Şabranda şeir bayramı

Azərbaycan Yazıçılar Birliyinin üzvü, beş kitab müəllifi Aybəniz Əliyarın adına bağlı şeir bayramına qatılmaq üçün Şabrana yollanmışdıq. Tədbirin keçirildiyi Xaqani Poeziya Evinin qarşısında ayaq saxlayıb ulu şairin möhtəşəm abidəsinə baş əydik. Məşhur misralarını xatırladıq: “Bənzəyir kündə ayağımda dəyirman daşına, Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim...” Sələfindən fərqli olaraq, Aybənizin söz dəyirmanı, qanlı göz yaşı ilə deyil, sevgi dolu ürəyinin gücünə işləyir”.

Aybəniz Əliyarın yenicə çapdan çıxmış “Qürubda günəş” adlı şeirlər toplusu ətrafına çoxsaylı poeziya aşiqlərini toplamışdı. Yeni kitabın uğurlanmasında Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov da iştirak edirdi. Yeri gəlmişkən, tədbirin keçirildiyi poeziya evinin tikilib ərsəyə gəlməsi, önündə böyük Əfzələddin Xaqaninin abidəsinin ucaldılması və burada bir çox ədəbi məclislərin təşkili də elə sözə-sənətə ürəkdən bağlı olan gözəl yazıçı N.Nəcəfoğlunun adı ilə bağlıdır.

Rayon mədəniyyət və turizm şöbəsinin əməkdaşı Şəfiqə Məmmədova, kitabın redaktoru Məzahir Zeynal, Şabranda yaşayan yazıçı Aydın Tağıyev, AYB -nin şimal bölgəsi üzrə sədr müavini Zakir Məmməd, “Ulduz” jurnalının əməkdaşı Fərqanə Mehdiyeva, Quba, Xaçmaz və Şabranda fəaliyyət göstərən ədəbi məclislərin sədrləri - Ramiz Qusarçaylı, Fərzalı Ziyanur və Qafar Süleymanlı, Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun direktoru İbrahim İlyaslı, “Zərif” qadın ədəbi məclisinin sədri Xatirə Fərəcli, nasir-tərcüməçi Arif Ərşad, “Şabran” qəzetinin redaktoru Çingiz Xalidoğlu, yerli şairlərdən Təvəkkül Kərim, Bayram Novruz, həmçinin  jurnalist Sevinc Məmmədova və Səlma Tağılı yeni kitab haqqında ürək sözlərini söyləyib, müəllifə böyük yaradıcılıq sevincləri dilədilər. Əsas fikir bu oldu ki, Aybənizin kövrək ürəyi, meh qanadlı duyğuları çiçəyə, kəpənəyə dönüb şairənin poetik qənaətlərini süsləyə bilir. O, özəl hiss və həyəcanlarını işığa, azad fikir dərgahına çıxarmağa can atır. Ustalıqla sözdən “söz çıxarır”, qürurlu və uğurlu şeirlər yazır.

 

Bir arı tapılmaz oyatsın məni,
Uyuyub qalaram çiçəkdə baltək...

 

Tanınmış yazıçı Novruz Nəcəfoğlu ölkəmizdə sözə-sənətə get-gedə daha yüksək qayğı göstərildiyini, bölgələrin mədəni həyatının xeyli canlandığını vurğuladı. O, Aybəniz Əliyarın yaradıcılığını yüksək dəyərləndirdi. Rayonun mədəni həyatında xidmətlərinə görə şairəyə icra hakimiyyətinin fəxri fərmanı təqdim edildi.  

Sonda kitabın müəllifi tədbirə qatılan hər kəsə minnətdarlığını bildirdi və yeni şeirlərini oxudu:

 

Arıçıyam, bal kəsənəm,
Dəmirçiyəm, nal kəsənəm.
Söz üstündə yol kəsənəm,
Bu yol mənim yolumdur...

 

Ədəbiyyatımıza daha bir mübarək imzanın gəldiyini təsdiqləyən “Qürubda günəş”in yaddaqalan təqdimatı Şabranda günün qürub çağına qədər davam elədi.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
Fotolar Şakir Rəhmanındır


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında