İranlı gənc bəstəkarın əsəri Niyazinin “Rast”ı ilə eyni konsertdə səslənmək hüququ qazandı

Oktyabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında tamaşaçısı olduğumuz bir konsertin  təəssüratları bizi hələ uzun müddət tərk etməyəcək.

Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və 60 nəfərlik Dövlət Xor Kapellasının cəmi bir saatlıq  təqdimatı  təkcə sənətin qüdrəti və bədii-estetik dəyərlərin qiymətləndirilməsi baxımından deyil, həm də mədəniyyət xadimlərinin ölkələrarası dostluğa və əməkdaşlığa verdiyi önəmin  təzahürü kimi qəbul edilirdi.

Azərbaycan və İran İslam Respublikasının mədəniyyət nazirliklərinin dəstəyi, İranın ölkəmizdəki səfirliyinin  və Filarmoniya rəhbərliyinin təşkilatçılığı ilə hazırlanmış konsert proqramında dünya şöhrətli Azərbaycan dirijoru və bəstəkarı Niyazi Tağızadə-Hacıbəyovun “Rast” simfonik muğamı və İran İslam Respublikasının qeyri-adi istedadı ilə Avropa ölkələrində də ad qazanmış gənc bəstəkarı Purya Xadimin “Ələmdar” adlı simfonik poeması səsləndirildi.

Simfonik orkestrin bədii rəhbəri və baş dirijoru, professor, Xalq artisti, Dövlət mükafatı laueratı,  “Şöhrət” ordenli sənətkar Rauf Abdullayev  və Dövlət Xor Kapellasının bədii rəhbəri  və dirijoru Gülbacı İmanovanın hazırladığı bu konsert proqramının  bircə adı var idi: Azərbaycan  – İran mədəni əməkdaşlığının inkişafına verilən töhfə.  Təsadüfi deyil ki,  ölkənin əsas konsert səhnəsində   səsləndirilən   simfonik muğam və poemaya Azərbaycanda fəaliyyət göstərən müsəlman ölkələrinin diplomatik korpus rəhbərləri, rəsmi dairələrin nümayəndələri, ziyalılar,  yazıçı və şairlər, incəsənət xadimləri, mətbuat təmsilçiləri  dəvət olunmuşdular. Tədbir aşura günü ilə eyni vaxta düşdüyünə və iranlı bəstəkarın əsəri bilavasitə Kərbəla şəhidlərinə və Əbülfəzl Abbasın (ə.) xatirəsinə həsr olunduğuna görə ölkənin mömin insanları da konsertdə iştirak edirdilər. Ən yaddaqalan məqamlardan biri də o idi ki, “Ələmdar” poemasının solo hissələrini fortopianoda bilavasitə əsərin müəllifi Purya Xadim ifa edirdi.

Mən konsertdə yanımda əyləşən professorlar Ramiz Quliyev, Ağaverdi Paşayev və Telman Hacıyevlə söhbət zamanı  qeyd etdim ki, belə tədbirlərin hamısında ulu öndər Heydər Əliyevin Azərbaycan – İran dostluğuna verdiyi önəm yada düşür. Yadımdadır, 1996-cı il fevralın 3-də İran İslam İnqilabının 17-ci ildönümü münasibətilə “Gülüstan” sarayında keçirilən rəsmi tədbirdə ulu öndərimiz demişdi ki, bizim dostluq və əməkdaşlığımızın genişləndirilməsində mədəniyyət və incəsənət xadimlərinin rolu, xidməti daha böyükdür. Biz oktyabrın 25-də Filarmoniyada keçirilən tədbirdə də həmin həqiqətin şahidi olduq.  Bakıdakı İran Mədəniyyət Mərkəzinin rəhbəri, doktor Seyyid İbrahim İbrahimi  də konsertin sonundakı çıxışında xüsusilə vurğuladı ki,  İranın və Azərbaycanın mədəniyyət xadimləri bu iki ölkə arasındakı dostluğun genişləndirilməsinə hər il və ya hər ay deyil, artıq hər gün xüsusi töhfələr verirlər. Biz əminik ki, gələcəkdə bu töhfələr daha da çox olacaqdır.

Tofiq BAKIXANOV,
Xalq artisti, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında