“Arşın mal alan” filmi Hollivudda nümayiş olunub

1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmi Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunub.

Konsulluqdan  APA-ya verilən məlumata görə, bu, “Arşın mal alan” filminin Hollivudda ilk premyerası kimi tarixə düşüb. Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında təqdim edilib.

Filmin nümayişindən əvvəl Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev film barədə məlumat verib. Baş konsul 2001-ci ildə Heydər Əliyevin bu filmin bərpa edilməsini tövsiyə etdiyini diqqətə çatdıraraq, tamaşaçıları həmin çıxışın video-yazısına baxmağa dəvət edib. Sonra Heydər Əliyevin çıxışı nümayiş olunub. N.Ağayev Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə filmin 2013-cü ildə bərpa edildiyini və rənglənmiş versiyasının təqdim edildiyini vurğulayaraq bunun tarixi hadisə olduğunu, “Arşın Mal Alan” filminə yeni həyat qazandırdığını bildirib. Diplomat, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında  Heydər Əliyev Fondunun Azərbaycanda və dünyanın müxtəlif ölkələrində musiqi və mədəniyyətimizin təşviqi istiqamətində gördüyü işlər barədə də tamaşaçıları məlumatlandırıb. Baş konsul, Los Anceles və Kaliforniyanın 6 digər şəhəri tərəfindən 18 sentyabrın “Üzeyir Hacıbəyli Günü” elan edildiyini deyib.

Rəşid Behbudovun qızı Rəşidə Rəşid çıxışında filmlə bağlı atasından eşitdiyi xatirələri tamaşaçılarla bölüşüb. R.Rəşid, filmin bərpasına və rənglənməsinə görə  Heydər Əliyev Fonduna təşəkkür edərək, bunun Azərbaycan mədəni irsinə böyük töhfə olduğunu bildirib. R.Rəşid, “Arşın mal alan” filminin Los Anceles kimi dünya kino sənayesinin mərkəzində nümayiş olunmasının tarixi hadisə olduğunu vurğulayıb.   

Daha sonra filmin bərpasını və rənglənməsini həyata keçirən Hollivud şirkətinin rəhbəri İqor Lopatonok, eləcə də vizual effektlər üzrə 2002-ci ildə Oskar mükafatı almış, 21 Ceyms Bond filminin bərpasını həyata keçirmiş Prays Petel (Price Pethel) və Sony Pictures, Walt Disney Studios kimi tanınmış kinoşirkətlərinin filmlərinin tərtibatçısı Ceyn Hiks çıxış ediblər.

Sonra film nümayiş etdirilib. Nümayişə Los-Ancelesdə yaşayan kinosevərlər, jurnalistlər, müxtəlif ölkələrin Los Ancelesdəki baş konsulları və konsulluq əməkdaşları, ictimai-siyasi qurumların nümayəndələri və digər şəxslər olmaqla 650 nəfərə yaxın tamaşaçı qatılıb.

Qeyd edək ki, nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, “Arşın mal alan” filminin isə 70 illiyinə həsr olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında