Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət-qadın siyasətinin tərkib hissəsi olaraq istedadlı qadınların fəaliyyətlərinin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Qadınların əl işlərindən ibarət sərgilərin təşkil olunması da bu tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 5-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda sərgi təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək deyib ki, bu gün muxtar respublika qadınları dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, sosial-iqtisadi, elmi və mədəni inkişafa öz töhfələrini verirlər. Xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşadan qadınlara da xüsusi diqqət göstərilir. Gənc qızların müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, keçəçi, dərzi, ağac üzərində oyma və sairə peşə kursları təşkil olunur. 2012-ci ildə “Milli dəyərlər ili” ilə əlaqədar 71 istedadlı qadının 428, 2014-cü ildə “Muxtariyyət ili” ilə əlaqədar 157 istedadlı qadının 343 rəsm və əl işi sərgi-satışlara çıxarılıb. Həmçinin 2014-cü ildə və bu ilin ötən dövründə 150-dən artıq istedadlı qadının 392 rəsm və əl işinin satışı təşkil olunub. Bu gün qadınların əl işlərindən ibarət növbəti sərginin keçirilməsi də qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi, Naxçıvanın qədim tarixini və müasir inkişafını ilmələrə, tablolara köçürməklə qorumaq və yaşatmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Ramilə Seyidova göstərilən diqqət və qayğıya görə muxtar respublika qadınları adından minnətdarlıq edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək deyib ki, yaradılan şəraitin nəticəsində muxtar respublikada istedadlı qadınların sayı ildən-ilə artıb, onların əl işlərindən ibarət sərgilərin təşkili ənənə halını alıb. Bu gün Naxçıvan Rəssamlar Birliyinin üzvü olan qadın rəssamlar yaradıcılıq emalatxanaları ilə təmin olunub, onlardan 2-si “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülüb. Bugünkü sərgidə nümayiş etdirilən rəsm əsərlərinin müəllifləri sırasında Naxçıvan Rəssamlar Birliyinin üzvü olan qadınlar da vardır. Qadın rəssamlar yaradılan şəraitdən bəhrələnərək bundan sonra da öz əsərlərində Naxçıvanın qədim tarixini və müasir inkişafını tərənnüm edəcəklər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərgidə iştirak edən qadınları təbrik edib, təşkilatçılara təşəkkürünü bildirərək deyib: “Muxtar respublika qadınları müstəqillik illərində” sərgisinin milli dəyərlərimizə həsr olunması onun əhəmiyyətini daha da artırır. Hər bir xalqın milli dəyəri onun milli kimlik pasportudur. Ona görə də milli dəyərlərin qorunub-saxlanılması və yaşadılması vacib məsələdir. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu milli dəyərlərin yaşadılması, milli-mədəni irsə qayıdış siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da milli dəyərlərin yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Qadınların əl işlərindən ibarət sərginin təşkili də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Ali Məclisin sədri deyib: Milli dəyərlərin yaşadılması sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdirilməlidir. Aid dövlət təşkilatları yaradılan şəraitdən istifadə edərək fəaliyyətlərini gücləndirməli, milli dəyərlərin əsas daşıyıcıları olan qadınlar bu işdə yaxından iştirak etməlidirlər. Hər bir kəndə, rayona xas olan milli dəyərlər muxtar respublikanın, muxtar respublikada toplanan milli dəyərlər isə ümumilikdə Azərbaycan xalqının milli dəyərlər sisteminə daxildir. Ona görə də bu cür sərgilər Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayon mərkəzlərində də təşkil olunmalı, istedadlı qadınların fəaliyyətinə dəstək verilməlidir.
Ali Məclisin sədri milli dəyərlərimizin yaşadılmasında qadınlara uğurlar arzulayıb, sərgi ilə tanış olub.
Məlumat verilib ki, bu gün muxtar respublika qadınları xalqımıza xas adət-ənənələrin, qədim el sənətinin qorunub saxlanmasına və təbliğinə öz layiqli töhfələrini verirlər. Bunun nəticəsidir ki, sərgidə muxtar respublikada yaşayan 126 istedadlı qadının müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 753 yaradıcılıq nümunəsi nümayiş olunur. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, dekorativ, tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma və oyma işləri, xalçalar, toxuculuq nümunələri, mis üzərində döymə və bir-birindən maraqlı digər dekorativ tətbiqi sənət nümunələri maraqla qarşılanıb.
Naxçıvan xalçaçılıq məktəbinin qədim tarixi vardır. Bu torpaqda xalqımızın qədim mədəniyyətini, məşğuliyyətini və həyat tərzini özündə əks etdirən dəyərli xalça nümunələri yaradılıb, bu sənət nəsildən-nəslə ötürülərək yaşadılıb. Bu gün də muxtar respublikada xalçaçılıq sənətinin inkişafına xüsusi diqqət yetirilir. Gənc qızlar tərəfindən toxunan xalçalar, hazırlanan tikmə və toxuma işləri milli dəyərlərimizi nümayiş etdirən nümunələr sırasında diqqəti cəlb edir. Sərgidə nümayiş etdirilən xalçaların üzərində milli ornamentlərin, xüsusilə də Naxçıvan abidələrinin əks olunması isə böyük maraq doğurub.
Muxtar respublikada rəssamlıq fəaliyyətinin dəstəklənməsi, yaradıcılıq emalatxanalarının istifadəyə verilməsi, rəsm əsərlərinin sərgilərinin təşkil olunması qadınların bu sahəyə marağını artırıb. Sərgidə rəssamlıq istedadı olan qadınların müxtəlif mövzu və janrlarda qələm, yağlı və sulu boya ilə işlənmiş maraqlı rəsm əsərləri, rəngkarlıq nümunələri nümayiş etdirilirdi. Dəri üzərində qabartma üsulu ilə hazırlanmış tətbiqi sənət əsərləri işlənmə texnikası və orijinal görünüşü ilə qadınların yüksək bədii-estetik zövqünü təcəssüm etdirir.
Xalqımıza xas milli ornamentlərin daşıyıcısı olan geyimlərin yaşadılmasına Naxçıvanda xüsusi diqqət yetirilir. Muxtar respublikada tarixən ipək və yundan müxtəlif naxışlı zərif geyimlər, baş örtükləri hazırlanaraq məişətdə geniş istifadə edilib. Bu sahə ilə məşğul olan qadınların ərsəyə gətirdiyi qədim geyim nümunələri sərgidə xüsusi yer tuturdu.
Ali Məclisin sədri sərginin xalqımızın qədim adət-ənənələrini, milli dəyərlərini əks etdirdiyini bildirib, sərgilərin təşkilinin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb, istedadlı qadınlara texniki köməkliyin göstərilməsi, onların iştirakı ilə müvafiq yaradıcılıq dərnəklərinin açılması barədə tapşırıqlar verib.
Sərgi 10 gün davam edəcəkdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.