Xalq yazıçısı Elçinin “Qatil” pyesi ekranlaşdırılıb

“Mənim üçün böyük səadətdir ki, filmimin premyerasını doğma Bakıda keçirirəm. Mən bu günü ömür boyu gözləmişəm. Fəxr edirəm ki, Elçin Əfəndiyev kimi görkəmli yazıçının əsərinə ekran həyatı vermişəm. “Qatil” pyesi əsasında hazırlanmış tamaşa 3-4 il bundan əvvəl Sankt-Peterburqda səhnəyə qoyulub və böyük maraq doğurub. Elə o vaxtdan Elçin müəllimin həmin əsərini ekranlaşdırmaq barədə düşünürdüm. Bu arzuma çatdığım üçün çox xoşbəxtəm".   Bu sözləri  Xalq yazıçısı Elçinin “Qatil” pyesi əsasında  ekranlaşdırılan eyniadlı filmin  quruluşçu rejissoru Kamran Şahmərdan deyib.

Bu günlərdə “Nizami” Kino Mərkəzində   filmin premyerası keçirilib. Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, elm və mədəniyyət xadimlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri  mərasimdə  film haqqında, ümumən  Elçinin əsərləri əsasında filmlər barədə  xoş fikirlər söylənilib.

Premyeradan əvvəl jurnalistlərə müsahibə verən yazıçı pyesi 10-12 il əvvəl yazdığını bildirib. “Pyes ilk dəfə istedadlı rejissor Mehriban Ələkbərzadə tərəfindən Azərbaycan Dövlət Akademik Milli Dram teatrında səhnəyə qoyulub. Sonradan Moskva, Sankt-Peterburq, London, İstanbul və digər şəhərlərdə  oynanılıb. İstedadlı həmvətənimiz, Finlandiyada yaşayan rejissor Kamran Şahmərdanın ”Qatil" pyesini ekranlaşdırmaq təklifini müsbət qarşıladım. Açığını deyim ki, mən bədii əsərlərin ekranlaşdırılmasının tərəfdarı deyiləm. Çünki kinossenari orijinal olmalıdır. Lakin Kamran məni inandırdı və bu ssenarini yazdım", – deyə yazıçı  bildirib.

Elçin müəllim ekran əsərinin tamaşaçıların xoşuna gələcəyinə inandığını deyib: “Bu gün film ilk dəfədir geniş ictimaiyyətə təqdim edilir. Filmin Azərbaycan dilində səsləndirilməsi də vacib məsələ idi. ”Azərbaycanfilm" kinostudiyası bu işin öhdəsindən bacarıqla gəlib".

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov isə bildirib ki, hər bir premyera kino işçiləri üçün bayram olmaqla yanaşı, həm də tamaşaçılar qarşısında hesabatdır. “Azərbaycanfilm”lə ötən əsrin 70-ci illərindən başlayaraq əməkdaşlıq edən Elçin müəllimin ssenarisi əsasında çəkilmiş filmlər hər zaman böyük maraqla qarşılanıb.  İki il əvvəl çəkilmiş “Mahmud və Məryəm” filmi Yaponiyadan tutmuş Avropa ölkələrinədək dünya prokatlarındadır.

“Hazırda Türkiyə və Rusiya prodüserləri “Qatil” əsərini yenidən ekranlaşdırmaq üçün bizə müraciət ediblər. Eyni zamanda, görkəmli yazıçımızın digər əsərinin ekranlaşdırılması ilə bağlı bir sıra Avropa kinoşirkətlərindən təkliflər almışıq və bu məsələ yaxın vaxtlarda həllini tapacaq", - deyə M. Hətəmov məlumat verib.

Kinostudiyanın direktoru onu da bildirib ki, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, bu sahədə mühüm işlər görülür. Belə ki, Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda yaşayan, əslən azərbaycanlı kinorejissorlar “Azərbaycanfilm”ə dəvət olunur. Son üç ildə 18-dək rejissor sınaqdan keçirilib. Onlardan biri də bu gün təqdimatı olan ekran əsərinin rejissoru Kamran Şahmərdandır. O, Finlandiyada yaşamasına baxmayaraq, “Azərbaycanfilm”lə əməkdaşlığı üstün tutub.

Baş rolun ifaçısı Eka Çxeidze və quruluşçu operatoru Mixail Maqalaşvili yaradıcı heyətin ekran əsəri üzərində şövqlə işlədiyini, filmin əsas ideyasını tamaşaçılara çatdırmaq üçün gərgin əmək sərf etdiklərini bildiriblər. Sonra film təqdim olunub.

Psixoloji dram janrında çəkilmiş “Qatil” müasir dövrümüzün aktual və ağrılı mövzularından biri olan tənha qadın probleminə həsr edilib. Ssenari müəllifi və yaradıcı heyət  qarşıya bunun doğurduğu fəsadları açıb göstərmək, geniş tamaşaçı auditoriyasının diqqətini bu problemə yönəltmək məqsədini qoyub və mövzunun uğurlu ekran həllinə nail olub. Film boyu ekranda yalnız iki nəfər görünsə də, bu, tamaşaçını yormur, dərin psixoloji məqamlar onu daim gərginlikdə saxlayır və düşünməyə vadar edir.

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə çəkilib. Filmin quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev və Katri Zətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları gürcü aktyorları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.

M. MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında