“Müasir Azərbaycan ədəbiyyatı” ifadəsini işlədəndə, ilk növbədə, gözümüzün önünə iyirminci əsrin ədib və şairləri gəlir. Ancaq həmin əsrin özü də dəfələrlə “müasirləşib”. Çünki əsrin ilk on illərindəki ədəbi-bədii proseslər özündən əvvəlki onilliklərə nisbətən kifayət qədər fərqli şəkildə inkişaf edirdi.
Otuzuncu illər və müharibə dövrü ədəbiyyatımızın “suyu başqa yerdən götürülmüş”, müharibədən sonrakı ədəbiyyatımızın ruhu yenilənmiş, altmışıncı illər ədəbiyyatımız özünəməxsus inqilaba nail olaraq adı hər gün qabardılan “altmışıncıları” ərsəyə gətirmiş, səksəninci illər ədəbiyyatımız isə ... bax, indi haqqında söz açdığımız kitabın müəllifləri kimi onlarca oxunan və ədəbi tariximizə düşmək hüququ qazanan şair və yazıçılar yetirmişdir. Əslində, bu nəslin nümayəndələri bizim üçün “bir neçə köynək” yaxındırlar. Çünki sadaladığımız əvvəlki nəsillərin nümayəndələrinin yaradıcılığını oxumuşduqsa, “səksənincilər”in yaradıcılığı gözümüzün qabağında formalaşmışdı.
Bu günlərdə “Nurlar” Nəşriyyat - Poliqrafiya Mərkəzində işıq üzü görmüş “Bir uzun küçə” adlı kitabda səksəninci illər ədəbi nəslinin beş nümayəndəsinin – Məmməd İlqar, Qoca Xalid, Sabir Sarvan, Əjdər Ol və Ramiz Qusarçaylının şeirləri toplanmışdır. Seçilən şeirlərin hərəsi ayrılıqda bir ədəbi nümunə olsa da, ümumilikdə, hamısından səksəninci illər poeziyamızın ətri gəlir. Bu məntiqi həmin şairlərin hamısının bütün şeirlərinə tətbiq edə bilərik. Məsələn, hamı bilir ki, adı çəkilən illərdə xalqımızda özünəqayıdış, milli oyanış hissləri yaranmışdı. Şair həmin prosesi dilə gətirsə də, ünvanı tamamilə dəyişir:
Yamanca açdın gözümü,
Kordum, ömrün uzun olsun.
Bu dünyanın hər üzünü
Gördüm, ömrün uzun olsun.
Məmməd İlqarın şeirlərindən seçdiyimiz bu sitat cəmiyyətə, insana aid idi. Amma kitabda çoxlu sayda uğurlu təbiət təsvirləri də var. Məsələn, Qoca Xalidin “Kəpənək obası” şeirindəki lövhə insan ruhunu bir andaca “əyninə kəpənək geyinmiş” çiçəklərin həmin əsrarəngiz aləminə aparır:
Çiçəklər əyninə
geyər onları,
Bəzəkli-düzəkli
libası kimi.
Günlərin, ayların
tutub əlindən,
Yol gedər bahardan
payıza kimi –
Çəmənlər kəpənək
obası kimi.
Qoca Xalidi “Kəpənək obası”nın gözəlliyi heyran edirsə, Sabir Sarvan başqa gözəlliyin önündə mat qalıb. Üstəlik, ədəbi xitabını da bilavasitə onu xəyal şahmatında mat qoymuş gözəlliyə ünvanlayır:
Günəş güzgüsünü
əlindən salıb,
Çiçəklər rəngini
rəngindən alıb.
Şəhərə çıxmısan,
daş heykəllər də
Arxanca boylana-
boylana qalıb -
Hara aparırsan
bu gözəlliyi?
Sabir Sarvan vəsf etdiyi gözəllik önündə daş heykələ döndüyünü dilə gətirirsə, Əjdər Ol “Günəbaxan zəmisi” şeirində vəsf etdiyi gözəlliyin ona bağışladığı məmnunluqdan danışır:
Kürən günəbaxanlar
Günəş balalarıdır,
Nəğmələri bir qədim
cütcü holavarıdır.
Sütül gövdələr yaşıl,
tutaş kirpiklər sarı,
Gedim yaşıla sarı,
gedim sarıya sarı.
Yelpik-yelpik yel əsir
sarıdonlu səhərdən,
Durub Günə baxanlar
baxır mənə də hərdən.
Uğurlu ifadə, gözəl lövhədir. Haqqında söz açdığımız şeirlərin hər birində insanın təbiətlə, cəmiyyətlə, sənətlə, sənətkarlıqla ahəngini görürük. Ramiz Qusarçaylının Əjdər Ola yazdığı “Bu yazın gülləri səni soruşur” adlı şeirində isə insanın təbiətlə ünsiyyətinin duyğu işarələri və... dilimizin durğu işarələri görünür:
Qar üstdə çiçək var,
çiçək üstdə qar,
Açıb qar çatında
qar gülü, ay dost.
Göyərib çəmənə
çevrilən yollar
İtirib nöqtəni,
vergülü, ay dost.
Sonda qeyd edək ki, haqqında söz açdığımız kitaba “Ön söz” yazmış İlham Abbasovun fikirlərinin sonuncu abzası ilə biz də tamamilə razıyıq: “ “Səksənincilər”i bəzən “itirilmiş nəsil” adlandırırlar. Bəlkə də, bu yanaşmada bir məntiq görənlər tapılar, ancaq onları heç bir mənada “itirilmiş nəsil” adlandırmaq olmaz. Qürur hissi ilə qeyd etmək istərdik ki, zamanın kəşməkəşli gərdişi onları “itirmək” üçün nə qədər çalışsa da, onlar “itmədilər” və ədəbiyyat tariximizdə öz silinməz izlərini qoya bildilər”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.