UNESCO-nun mənzil qərargahında Azərbaycan mədəni irsinin təqdimatı keçirilib

Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş Assambleyası UNESCO-nun baş konfransı çərçivəsində noyabrın 18-dən 20-dək təşkilatın mənzil qərargahında keçiriləcək.

Azərbaycan Ümumdünya İrs Komitəsinə seçilmək üçün namizədliyini irəli sürüb. Bununla əlaqədar olaraq müvafiq təbliğat kampaniyası həyata keçirilir.

Kampaniya çərçivəsində oktyabrın 15-də Parisdə, UNESCO-nun mənzil qərargahında  Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan mədəni irsinin təqdimatı mərasimi və ziyafət təşkil olunub.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov təqdimat mərasimini açaraq ölkəmizin UNESCO-ya 1992-ci ildən üzv olmasından, keçən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu əməkdaşlığa verdiyi dəyərli töhfələrdən və dəstəkdən danışıb.

A.Kərimov ölkəmizin UNESCO-nun mədəniyyət sahəsində 5 konvensiyasını ratifikasiya etdiyini və onların milli və beynəlxalq səviyyədə mövcud mexanizmlər vasitəsilə həyata keçirildiyini bildirib.

Mədəniyyət və turizm nazirinin müavini  Sevda Məmmədəliyeva UNESCO-nun baş direktoru İrina Bokovaya və qurumun bütün əməkdaşlarına Azərbaycan mədəni və təbii irsini nümayiş etdirmək üçün imkan yaratdıqlarına görə təşəkkür edib.

S.Məmmədəliyeva müstəqilliyimizin ilk illərindən başlayaraq, ölkəmizin UNESCO ilə daimi və sabit əməkdaşlıq və qurumun bir çox layihələrində fəal iştirak etdiyini vurğulayıb. O, bu əməkdaşlığın inkişafında, canlanmasında və güclənməsində əvəzolunmaz rolu olan UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Mədəni və təbii irsin qorunmasının əhəmiyyətinə toxunan nazir müavini Azərbaycanın Fransa, İtaliya və bir çox digər ölkələrdə konservasiya və bərpa layihələrinə verdiyi dəstəkdən danışıb.

O, həmçinin IDEA təşkilatının təbii irsin qorunması, təşviqi, bioloji müxtəlifliyin zənginləşməsi və yerli ekosistemlərin qorunması sahəsində həyata keçirdiyi böyük işləri diqqətə çatdırıb.

Nazir müavini seçiləcəyi təqdirdə ölkəmizin Ümumdünya İrs Komitəsinin daha da inkişaf etməsinə və səmərəli fəaliyyət göstərməsinə öz texniki töhfələrini və Dünya İrs Konvensiyasına tövsiyələr təklif edəcəyini bildirib.

Ümumdünya İrs Komitəsində mədəni irs üzrə ekspert Rizvan Bayramov çıxış edərək ölkəmizin mədəni və təbii irsin qorunması və idarə olunması sahəsində təcrübəsi, eləcə də yüksək peşəkarlıqla həyata keçirilən bərpa və konservasiya layihələri haqqında ətraflı məlumat verib. O, azərbaycanlı ekspert və alimlərin Avstriya, İtaliya, Almaniya, Fransa və İrandan olan həmkarları ilə əməkdaşlığından danışıb.

Fransalı arxeoloq Bertiy Lyone Azərbaycanın müxtəlif rayonlarında aparılan arxeoloji qazıntılar haqqında danışıb.

Qeyd edək ki, seçiləcəyi təqdirdə ölkəmizi Ümumdünya İrs Komitəsində mədəni irs üzrə ekspert Rizvan Bayramov  təmsil edəcək.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında