyinatın bəhrələrini siz məndən də yaxşı görür, duyur və hiss edirsiniz. Respublikamızın bütün bölgələrində – kənd, qəsəbə, rayon və şəhərlərində gedən quruculuq və abadlıq işləri burada bir qədər də geniş və düşünülmüş şəkildə, elmi əsaslar üzərində aparılır. Təhsilə, elmə, mədəniyyətə daha çox diqqət yetirilir, insanların, xüsusən gənc nəslin qəlbində doğma yurda bağlılıq, torpağa sevgi, Vətənə məhəbbət, sabaha inam hissi tərbiyə olunur. Bundan yetərincə yararlanmaq lazımdır...
Talıstan məktəbindəki tədbir sonra daha geniş şəkildə İsmayıllı Mədəniyyət Mərkəzində davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı, Mirdaməd Sadıqov tədbiri açaraq qeyd etdi ki, ismayıllılar elmi, təhsili, mədəniyyəti üstün tutan, alimə, ziyalıya hörmət qoyan insanlardır. Bura toplaşanların çöhrələrinə diqqət yetirin, görün necə sevinirlər. Bu, bir tərəfdən İsmayıllı torpağının yetirdiyi görkəmli alim, publisist Qafar Cəbiyevin 65 illik yubileyi ilə əlaqədardırsa, digər tərəfdən Azərbaycanımızın çox dəyərli insanlarının – akademiklərin, professorların, digər ziyalıların bu görüşdə iştirak etməsi ilə bağlıdır. Bu sevinci bizə bəxş etdiyinizə görə ismayıllılar adından sizə dərin minnətdarlığımı bildirirəm. Qafar Cəbiyev İsmayıllı torpağında böyüyüb boya-başa çatsa da, indi bütün Azərbaycanımızın oğludur. Onun uğurlarına bütün İsmayıllı camaatı sevinir və öz dəyərli həmyerlimizə yeni-yeni uğurlar arzulayırıq.
Tədbirdə Qafar müəllim haqqında xoş sözlər deyildi, fəaliyyətinə yüksək qiymət verildi. Həmin çıxışlardan bəzi məqamları oxucuların diqqətinə çatdırırıq.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru , AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Milli Məclisin deputatı Yaqub Mahmudov:
– Mən fəxr edirəm ki, Azərbaycanımızda Qafar müəllim kimi dəyərli alimimiz və ziyalımız var. Qafar müəllim Azərbaycan tarixi elmində dərin iz qoyan alimlərimizdəndir. Digər xidmətləri ilə bərabər, professor Qafar Cəbiyevin “Girdiman tarixi və tarixi coğrafiyası” adlı fundamental əsəri Azərbaycan albaniyaşünaslığına onun töhfəsi kimi dəyərləndirilməlidir. Əvvəla, həmin mövzünün dərin elmi əsaslarla araşdırılması tarixşünaslığımız üçün ona görə aktualdır ki, Girdiman dövlətinin tarixi və ərazisi barədə sovetlər dönəmində xüsusi məqsəd güdən ciddi saxtakarlığa yol verilmişdi. Azərbaycanın qədim vilayəti olan Girdimanı Şirvandan uzaqlaşdırıb onun sərhədlərini indiki Ermənistana yaxın regiona aparıb çıxaran erməni tarixçiləri, əslində, mifik “Böyük Ermənistan”ı reallaşdırmaq və ölkəmizə qarşı ərazi iddialarını “əsaslandırmaq” məqsədini güdürdülər. Qafar Cəbiyev ciddi və inkaredilməz elmi əsaslara söykənərək erməni tarixçilərinin bütün iddialarını alt-üst etdi və belə bir möhtəşəm əsərlə sübut etdi ki, Girdiman dövləti Şirvan ərazisində yaranmış, təşəkkül tapmış və öz inkişafının zirvəsinə yüksəlmişdir. Bu, real tarixdir, olmuş tarixdir, bizim tariximizdir. Həm də, bu, təkcə müəllifin deyil, ümumiyyətlə, tarix elmimizin böyük uğurudur.
Akademik Teymur Bünyadov:
— Mənim aləmimdə Səməd Vurğundan böyük şair yoxdur. Dahi Səməd Vurğunun, sözün həqiqi mənasında, vurulduğu, vəsf etdiyi Talıstan kəndinə gəldiyimiə və sizinlə – saf əqidəli, təmiz niyyətli talıstanlılarla görüşdüyümə görə özümü xoşbəxt sanıram. Mən Qafarın xətrini çox istəyirəm. Talıstandan olduğunu biləndən sonra ona olan rəğbət və məhəbbətim qat-qat artıb. Qafar özünün bənzərsiz xarakteri – təvazökarlığı, mədəniyyəti, səmimiyyəti, qayğıkeşliyi, zəhmətkeşliyi ilə mənim qəlbimə yol tapıb, hüsn-rəğbətimi qazanıb. O, böyük ləyaqət sahibidir. Qafar Cəbiyev öz yurdunun tarixini yazmaqla bütöv Azərbaycan tarixini zənginləşdirib. Qafar elə bir oğuldur ki, onunla nəinki Talıstan, İsmayıllı, hətta bütün Azərbaycan fəxr edə bilər...
AMEA-nın müxbir üzvü, tarix elmlər doktoru, professor Vəli Əliyev:
– Düz, qırx il bundan əvvəl aspiranturaya qəbul imtahanı götürürdüm. Bir yerə iki namizəd vardı. Biri mənim öz həmyerlim – naxçıvanlı idi, sənədlərinə baxıb öyrənmişdim. Digəri isə həmin bu Qafar idi, birinci dəfəydi ki, üzünü görürdüm. İnsafən, hər ikisi suallara əhatəli cavab verdi. Amma Qafarın mövzuya daha dərindən bələdliyi, güclü məntiqi məni valeh etdi. Buna “beş” yazdım, həmyerlimə “dörd”. O vaxtdan fəaliyyətini, yaradıcılığını izləyir, uğurlarına sevinirəm. O, sözün həqiqi mənasında, şəxsiyyətdir. Altmış beş nədir ki, cavandır, daha böyük uğurları hələ qabaqdadır...
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov:
– Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Şikar Qasımov, etnoqraf-alim, tarix üzrə fəlsəfə doktoru Tofiq Babayev, Milli Televiziya və Radio Şurasının üzvü Əlvan Ağayev, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevil xanım Əhmədova, RİH-in məsul işçisi Valeh Salehov, İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetində vaxtilə bir yerdə işlədiyi həmkarı Lətifə xanım Əliyeva, Talıstan kənd orta məktəbinin direktoru Aydın Əzizov, həmin məktəbin müəllimi İradə xanım Hüseynova və başqaları çıxış edərək Qafar Cəfər oğlu Cəbiyevin müxtəlif məziyyətlərindən söz açdılar, ünvanına bol-bol təriflər yağdırdılar. Bu haqlı təriflərin “dozası” o qədər yüksək oldu ki, Qafar müəllim tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edərkən özünə xas olan təvazökarlıqla dedi: “Allah sizə insaf versin, bu qədər də tərif olar? İnanın ki, dabanıma qədər məni tər basdı”.
… Amma vaxt darlığından söz demək istəyənlərin bəzilərinə növbə çatmadı. Tədbirdən sonra Bakıya qayıdarkən Qafar müəllimin ən “köhnə” və yaxın dostlarından biri – Azərbaycan Dövlət Sirkinin direktor müavini Rəhim Qədirovdan soruşdum: – Nəsə söz deməyə cəhd etmədiniz...
– Ehtiyac duymadım, – dedi. – Qafar müəllimi kifayət qədər yaxşı təqdim etdilər, demək olar ki, hər şeyi dedilər. Mən onun digər məziyyətlərini bir yana qoyuram. Qafar müəllim etibar ediləsi, ağayana kişilərdəndir. Ən çətin anlarımda, dar günlərimdə onu yanımda görmüşəm. Belə bir insanla dost olmağımla fəxr edirəm...
Zənnimcə, burada nöqtə qoymaq olar.
Qüdrət PİRİYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.