Bir neçə gün əvvəl — sentyabrın 14-də mətbuatda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncamı oxuyarkən ürəyimdən keçən ilk söz bu oldu ki, həqiqətən, bizim mədəniyyətimizi dövlətin qayğı və diqqəti inkişaf etdirir. O sənədi oxuyanda hamı kimi mən də sevindim. Çünki bu sərəncam xalqımızın musiqi sənətinin, mənəvi dəyərlərinin qorunub saxlanmasında xüsusi xidməti olan insanların zəhmətinə, əməyinə, yaradıcılığına verilən qiymət idi.
Həmin sərəncamda adıçəkilən sənət adamlarının bir neçəsi ilə söhbət etdikdən sonra isə eşitdiyim mülahizələrin hamısını bir cümlə ilə ifadə etmək istədim. Ümumi fikir belə idi: “Son on ildə elə bir ay olmur ki, mədəniyyət xadimlərinə dövlət qayğısı göstərilməsi barədə rəsmi sənəd imzalanmasın. Birinin yubileyi keçirilir, birinin xatirə günü, birinə fəxri ad verilir, birinə orden-medal, biri mükafatlandırılır, biri fəxri təqaüdə layiq görülür, birinin qastrolu təşkil olunur, birinin fərdi konserti və sairə”. Fakt ondan ibarətdir ki, dövlət qayğısının miqyası genişləndikcə sənət adamlarının peşəkarlığı və uğurları da sürətlə artır.
Ömrünün qırx ilə yaxın dövrünü sənət adamları, mədəniyyət xadimləri ilə təmaslarda keçirmiş qələm sahibi kimi qətiyyətlə deyə bilərəm ki, Azərbaycan mədəniyyəti heç zaman indiki qədər dövlət qayğısı ilə əhatə olunmayıb. Doğrudur, ulu öndər Heydər Əliyevin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə də musiqi mədəniyyətimizin təmsilçiləri daim dövlətin qayğı və diqqəti ilə əhatə olunurdular. Ancaq o zaman bütün addımların Moskva ilə razılaşdırılması zərurəti üzündən musiqiçilərimiz indiki qayğını görə bilmirdilər. Tanrının xalqımıza bəxş etdiyi və Heydər Əliyevin məharətlə qoruyub saxladığı dövlət müstəqilliyimizin sayəsində cəmiyyətin bütün zümrələri kimi mədəniyyət xadimlərinin də üzünə gün doğmuşdur.
İndi artıq bizim musiqi mədəniyyətimiz dünya musiqisinin ən nüfuzlu nümunələrindən birinə çevrilmişdir. Çünki son illər mədəniyyətimizin inkişafı ilə bağlı reallaşdırılan layihələr milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayır. Ötən hər il mədəniyyətin inkişafı sahəsində uğurlu il kimi qiymətləndirilir. Yadımda qalan bəzi məqamları qeyd etmək istəyirəm. Hər il ölkəmizdə möhtəşəm mədəniyyət tədbirləri keçirilir, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində mühüm işlər görülür. Ötən il respublikamızda “Mədəniyyət konsepsiyası”nın qəbul edilməsi Azərbaycanın mədəni həyatında ən önəmli hadisələrdən olmuşdur. Elə həmin il 50-yə yaxın yubiley tədbirləri keçirilmiş ( bu il onların sayı daha çoxdur), tarixi abidələr və mədəni irsin qorunması sahəsində bir çox tədbirlər reallaşdırılmışdır. Üzeyir Hacıbəyli, Qara Qarayev, caz musiqisi festivallarının və digər beynəlxalq festivalların təşkili, Qəbələ klassik musiqi festivalının, Şəkidə I beynəlxalq teatr festivalı və teatr konfransının keçirilməsi, Moskvadakı Böyük teatrda, eləcə də Kaliforniyada Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin premyerası və s. deyilənlərə sübutdur.
Mətbuatdan oxuyuruq ki, “Mədəniyyət konsepsiyası” əsasında “Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafı üzrə Dövlət Proqramı (2014-2018-ci illər)”. “Dövlət rəsm qalereyalarının perspektiv inkişafı üzrə Dövlət Proqramı (2015-2025-ci illər)”, “2014-2020-ci illərdə Azərbaycan qeyri– maddi irsinin qorunmasına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya işinin və kitab sənətinin 2015-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2015-2020-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın layihələri hazırlanmışdır. Ölkəmizin əsas mədəniyyət mərkəzlərindən birinə çevrilən Qəbələ şəhərində ardıcıl olaraq yeddi dəfə təşkil olunan beynəlxalq musiqi festivalları xalqımızın, mədəniyyətimizin və ölkəmizin bütün dünyadakı imicini ildən-ilə artırır.
Qeyd etdiyim kimi, bütün bunlar bizim mətbuatdan oxuduğumuz məlumatlardır. Ancaq şəxsən şahidi, bir çox hallarda isə bilavasitə iştirakçısı olduğum faktlar da var ki, onlar mədəniyyətimizin inkişafını göstərən konkret faktlar kimi heç zaman yadımdan çıxmayacaq. Məsələn, ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılmasını mən Azərbaycan mədəniyyətinə göstərilən qayğının ən ali nümunələrindən biri olaraq qəbul edirəm. Fotomüxbir kimi həmin kompleksin təməlinin qoyulmasında, istifadəyə verilməsində və orada keçirilən onlarla tədbirdə iştirak etdiyimə görə həm əcnəbilərin, həm də yerli ziyalıların, sənət adamlarının bu kompleksi yaradanlara çoxsaylı minnətdarlığını eşitmişəm.
Bundan başqa, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iki ildən bir keçirilən respublika muğam müsabiqələrində də mən daim iştirak edir və gənc muğam ifaçılarının seçilib ərsəyə gətirilməsini böyük məmnunluqla işıqlandırıram. Bu fakt məni təkcə mətbuat təmsilçisi kimi deyil, həm də bir azərbaycanlı, vətəndaş kimi məmnun edir. Eləcə də, mən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsisçiliyi ilə nəşr olunan “Muğam” jurnalının ərsəyə gəlməsi prosesində iştirak etdiyim zaman ( jurnalın bir neçə sayında verilmiş fotoşəkillərin əksəriyyətini mən çəkmişdim) dövlətin bu sənətə göstərdiyi qayğı və diqqətin canlı şahidinə çevrilmişdim.
Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırılan çoxsaylı tədbirlərin iştirakçılarından biri kimi qətiyyətlə deyə bilərəm ki, fondun ərsəyə gətirdiyi “Qarabağ xanəndələri” musiqi albomunun əks-sədasını indi də, az qala hər gün eşidirik. Yəni bu gün, bütövlükdə Azərbaycan mədəniyyəti, eləcə də, o mədəniyyətin əsas tərkib hissələrindən olan musiqi mədəniyyətimiz, sözün həqiqi mənasında, həm qorunur, həm də sürətlə inkişaf etdirilir. Çünki bizim mədəniyyətimiz Azərbaycan dövlətinin və ulu öndərimizin adını daşıyan fondun gündəlik qayğısı ilə əhatə olunmuşdur. İstənilən muğam ifaçısı ilə söhbətimizdə bu qədim xalq sənətinin qorunmasında, inkişaf etdirilməsində və beynəlxalq aləmdə təbliğ edilməsində dövlət başçımızın adı ilə Heydər Əliyev Fondunun adının yanaşı çəkildiyinin şahidi oluruq. Bu isə xalqın qədirbilənliyinin nümunəsidir.
Rafiq SALMANOV,
Əməkdar mədəniyyət işçisi,
“Xalq qəzeti”
(foto müəllifindir)
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.