Dünyanın hər yerində davam edən iqtisadi və maliyyə böhranları fonunda ildən-ilə uğurlu göstəriciləri sıralayan Azərbaycan Respublikasının tərəqqisi bədxahlarımızı ciddi narahat edir. Məhz o narahatlığın nəticəsidir ki, müxtəlif beynəlxalq təşkilatları təmsil edən ayrı-ayrı siyasətçilər ölkəmizə qarşı təzyiq və təhdidlər silsiləsini reallaşdırmağa çalışırlar.
Həmin qərəzlı dairələrin haqsız və ədalətsiz mövqeyi, bir tərəfdən özlərinə qarşı ikrah, nifrət və gülüş hissləri yaradır, digər tərəfdən isə bu haqsızlıqları görən istənilən azərbaycanlı gənc müstəqil dövlətimizin inkişafını təmin edən siyasi kursun müdafiəsinə qalxır. Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə münasibət məsələsində də biz həmin tendensiyanın şahidi olduq. Bəzi əcnəbi siyasətçilərin həmin seçkinin nəticələrinə indidən kölgə salmaq cəhdləri ölkə ictimaiyyəti tərəfindən böyük etiraz və qınaqla qarşılandı. Təbii ki, bədxahlarımızı davamlı və ciddi şəkildə qınayan ən böyük zümrə məhz ölkə mətbuatının təmsilçiləri oldu.
Kütləvi informasiya vasitələrindən, məlum olduğu kimi, oktyabrın 2-də Bakıda “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda keçirilən seminar-müşavirədə bu məsələ daha qabarıq şəkildə öz təsdiqini tapmışdı. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edənlər əvvəlki seçkilər kimi, bu seçkinin də şəffaf, ədalətli və obyektiv keçirilməsi üçün hər bir vətəndaşın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etmişlər. Xüsusilə vurğulamışlar ki, bu məsələdə mətbuatın rolu daha böyükdür. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, respublikamızın 23 illik müstəqillik tarixində keçirilən bütün seçkilərdə mətbuatın sərbəst iştirakı təmin olunub. Bu da ölkəmizdə bütün seçkilərin şəffaf, demokratik, ədalətli keçirilməsinə imkan yaradıb. Əlbəttə, müəyyən nöqsanlar istisna deyil, heç bir ölkə nöqsanlardan tam sığortalanmayıb. Lakin ümumilikdə ölkəmizdə keçirilən seçkilər ədalətli, demokratik, şəffaf seçkilər kimi dəyərləndirilib. Dövlət rəsmisinin fikrincə, bu seçkilər də istisna olmayacaq: “Seçkilər cəmiyyətdəki sabitlikdən, ovqatdan, ictimai-siyasi mühitdən və bütövlükdə, yaradılan şəraitdən asılıdır. Bu şərtlər daxilində artıq MSK bir institut kimi formalaşıb, fəaliyyətini təkmilləşdirib. Bu gün ən yüksək standartlar səviyyəsində seçki keçirməyə qadir bir quruma çevrilib.”
Ekspertlər qeyd edirlər ki, Azərbaycan postsovet ölkələri arasında istənilən seçkini həm daxili, həm də xarici müşahidəçilər üçün maksimum səviyyədə açıq elan etmiş azsaylı ölkələrdən biri və bəlkə də birincisidir. Bizim reallaşdırdığımız seçkilərin hamısını yüzlərlə əcnəbi, minlərlə yerli müşahidəçilər izləyir. Prezident Administrasiyasının rəsmisinin həmin tədbirdə səsləndirdiyi fikir isə sübut edir ki, builki parlament seçkilərindəki müşahidəçilərin sayı daha da çox olacaq. Belə ki, qeyri-rəsmi məlumatlara görə bu gün ölkəmizdə 20 mindən artıq mətbuat təmsilçisi vardır. Əli Həsənov isə heç bir fərq, məhdudiyyət qoymadan istənilən jurnalistə seçkiləri müşahidə etmək imkanının verildiyini söyləyir: “Jurnalist vəsiqəsi kifayət edir ki, hər bir mətbuat nümayəndəsi seçkiləri əvvəldən axıra qədər müşahidə etsin. Buna görə də biz mətbuatı seçkilərin mühüm bir daxili aktoru, tərəfi kimi dəyərləndiririk. Mətbuatın vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının necə olmasını öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdıran yeganə tərəfsiz institut rolunu mətbuat oynayır. Bəzən MSK-nın verdiyi rəyi bəzi dairələr, qüvvələr, xüsusən də məğlub olan namizədlər obyektiv dəyərləndirməyə bilər, amma mətbuat tərəfsiz olaraq bu məsələləri obyektiv dəyərləndirir. Bu baxımdan mətbuatın rolu əvəzsizdir”. Fikrimizcə, Azərbaycanda hər bir jurnalistin vəsiqəsini təqdim etməklə seçkiləri müşahidə edə bilməsi beynəlxalq aləmdəki bədxahlarımızın qarayaxma kampaniyasının tamamilə əsassız olduğuna sübutdur.
Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev isə müasir dünya reallıqlarını nəzərə alaraq maraqlı arqumentlər səsləndirib. Onun fikrincə, noyabrın 1-də keçiriləcək parlament seçkiləri ölkəmiz üçün taleyüklü məsələdir və mətbuat vasitələrinin həmin siyasi hadisənin uğurla reallaşmasına böyük töhfə verəcəyi gözlənilir. “Hər gün ölkənin aparıcı KİV-ində seçkilərə hazırlıqla bağlı müxtəlif məzmunlu materialların dərci bu marağın ödənilməsinə dəstək baxımından mühüm əhəmiyyət daşımaqdadır”, — deyən Mətbuat Şurasının təmsilçisi əlavə edib ki, əvvəllər olduğu kimi, media orqanlarının bu dəfə də seçki kampaniyasının ayrı-ayrı namizədlərinin platformalarının işıqlandırılmasına geniş yer ayıracağı şübhəsizdir.
Xatırladaq ki, son on ildə ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, seçki prosesində də kifayət qədər keyfiyyət dəyişiklikləri olmuşdur. Prezident İlham Əliyev öz çıxışlarından birində həmin keyfiyyət dəyişikliklərini “ölkədə formalaşan seçki mədəniyyəti” adlandırmışdı. Belə ki, əvvəllər seçkiqabağı təbliğat-təşviqat kampaniyasından başlayaraq səsvermənin nəticələrinin elan olunmasından sonrayadək namizədlərin bir- birinin ünvanına təhqiramiz ifadələr işlətməsi, birinin digərini “ifşa etməsi” kimi yolverilməz hallar istənilən qədər idi. İndi isə seçkidə məğlub olan namizədin qalib gəlmiş namizədi təbrik edərək uğurlar arzuladığı barədə çoxsaylı faktlar məlumdur. Çox təəssüf ki, əvvəllər ölkə mətbuatı da həmin çirkli kampaniyaların iştirakçılarından biri idi. Bu gün isə vəziyyət başqadır.
Mətbuat Şurası sədrinin müavini həmin vəziyyəti bu şəkildə ifadə edir: “Müqayisə üçün demək istəyirəm ki, ötən parlament seçkiləri öncəsi, seçki günü KİV-in qanunvericiliyin tələbinin, habelə peşə davranışı qaydalarının prinsiplərini pozması halları 2005-ci ilin parlament seçkiləri ilə müqayisədə təxminən 50 faiz aşağı olub. Güman edirəm ki, noyabrın 1-də keçiriləcək seçkilər bu baxımdan daha sivil mənzərənin müşahidə edilməsi ilə yaddaqalan olacaq”.
Bir sözlə, bütün ümumxalq və ümumdövlət əhəmiyyətli məsələlərin hamısında haqqın, hüququn, obyektivliyin carçısı olan Azərbaycan mətbuatı noyabrın 1-də keçiriləcək parlament seçkilərində də öz ədalətli mövqeyini nümayiş etdirəcəkdir. Doğrudur, Azərbaycan mətbuatının bu mövqeyi bəzi bədxahlarımızı elə indidən qıcıqlandırır. Ancaq dövlət başçımızın dediyi kimi, biz öz fəaliyyətimizi kiminsə xoşuna gəlmək və ya kiməsə nümunə göstərmək üçün reallaşdırmırıq. Biz əsas məqsəd kimi Azərbaycanın hərtərəfli inkişafını hədəf götürmüşük və bu məqsədimiz kimi narahat edirsə, qoy etsin. Onsuz da bu məramımızı alqışlayanlar daha çoxdur.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.