Avropa ölkələri ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün, demək olar ki, Avropa ölkələri ilə bütün sahələrdə əməkdaşlıq davam edir.
Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin Avropaya inteqrasiyası istiqamətində həyata keçirilən beynəlxalq tədbirlər daha intensiv xarakter almışdır. Avropanın elə bir ölkəsi yoxdur ki, orada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı tədbirlər keçirilməmiş olsun. Biz istəyirik ki, Avropa xalqlarının mədəniyyəti ilə Azərbaycan mədəniyyətinin sintezindən xalqlarımız daha çox faydalansın, mədəni əlaqələr bizi daha da yaxınlaşdırsın. Əlbəttə, bu, bizim dövlətin mədəniyyət siyasətinin əsas istiqamətlərindəndir. Və bu siyasət Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində öncül yer tutur.
Son on ildə Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun Avropa ölkələri ilə mədəni əlaqələrin inkişafına həsr etdikləri tədbirləri saymaqla qurtaran deyil. Azərbaycanın zəngin mədəniyyəti Avropa ölkələrini həmişə təəccübləndirib, onlar bizim milli-mənəvi dəyərlərimizə xüsusi maraq göstəriblər.
Avropalılar yaxşı bilirlər ki, Azərbaycan qədim mədəniyyətə malik tolerant ölkədir. Avropa ölkələrinin nümayəndələri “Bakı prosesi ” adlanan ümumdünya mədəniyyətlərarası dialoq forumlarında iştirakları zamanı bunun bir daha şahidi olublar. Prezident İlham Əliyev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı mərasimində demişdir: “Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, biz qlobal arenada bu müsbət dəyərlərin təşviqində müvafiq rol oynamağa çalışırıq. Azərbaycan müsəlman dünyasına mənsub olan ölkədir, eyni zamanda, onun Avropa ilə güclü bağlılığı var. Müsəlman dünyasının ilk demokratik respublikası 1918-ci ildə Azərbaycanda yaradılıb və dərhal qadınlara seçki hüququ verilib. Bu da bir sıra Avropa ölkələrindən əvvəl baş tutub. Beləliklə, bizim etnik və mədəni özünəməxsusluğumuz, habelə Avropanın təsiri cəmiyyətimizdə xüsusi ab-hava yaradıb. Əsrlər boyu biz dəyərlərimizi qoruya bilmişik. Biz fərqli siyasi və ictimai şəraitdə yaşamışıq, müxtəlif dövlət və imperiyaların tərkibində olmuşuq. Artıq biz müstəqilik, ancaq bu müsbət meyil davam edir və bu dəyərlərin təşviqi məsələsinə sadiqik.”
“Bakı prosesi”nin əsası 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda keçirilmiş Avropa Mədəniyyət Nazirlərinin Konfransında qoyulmuşdur. İlk dəfə Azərbaycanın təşəbbüsü ilə Avropa tədbirinə on İslam ölkəsi dəvət edilmiş və qarşılıqlı etimadı möhkəmləndirmək üçün mühüm layihələr irəli sürülmüşdür. Bununla Azərbaycan öz iqtisadi imkanlarından tək öz inkişafı üçün deyil, eyni zamanda, Avropa ilə İslam dünyası arasında etibarın və dialoqun bərpası üçün də istifadə edir və buna sadiqliyini 2009-cu ildə İslam ölkələri mədəniyyət nazirləri toplantısına bir sıra Avropa ölkələrini dəvət etməklə, həmçinin Dünya forumları çərçivəsində Avropaya xüsusi önəm verməklə sübut etmişdir.
Avropa ölkələrində Azərbaycan mədəniyyətinə hədsiz maraq var. Bunu həmin ölkələrdə mədəniyyətimizlə bağlı keçirilən sərgilər, festivallar və Azərbaycan mədəniyyəti günlərinin nəticələri də təsdiqləyir. Mədəniyyət və Turizm Nazirliyinin Avropanın iri şəhərlərində təşkil etdiyi mədəniyyət tədbirləri böyük maraqla qarşılanmış, milli-mənəvi dəyərlərimizin özünəməxsusluğunu bir daha təsdiqləmişdir. Fransa, İtaliya, İngiltərə, Avstriya, Almaniya, Macarıstan, Rumıniya, Bolqarıstan İsveçrə və digər Avropa ölkələri bizim mədəniyyət və incəsənətimizlə artıq tanışdırlar. Azərbaycanın tarixi və mədəniyyət abidələri, qeyri- maddi mədəniyyət nümunələri mənzil qərargahı Fransada yerləşən UNESCO-nun Dünya İrs Siyahısına salınmışdır. Doğrudan da, Azərbaycan mədəniyyəti artıq Avropanı fəth etməkdədir. Bu, müstəqil Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərdəndir.
Bəli, biz mədəniyyətimizin Avropaya inteqrasiyası yolunu seçdik. Avropa isə bizim xoş niyyətlərimizi qiymətləndirməyi bacarmadı. Görün məsələ nə yerə gəlib çatıb ki, bu qədər uzunmüddətli inteqrasiya cəhdlərimiz Avropa tərəfindən ölkəmiz əleyhinə qəbul edilmiş absurd qətnamələrlə qarşılandı. Bu il sentyabrın 10-da Avropa Parlamentinin qəbul etdiyi qərəzli və ikili standartların layiqli nümunəsi hesab oluna bilən qətnaməsi Azərbaycanda, sözün həqiqi mənasında, şok effekti yaratdı. Axı həmin günə qədər bizim yaxşı əməkdaşlığımız davam etmişdi. Avropa İttifaqının, eləcə də digər Avropa təşkilatlarının səlahiyyətli nümayəndələri mütəmadi olaraq ölkəmizə səfərlərə gəlir, tərəfdaşlıq münasibətlərimizin dərinləşdirilməsi lüzumundan danışır, ölkədə insan hüquq və azadlıqları sahəsində görülmüş işlər haqqında müsbət rəylər verir, lazımi tövsiyə və məsləhətlərini irəli sürür, gənc bir ölkənin demokratiya yolu ilə irəliləməsi üçün öz təcrübələrini bölüşürdülər. Mədəniyyətimiz isə Avropa ölkələrində yüksək səviyyədə təbliğ olunur və böyük maraqla qarşılanırdı. Elə bu yaxınlarda Heydər Əliyev Fondunun Fransada təşkil etdiyi tədbirlər bunu sübut etmirmi?
Hələ 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etmiş xalqımızın ümummilli lideri Heydər Əliyev ölkənin Avropaya inteqrasiya yolu ilə gedəcəyini cəsarətlə bəyan etmiş, demokratik islahatlar aparmaq, hüquqi dövlət qurmaq, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmaq niyyətini bəyan etmişdi. Azərbaycanın SSRİ-nin tərkibindən yenicə qopduğu, digər tərəfdən də, qonşu Ermənistanın təcavüzünə məruz qaldığı bir vaxtda ölkənin bu istiqamətə prioritet verdiyini bəyan etməsi asan idimi?! Bəlkə avropalı parlamentarilər üçün belə bir bəyanatla çıxış etməyin necə ağır siyasi nəticələr verə biləcəyini görmək bir qədər çətindir. Amma Azərbaycanın məhz belə bir inteqrasiya yolu seçdiyinə görə nə qədər təzyiqlərlə üzləşdiyini xalqımız yaxşı bilir.
Sonrakı illərdə, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə də bu siyasi və strateji xətt davam etdirildi. Bu gün də Azərbaycan Avropaya inteqşrasiyadan dönmək fikrində deyil. Artıq Azərbaycan Prezidentinin şəxsi təşəbbüsləri sayəsində mədəni əlaqələrin inteqrasiyası üzrə nə qədər mühüm layihələr həyata keçirilməkdədir. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə mütəmadi olaraq həyata vəsiqə qazanan layihələrdir.
Azərbaycan milli və dini tolerantlıq ənənələrini ortaya qoyaraq dünyada sivilizasiyalararası dialoqun yaranması məsələsində Avropaya, onun bir sıra beynəlxalq təşkilatlarına öz dəstəyini verməyə cəhd göstərib. Məqsəd məhz ondan ibarət olub ki, Avropa və Asiya ölkələri digər dinlərin nümayəndələri arasında düşmən axtarmasın, bütün sivilizasiyaların vahid məkanımız olan Yer kürəsində birgə yaşamasına heç bir maneə olmadığını göstərsin. Bu məqsədlə dünyanın hər bir guşəsindən ictimai-siyasi xadimlər, görkəmli alimlər, Nobel mükafatı laureatları, mədəniyyət adamları Bakıda bir araya gələrək dünyanın, mədəniyyətlərin, sivilizasiyaların gələcəyi ilə bağlı narahatlıqlarını bölüşüblər. Bu proseslər yenə davam etdirilir. Hər il, yaxud iki ildən bir bu və ya digər beynəlxalq mədəni tədbir keçirilir. Rəsmi Bakı, onun rəhbərliyi, şəxsən Prezident İlham Əliyev bu istiqamətdə hər cür səylər göstərməyə hazırdır.
Dünya üçün böyük əhəmiyyət daşıyan “Evrovizion” mahnı müsabiqəsinin Bakıda böyük təntənə ilə keçirilməsini bizim Avropa Parlamentindəki dostlarımız nə tez unutdular?! Bakı həmin günlərdə dünyanın mərkəzi rolunu oynayırdı. Avropadan, Asiyadan, Amerikadan, Afrikadan gözlər Bakıya dikilmişdi. Məgər bu, Bakının Avrointeqrasiya arzu və meyillərindən irəli gələn bir tədbir deyildimi?
Son illər ərzində Heydər Əliyev Fondunun, eləcə də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Avropa ölkələri ilə mədəni əlaqələrin inkişafına həsr etdikləri tədbirlər daha intensiv xarakter alıb. Avropa mədəniyyətinin Azərbaycanda və Azərbaycan mədəniyyətinin isə Avropada təbliği sahəsində nə qədər addımlar atılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropa mədəniyyət abidələrinin ayrı-ayrı nümunələrinin təmiri işinə dəfələrlə dəstək verilib. Vatikanda aparılmış yenidənqurma işləri yaxşı yadımızdadır. Eyni zamanda, fond tərəfindən bu yaxınlarda Parisdə və Fransanın digər şəhərlərində “Azərbaycan günləri” keçirildi. Bütün bunlar Avropaya inteqrasiya proseslərini daha da dərinləşdirmək məqsədi daşıyır və Azərbaycanın bu yoldan dönmədiyini aydın şəkildə göstərir. Təbii ki, bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyinin də ciddi layihələri olub və hazırda bu xətt davam etdirilir. Nazirlik bu gün də Avropa mədəniyyətinin Azərbaycanda təbliği işinə yeni-yeni töhfələr vermək haqqında düşünür. Təbii ki, məqsəd ondan ibarətdir ki, Avropa xalqlarının mədəniyyəti ilə Azərbaycan mədəniyyəti bir-birinə daha çox yaxınlaşsın, bu qarşılıqlı zənginləşmədən hər iki tərəf faydalansın.
Bəs bizim Avropa ilə əlaqələrimizin inkişafı istiqamətində səylərimizə Avropa necə cavab verir? Avropa Parlamentinin deputatları qəbul etdikləri son qətnamə ilə bu inteqrasiya proseslərinə nə qədər ağır zərbə vurduğunu düşünürlərmi? Qətnamə ilə bağlı Azərbaycan xalqının mövqeyini Prezident İlham Əliyev bu günlərdə Çexiyanın dövlət başçısı ilə görüşündə belə ifadə etdi: “Bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır. Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşlər, bizi şantaj etmişlər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratsınlar. Burada, əlbəttə, biz erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar, pis olmaz”.
Əlbəttə, Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsi ölkə ictimaiyyəti, o cümlədən mədəniyyət və incəsənət xadimlərimiz tərəfindən ciddi etirazla qarşılanıb. Bu, həm də uzun illərdən bəri ölkəmizdə Avropa dəyərləri kimi təbliğ olunan dəyərlərin ikili standartlardan başqa bir şey olmadığı qənaətini doğurur. Axı Azərbaycan vətəndaşı həmişə Avropanı demokratiyanın beşiyi hesab edib.
Bütün bu deyilənlərlə bərabər, qeyd etməyi lazım bilirik ki, obyektivlikdən uzaq belə qətnamələrlə Azərbaycana təsir etmək, onu tutduğu yoldan döndərmək qeyri-mümkündür. Azərbaycan demokratik inkişaf , insan hüquq və azadlıqlarına hörmət, mədəni əlaqələrin genişləndirilməsinə qayğı yolunu bundan sonra da davam etdirəcək. Həm özünü Avropaya təqdim, həm də Avropanı Azərbaycanda təbliğ etmək üçün imkanlarını əsirgəməyəcək. Ona görə də Avropa Şərqdə ilk demokratik respublika qurmuş bir ölkəyə - Azərbaycana qarşı münasibətində ədalət və səmimiyyət hissindən uzaqlaşmamalıdır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.