Kinorejissor Hüseyn Seyidzadə bütün yaradıcılıq fəaliyyətini Azərbaycanda kino sənətinin inkişafına həsr etmişdi. Bu gün kino salnaməmizdə onun böyük sənətkarlıqla yaratdığı qiymətli filmlər var. Bu filmlərdə xalqımızın milli ruhu, adət-ənənələri yaşayır. “O olmasın, bu olsun”, “Dəli Kür” kimi filmləri bizlərə o bəxş edib.
Hüseyn Seyidzadənin həyat yolu İrəvandan başlayıb. 1910-cu il oktyabrın 10-da bu şəhərdə doğulub. Atası sadə ticarətçi Mirəli bəy şəhərin tanınan adamlarından idi. Anası Ruqiyyə xanım isə evdar qadın olmuşdur. 1918-ci ildə 8 yaşlı Hüseynin ailəsi doğma yurdu tərk edərək, əvvəl Tiflisə , sonra isə Bakıya köçməli olur. Bakıya köçəndə Hüseyn artıq üçüncü sinifdə oxuyurdu. Hüseyn Seyidzadənin uşaqlıq illəri haqqında onun bacısı, mərhum Zəhra Seyidzadənin danışdığı xatirələrə diqqət yönəltmək istərdim: “Hüseyn tez-tez dərsi buraxırdı, kinoya qaçırdı, pulu olmayanda, seansdan sonra stullar arasında gizlənib, o biri seansa da baxırdı. O, elə uşaqlıqdan kinoya bağlanmışdı. Tale də onu kinoya gətirdi. Hətta anam Ruqiyyə ilə məni də kinofabrikə aparıb,”Əlsizlər" filminə çəkdirmişdi".
Hüseyn Seyidzadə bir müddət Bakıda Lenin adına trikotaj fabrikində fəhlə işləyib.1928 -ci ildə Bakı İşçi Teatrında kütləvi səhnələrdə çıxış edib. 1929 -cu ildən isə burada aktyor kimi fəaliyyətə başlayıb. Elə həmin il teatr tərəfindən onu Leninqrada ( indiki Sankt-Peterburqda) təhsilini davam etdirməyə göndərirlər. Orada Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçib 1930-cu ildə Bakıya, kinostudiyaya qayıdır. Həmin il o, “İlk komsomol buruğu” bədii filmində neftçi rolunda çəkilib. Bununla da ecazkar kino sənətindən ömrünün sonuna qədər ayrıla bilməyib.
Əvvəlcə Bakı kinostudiyasında rejissor köməkçisi işləyib. Sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. L.Kulişov və S. Eyzenşteynin rejissorluq emalatxanasında, “Lenfilm” , “Mosfilm” , Maksim Qorki adına kinostudiyalarda təcrübə keçib, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor işləyib. Sovet kinosunun adlı-sanlı ustaları Petrovun, Aleksandrovun, Yudkeviçin rəhbərliyi altında çalışıb. 1936-cı ildə institutu qurtarıb Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada “Bakılılar” bədii filmlərində dublyaj rejissoru, rejissor assistenti işləyib.
1939-cu ildə o, Niyazi Bədəlovla “Ayna” filmini çəkməyə başlayıb, amma məlum olmayan səbəblərdən film yarımçıq dayandırılıb. Bundan sonra yarımçıq qalan “Ayna”nın materiallarından istifadə edərək müharibə mövzusunda yeni bir film çəkiblər. İmran Qasımovun ssenarisi əsasında 1943 -cü ildə hazır olan film bu dəfə “Sovqat” adlandırılıb.
1953-cü ildə kinostudiyada “Doğma xalqıma” bədii-sənədli filminin istehsalı başlayıb. Filmin quruluşu rejissor Yan Fridə tapşırılıb. Görkəmli rus kinorejissoru M. Rommun xahişindən sonra isə Hüseyn Seyidzadəyə Yan Fridlə birgə bu filmi çəkməyə icazə verilib. Beləliklə, 1954-cü ildə Azərbaycanda ilk rəngli bədii-sənədli film müvəffəqiyyətlə çəkilib ekranlara buraxılıb. Məhz bundan sonra Hüseyn Seyidzadəyə müstəqil olaraq tammetrajlı bədii film çəkmək həvalə olunub.
1956-cı ildə ekranlaşdırdığı “O olmasın, bu olsun” filmi Hüseyn Seyidzadə yaradıcılığının şah əsərdir. Film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər olsa da, onun müvəffəqiyyətinə kölgə sala bilmədi. Məsələn, bazarda qoçuların davası, Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. Əsassız olaraq nöqsan kimi göstərilirdi. Amma buna baxmayaraq, film bütün dünyanı dolaşdı və rejissora böyük şöhrət gətirdi.
“Koroğlu” ilə o, bədii kinomuzda ilk genişekranlı film yaratdı. Film Moskvada ciddi dəyişiklərə məruz qalsa da, ekranlara yol tapa bildi.
Hüseyn Seyidzadənin yaradıcılıq həyatında ciddi münaqişələr də olub. Məsələn, onlardan biri “Var olun, qızlar” filminin ssenarisi ilə bağlı idi. Novruz Gəncəli bu filmin ssenarisinin ona məxsus olduğunu bildirirdi. Əslində isə, ssenarini Alla Axundova ilə Hüseyn Seyidzadə yazmışdı. Uzun məhkəmə çəkişmələrindən sonra A. Axundova və H. Seyidzadənin müəllifliyi təsdiq olundu. Ancaq filmin rejissor işi H. Seyidzadəyə deyil, Eldar Quliyevə həvalə olundu. Müstəqil rejissor kimi sonrakı illərdə də o, öz mübarizəsini davam etdirdi.
“Yenilməz batalyon” filmini çəkdi. Bu film tarixi hadisələr əsasında çəkilmişdi və dövrün hadisələrini real formada əks etdirirdi. Elə milli kinomuzun qiymətli nümunələrindən olan “Dəli Kür” də İsmayıl Şıxlının tarixi hadisələrə söykənən eyniadlı romanının ekran variantı idi. Bu film də onun mübarizələrlə zəngin yaradıcılığının qiymətli nümunəsi idi. 1970 -ci ildə film ekranlara çıxarıldı. Film Moskvada senzuranın qəzəbinə tuş oldu. Filmdən bir çox epizodlar çıxarıldı. Doğrudur, həmin epizodlardan bəziləri xalq yazıçısı İsa Hüseynovun səyi nəticəsində bərpa edildi. Amma Ümumittifaq ekranlarında film həmin epizodlarsız nümayiş olundu.
Bu filmdən düz 9 il sonra ona yeni film çəkmək qismət oldu.1978-ci ildə o, sonuncu filmi “Qaynana”nı çəkdi. Həm ilk, həm də son bədii tammetrajlı filmi ilə Hüseyn Seyidzadə adını Azərbaycanın kino tarixinə həkk edib. Qarşısına çıxan, maneələrə, haqsızlıqlara rəğmən. Bu 9 il ərzində Hüseyn Seyidzadə bir neçə dəfə böyük haqsızlığa düçar olur. Xüsusən də “Qatır Məmməd” filmi ilə bağlı yaranan problem ona mənən böyük zərbə vurur. İlkin variantda “Gəncəbasarlı qisasçı” adlanan bu film studiyanın 25 oktyabr 1970 -ci il tarixli əmri ilə Hüseyn Seyidzadəyə verilir. Filmi çəkilməyə başlayanda H.Seyidzadə açıq demişdi ki, bizim ssenarini niyə ruslar yazmalıdır. Çünki 1970-ci ildə rejissorluğu H.Seyidzadəyə verilən bu filmin ssenarisi moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoporta həvalə olunmuşdu.
Hüseyn Seyidzadə ssenariyə öz əlavələrini etməklə çəkilişi başa çatdırır. Hətta film barədə o dövrün mətbuatında da məlumatlar yer alıb. Lakin kimlərinsə oyunu nəticəsində film 1974-cü ildə Hüseyn Seyidzadədən alınır. Səbəb kimi “ssenari üzərində öz bildiyi əməlləri həyata keçirib, filmi istədiyi kimi lentə alması, 1973 -cü il dövlət planını pozub, filmi vaxtında təhvil verilməsi” göstərilir. Beləcə, 4 illik əziyyətdən sonra filmi yenidən çəkmək üçün başqa rejissora verirlər.
Bu, Hüseyn Seyidzadənin kino taleyində aldığı ən böyük zərbə idi. Növbəti zərbə “Dərviş Parisi partladır” filmilə bağlıdır. Bu kinolent də bizə məlum olmayan səbəblərdən Hüseyn Seyidzadənin əlindən alınıb, başqa rejissora verilib. Beləcə, Hüseyn Seyidzadənin mübarizələrlə dolu həyatı 1979-cu ildə sona yetdi.
Amansız ölüm onun çox arzularını yarımçıq qoydu. Hüsen Seyidzadə xan qızı Natəvan haqqında film çəkmək istəyirdi. Özü deyirdi ki, insan dünyaya ona görə gəlir ki, yaşasın, çalışsın, nəyinsə naminə mübarizə aparsın. Xoşbəxt olsun. Amma mən anadan olandan taleyimlə əlbəyaxayam.
O, həqiqətən də, bütün qəlbi ilə sənətinə, xalqına bağlı idi. Belə olmasaydı, Rac Kapurun dəvətini qəbul edib Hindistana gedər, vəd edildiyi kimi, filmləri dünyaya çıxarılardı. O, bu təklifi qəbul etmir. Doğma Vətənini, Azərbaycanını başqa ölkəyə dəyişmir. Burada qarşılaşdığı haqsızlıqlara, ədalətsizliklərə, maneələrə, ağrılara baxmayaraq, millətinə, xalqına, vətəninə bağlı bir sənətkar kimi yaşadı və həyatını bu cür başa vurdu.
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.