“Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi”

Mirzə Ələkbər Sabir Fondu bu sahədə araşdırmanın nəticələrini açıqladı

“Bu gün radio və televiziya aparıcılarının nitqində rast gəlinən müxtəlif səpgili dil nöqsanları efir üçün qəbuledilməzdir, bu cür hallar  aparıcıların qeyri-peşəkarlığı ilə yanaşı, dövlət dilinə olan ögey münasibətinin də nəticəsidir”. Bu fikirlər Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Prezidenti Yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  reallaşdırdığı “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” adlı layihənin yekun təqdimatında səsləndirildi.

Fondun rəhbəri Sevda Tahirli qeyd etdi ki, layihənin üçüncü mərhələsi Azərbaycan ədəbi dilinin radio və televiziya verilişlərində tətbiqi zamanı yol verilən qüsurlara və onların aradan qaldırılması yollarına həsr edilib. Onun sözlərinə görə, monitorinq zamanı televiziya və radio aparıcıların dil-lüğət tərkibində səslərin kəmiyyət baxımından yanlış tələffüzü, leksiki və üslubi xətalara, qeyri-etik ifadələrin efirdə səslənməsinə, məntiqi səhvlərə və sair hallara rast gəlinib.

Mövzu ətrafında İctimai Televiziya kanalının “Müzakirə vaxtı” verilişində jurnalistlərin, QHT təmsilçilərinin, gənclərin də iştirakı ilə müzakirələr aparılmış, məsələnin həlli yolları axtarılmışdır.

Monitorinqi aparan ekspertlərdən biri Bakı Dövlət Universitetinin professoru , Əməkdar jurnalist Nəsir Əhmədli jurnalistlərin, xüsusilə də radio və televiziya aparıcılarının nitq mədəniyyətinin yüksək olmasının, dilimizin qanunauyğunluqlarına riayət etmələrinin əsas şərt olduğunu vurğuladı. Sovet dövründə radio və televiziya məkanında  ənənəvi diktor məktəbinin formalaşdığını deyən natiq onların Azərbaycan dilinin incəliklərini mükəmməl mənimsədiklərini, dilimizə olan ciddi münasibəti vurğuladı.

Efir məkanında aparıcıların nitqində rast gəlinən nöqsanların adət halı aldığını vurğulayan BDU-nun professoru Alxan Bayramoğlu bunun qarşısının alınmasında  layihənin əhəmiyyətini qeyd etdi. Mövzu ilə bağlı çıxış edən Azərbaycan radio və televiziyası efirinin veteran diktorlarından Ofeliya Sənani, Həqiqət Cabbarlı, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni və digər iştirakçılar dilimizin saflığının, zənginliyinin qorunması və ictimaiyyətə çatdırılmasında Azərbaycan diktor məktəbinin gənc nəsil üçün örnək olduğunu vurğuladılar.

Tədbirdə həmçinin müzakirəyə çıxarılan problemin həllini tapması üçün ilk növbədə uşaq yaşlarından ana dilinə sevgi aşılanması, təhsil müəssisələrində şagirdlərin Azərbaycan dilini dərindən mənimsəməsi üçün müxtəlif müsabiqə və yarışların təşkili, mütaliəyə marağın artırılması, eləcə də ictimai qınağın gücləndirilməsi tövsiyə edildi.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında